Modern.az

Beş «Qremmi» laureatı Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək

Beş «Qremmi» laureatı Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək

Aktual

23 Yanvar 2020, 12:01

Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş «Qremmi» mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

 

Virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə «Qremmi» mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə «Qremmi» mükafatı alan ilk müğənnidir.

 

Dayan Rivs, həmçinin Corc Kluninin altı «Oskar» qazanmış «Gecəniz xeyrə və uğurlar» (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə «Qremmi»yə layiq görülüb.

 

Onun sonuncu «Gözəl həyat» («Beautiful Life») albomu da 2015-ci ildə «Qremmi» alıb.

 

Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib. Truba ifaçısı, bəstəkar Uinton Marsalis və Linkoln Mərkəzinin Caz Orkestri ilə birgə ifalarını yazdırıb, səhnəyə çıxıb. O, həmçinin Daniel Barenboimin dirijorluğu ilə Çikaqo Simfonik Orkestri ilə çıxışını lentə aldırıb, Berlin Filarmoniya orkestrinin solisti olub.

 

Dayan Rivs Los Anceles Filarmoniyasının caz üzrə ilk bədii rəhbəri və məşhur Uolt Disney konsert zalında çıxış edən birinci vokalist olub.

 

O, Berkli Musiqi Kolleci və Culyard Musiqi Məktəbinin fəxri doktoru dərəcəsini alıb. 2018-ci ildə ABŞ-ın Milli İncəsənət Fondu Dayan Rivsi ABŞ-da caz ifaçıları üçün ən yüksək təltifə – «Caz ustası» («Jazz Master») adına layiq görüb.

 

Heydər Əliyev Mərkəzindəki konsertin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı