Modern.az

Fazil Məmmədovun bankında nə baş verir?

Fazil Məmmədovun bankında nə baş verir?

24 Yanvar 2020, 11:58

Keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus “Atabank”ın üzərində qara buludlar dolaşmaqdadır. Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra "Atabank" ASC-də ilkin araşdırmalar aparılıb.

 

Araşdırmalar nəticəsində “Atabank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Hazırda AMB-də yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.

 

Bütün banklarda olduğu kimi "Atabank"da da əhalinin qorunan əmanətləri tam sığortalansa da, müştərilər depozitlərini geri çəkməkdə maraqlıdırlar.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda ən böyük problem qanunlara zidd formalaşan məmur biznesidir:

 

“Məmurlar vəzifələrini itirdikdə, bu, onların biznesinə də mənfi təsir göstərir. Bu, Azərbaycanda “xroniki xəstəlik”dir. Amma “Atabank”ın özündə həm idarəetmə, həm menecmentlik, həm də kredit startegiyası ilə bağlı ciddi problemlər vardı və üst-üstə yığıldıqca, qabarmağa başladı. Yəni “Atabank”da indi qabaran problem bir günün məsələsi deyil. Son iki ildir ki, bankda ciddi problemlər yaşanır, ödənişlərdə və öhdəliklərin yerinə yetirilməsi vədəsi yetişdiyi üçün getdikcə vəziyyət daha da kəskinləşdi. Artıq elə bir həddə çatıb ki, bankın fəaliyyət göstərməsi mümkünsüzdür. Həm depozitlərin qaytarılması, həm öhdəliklərinin yerinə yetirilməsilə bağlı ciddi problemlər var”.

 

Ekspert problemdən çıxış yollarını da sadalayıb:

 

“Bunun həlli iki yolla mümkündür. Bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ya “Atabank”ın rəhbərliyi böyük məbləğdə kredit cəlb etməlidir. Amma indiki şəraitdə bu, mümkün görünmür. Çünki batmaq üzrə olan banka kiminsə kredit verməsi risklidir. İkinci yol hər hansı böyük banklarla alqı-satqı, yaxud birləşdirilməyə gedilməsidir. Bunun üçün iri banklardan biri məsuliyyəti öz üzərinə götürərək, aktiv və passivlərini araşdıraraq, qərar verməlidirlər. Sonuncu variant bankın bankrot elan olunmasıdır ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin qaytarılması təmin olunsun. Burada da vəziyyət elə bir həddə çatıb ki, Fondda da böyük vəsait yoxdur. Əvvəllər bağlanan bankların müştərilərinin əmanətlərini geri qaytarmaq üçün Fond Mərkəzi Bankdan 500 milyon manat kredit götürmüşdü. Heç onu qayatara bilmir. Fonda verilmiş vəsait isə itirilmiş vəsait sayılır. Çünki Əmanətlərin Sığortalanması Fondu o kreditləri geri qaytara bilməyəcək”.

 

Qeyd edək ki, 2019-cu il oktyabrın 1-nə olan vəziyyətə görə, “Atabank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4% az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2% az), balans kapitalı isə 142,636 milyon manat (1,3% az) təşkil edib. Bununla belə, Bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4% az) başa vurub. “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır.

 

Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.

 

“Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir postundaykən rəsmi olmasa da, de-fakto ona məxsus olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu