Modern.az

20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı…

20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı…

20 Yanvar 2020, 12:39

20 Yanvar faciəsinin 30-cu il dönümüdür. O dəhşətli günün mənzərəsi demək olar ki, hamının gözündə eyni acı ilə təsvir olunur.

 

Maraqlıdır, bəs, tanınmış jurnalistlər həmin günü harada olublar, onlar 20 Yanvar günü nə ediblər?

 

Hərbi maşın avtobusu yolun bir kənarına atdı, heç bilmədik ki,  sağ qalan oldu, ya yox...

 

Modern.az-a bununla bağlı danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 20 Yanvar gününü belə təsvir edib:

 

 

“Yanvarın 19-u axşam Prezident Aparatının qarşısında mitinqlər keçirilirdi. Hardasa axşam 8-ə işləmiş mən evdə idim.Tez-tez Prezident Aparatının qarşısına gedib-gəlirdim. Televiziya yayımı dayandıqdan sonra qardaşımla İçərişəhərə, mitinq olan yerə getdik. Düzdür,  televiziyanın yayımı dayandırmağının səbəbi tam bilinmirdi, amma arası kəsilmədən söhbətlər gedir, mitinq davam edirdi. Bizim ev “Salyanyanski” kazarmasının yanında idi.

 

Yadımdadır, artıq axşam saat 11-də, 12-ə işləmiş evimizin qarşısında avtobus dayanmışdı. Təxminən saat 12-nin yarısı olardı, bir hərbi maşın həmin avtobusu  yolun bir kənarına atdı, eyni vaxtda da atəş səsləri eşidilməyə başladı.

 

Heç bilmədik ki, həmin avtobusda olanlardan sağ qalan oldu, ya yox. Gecədən səhərədək göydən qurğuşun kimi mərmi yağdı. Biz həyət evində yaşadığımız üçün səhəri gün həyətdən xeyli mərmi yığmışdıq. 21 yanvar, yəni o hadisənin səhəri günü şəhər döyüşdən çıxmış bir obrazda idi, hava tutqun idi, hərbi maşınlar da o tərəf bu tərəfə gedib fövqəladə vəziyyət haqqında əmri oxuyurdu. İnformasiyanı az-çox Azadlıq radiosundan, ara-bir də Lənkəran radiosundan ala bilirdik. Bakı televiziyası işləmirdi, sonra bir-iki gün Şuşa televiziyası işlədi, onun vasitəsi ilə xəbərləri ala bildik. 21-i günorta saat 12-də Prezident Aparatının qabağında yenə da adamlar yığılmışdı. Həmin ərazidə üzlərindən vəhşilik yağan hərbçilər də var idi. Sonrakı günlər həmin hərbçiləri görmədik. Sonra yadımdadır ki, ayın 21-i , ya da 22-i idi dəqiq xatırlamıram, Elmlər Akademiyasının binasında ziyalılar yığışdı, Anar, Elçin Azərbaycan ziyalılarının etiraz bəyanatını oxudular ki, bütün dünyaya bunu çatdıraq. Millət özünü 20 Yanvar səhəri çox köməksiz hiss edirdi. Amma sonradan dəfn prosesində, mübariz ovqatla, qisas alınacağı hissi ilə özünə gəldi”.

 

Məcbur öz məhləmizdə gəzişməklə kifayətləndik...

 

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı hamı kimi 20 Yanvar günü küçələrdə olduğunu deyir:

 

“20 Yanvar günü hamı kimi küçələrdə idim, Prezident Aparatının qarşısındakı mitinqdə çıxış edirdik. Bibimoğlu rayondan bizə qonaq gəlmişdi. Qardaşım axşam saat 11-ə qalmış dedi ki, gedib evdə çörək yeyək. Yolda gedə-gedə gördük ki, uşaqlar tonqal qalayıb ki, guya ki, gələn tankların qarşısını kəssinlər. Biz evə çatıb yemək yeməyə başlayanda atışma, qırğın başladı. Çölə çıxmaq istəyəndə anam, həyat yoldaşım dedilər ki, hara gedirsiz? Atam da əliyalın olduğumuza görə küçəyə çıxmağa imkan vermədi. Biz də elə məcbur öz məhləmizdə gəzişməklə kifayətləndik”.

 

Qisas, qorxu, nifrət, çaşqınlıq: Deyirdilər ruslar Bakıda adamları qırıb...

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə hadisə vaxı rayonda olub: “Mən o zaman orta məktəbdə oxuyurdum. Kəndimizdə faciədən elə həmin axşam xəbər tutduq. Ucqar Kəlbəcərin ucqar bir kəndi...

 


 

Bölgələrdə vəziyyət çox fərqli idi. Düşünürəm ki, əksər bölgələr bizm kimi olub. Tam məlumatsızlıq, nə baş verdiyini bilmirdik. Yalnız onu deyirdilər ki, ruslar Bakıda insanları qırıb. Dəqiq məlumat olmayanda uydurma fikirlər, təxəyyüllər meydan sulayır, axı.  Bu mənada çox çaşqınlıq idi. Qisas, qorxu, nifrət hissi biri-birinə qarışmışdı. Məlumat almaq üçün ümid yeri yalnız Azadlıq radiosu idi.

 

Orta məktəbdə oxusam da o vaxt institut tələbələri ilə dostluq edirdim. Bəlkə buna görə idi ki, yaşıma uyğun olmayan işlərin altına girirdim. Balaca bir kənddə 20 Yanvar faciəsindən zərər çəkənlərə 751 rubl pul və 2 maşın ərzaq toplayıb Bakıya göndərdim. Qəribə idi e, kənd sakinləri bir məktəbli uşağa necə inanırdılar...

 

O vaxt komsomol üzvlüyündən imtina etdim, məsələ böyüdü.  Rayon Komsomol Komitəsinin ikinci katibi məktəbimizə gəldi.

 

Elə bilirəm ki, danışdıqlarım hər bir bölgənin o zamankı yaşıdlarıma xarakterik olub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir