Modern.az

Novruz Məmmədov əsəbləşdi: “Belə olmaz axı! Bu cür sözlərə uyub yazmaq olmaz”

Novruz Məmmədov əsəbləşdi: “Belə olmaz axı! Bu cür sözlərə uyub yazmaq olmaz”

21 Yanvar 2020, 12:44

Seyid Əzim Şirvaninin Daşkənndə yaşayan nəticəsi Seyid Fatma 2013-cü ildə tanınmış jurnalist Aida Eyvazlıya müsahibəsində Azərbaycana gəlmək istədiyini ancaq buna bəzi şəxslərin mane olduğunu bildirib.

 

Seyid Fatma o zaman Şamaxının deputatı Elxan Süleymanovun və Prezidentin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədovun ona maneə yaratdığını deyib.

 

Aida Eyvazlının yazdığı hissəni təqdim edirik:

 

Ölkəmizin  Özbəkistandakı fövəqladə və səlahiyyətli səfiri Hüseyn Quliyev 2013-cü ildə Seyid Əzim Şirvaninin Daşkənddə  nəticəsi olduğu xəbərini eşidən kimi xanımla görüşmək istəmişdi və iki saat sonra  Azərbaycan səfirliyində bu görüş baş tutmuşdu. Həmin gündən də cənab səfir öz səlahiyyətlərindən istifadə edərək, Azərbaycanın müxtəlif instansiyalarına məktublar yazaraq,  böyük mütəfəkkirin nəticəsinin heç bir sənədi olmadığını, ona Azərbaycan vətəndaşlığının verilməsi zərurətini və babasının Şamaxıdakı məzarını ziyarət etmək arzusunda olduğunu rəsmi yazışma və  sənədlərlə çatırdı. Səfir Hüseyn Quliyev bu ailəni sözün əsil mənasında himayəyə götürdü.

 

Ötən 7 il ərzində dəfələrlə cənab səfirə zəng edib, işin hansı mərhələdə olduğunu soruşurdum. Hər dəfə də deyirdi ki, inan ki, mən özüm də artıq o qadından utanıram, cavab gözləyirəm ki, onu Bakıya göndərim.

 

Cavab isə gecikir, gecikirdi. Sonra isə Bakıda  etibarlı mənbələrdən öyrəndim ki,  səfir Hüseyn Quliyevin məktubu o zaman Prezidentin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədova həvalə edib.(söhbət 2013-2015-ci ildən gedir) Səfirliyin narahatçılığına baxmayaraq, məktubun taleyi ilə şöbədə heç kim maraqlanmayıb.

 

Beləcə, Novruz Məmmədov bu işə  etinasız yanaşaraq əhəmiyyət verməyib, Seyid Fatma Quliyevanın barəsindəki məktub bir daha üzə çıxmayıb. Sən demə, administrasiyanın qeyd olunan şöbəsindən səfirliyə bildirilib ki, Seyid Fatmanın  1992-ci ildə ailə həyatı quran qızı Nərgiz Mehtiyevanın həyat yoldaşının guya “erməni əsilli” olması səbəbindən onların Azərbaycana gəlməsi arzuolunmaz hesab edilib. Halbuki Səfirlik araşdırmalarının nəticəsi olaraq bu xəbərin yanlış olduğunu N.Məmmədovun köməkçisinə çatdırıb.

 

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Novruz Məmmədovla əlaqə saxlayıb. O, saytımıza açqılamasında bu məsələdən heç vaxt xəbərinin olmadığını bildirib:

 

“Təkcə mənim yox, şöbədən də kiminsə xəbəri yoxdur. Seyid Əzim Şirvaninin nəticəsinin Azərbaycana gəlmək istəməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Mümkün deyil. Əgər elə bir şey olsaydı, bu iş başqa strukturlarla getməli idi. Belə məsələ xarici siyasət şöbəsinə gəlib çıxa bilməzdi.

 

Seyid Əzim Şirvani Azərbaycanın böyük mütəfəkkirlərindəndir. Həqiqətən də vicdanlı şəxslərdən olub. Həqiqət üzərində mübarizə aparıb. Onun nəticəsinin belə fikirlər deməsi məni çox təəssüfləndirdi”.

 

Novruz Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Xarici siyasət məsələləri üzrə şöbə ilə əlaqə saxlayın:

 

“Müraciət məsələsi nağıl kimi olmur. Bunun üçün sənəd gəlməli, harasa göndərilməli idi. O sənədi axtarın, tapın görüm kimə gedib?! Belə olmaz axı! Bu cür sözlərə uyub yazmaq olmaz. Vaxtilə çalışdığım şöbə yerindədir. Onlardan soruşun və bilin ki, məktub onlara gəlib çatıbmı?!. Müraciət olunubmu?!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir