Modern.az

Milli Qəhrəmanların parlament gözləntiləri: ÇAĞIRIŞ EDƏN DƏ OLDU, “O SEÇİLSƏ, SONUMUZ  NECƏ OLACAQ” deyən də  

Milli Qəhrəmanların parlament gözləntiləri: ÇAĞIRIŞ EDƏN DƏ OLDU, “O SEÇİLSƏ, SONUMUZ  NECƏ OLACAQ” deyən də  

Parlament

25 Yanvar 2020, 09:30

Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Budəfəki  seçkilərə xeyli namizəd axını, fərqli simalar var. Belə olan halda yeni formalaşacaq parlamentdən gözləntilər də müxtəlif olur.

Bəs, Azərbaycanın Milli Qəhrəmanlarının necə, yeni seçiləcək deputatlardan, yeni formaşalacaq Milli Məclisdən gözləntiləri nədən ibarətdir?

 

Azərbaycanın milli Qəhrəmanı Məhəmməd Həsənov hələ ki, heç bir namizədlə görüşmədiyini deyir:

“Milli Məclis tam formalaşandan sonra  müəyyən gözləntilər olacaq. Yəqin ki, səsvermədə iştirak edəcəm. Kimə səs verəcəyimi hələ ki, müəyyənləşdirməmişəm. Namizədlərin fəaliyyəti məni qane eləmir. Elə nazmizəd var ki, onu heç kim tanımır, eləsi də var ki, o seçilsə, sonumuz necə olacaq bilmirəm”.

 

Milli Qəhərman Maşallah Abdullayev Milli Məclisdə gəncləri görmək ümidindədir:

“ Qoca deputatların yerinə parlamentdə gənclər olsa daha yaxşı olardı. Millət vəkili sakinlərin sözünü deməlidir. Yaşlı deputatlardan əvvəl Fərəc Quliyev gənc olanda yaxşı fəaliyyət göstərirdi. İndi amma onun işlərindən də razı deyiləm. İndiki namizədlərin fəaliyyəti hələ ki, məni qane etmir. Düzdür, yerli camaatla görüşürlər, amma nəsə bir  iş gördüklərini düşünmürəm. Deputatlar çalışmalıdırlar ki, seçildikləri dairədə xalqaın gündəlik problemləri ilə müntəzəm maraqlansınlar. Bu baxımdan, görüləcək çox iş var”.

 

Maşallah Abdullayev Tərtər camaatına da çağırış edib:

“Bütün Tərtər camaatını Tərtərdə deputatlığa namizədliyini  irəli sürən keçmiş batalyon komandiri Pənah Məmmədova səs verməyə çağırıram. Əgər mənə imkan versəydilər mən Goranboyda yox, Tərtərdə səs verərdim və Pənah Məmmədovu seçərdim. Bizim parlamentin onun kimi vətənpərvər insanlara ehtiyacı var”.

 

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov yeni formalaşan parlamentdən ordunun gücləndirilməsini, bu sahədə olan problemlərin aradan qaldırılmasını gözləyir:

“Xaçmazdan Şair Ramaldanov, Sumqayıtdan İsgəndər Əlifov və onların timsalında hərbçi dostlarımın parlament seçkilərində namizədliyini irəli sürməyi mənim yeni formalaşan Milli Məclisə ümidlərimi artırır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə, Komitəsində hərbçi deputatların təmsili daha yaxşı olardı. Şəxsən mən hərbçi kimi deputatların orduda olan problemlərlə maraqlanmasını, bu istiqamətdə işlər görməsini istəyərdim. Yasamalda yaşayıram, amma hələ ki, namizədimi müəyyənləşdirməmişəm. Çünki indiyədək mənlə heç bir namizəd görüşməyib.

Onların fəaliyyəti məni qane etmir. Bundan əvvəl Abel Məhərəmov deputat olanda bizlə görüşüb, gücü çatdığı bütün məsələlərdə kömək edirdi. Amma indi heç bir namizəd mənə yaxınlaşıb hansısa problemlə maraqlanmayıb”.

 

 

Milli Qəhrəman Vahid Quliyev yeni seçilən deputatların öz vəzifələrini layiqincə həyata keçirəcəyini gözləyir:

 

“Yeni seçilən deputatlar öz vəzifələrini layiqincə yerinə yetirsələr yaxşı olardı. Kimə səs verəcəyimi hələ ki, bilmirəm. Çünki namizədləri tanımıram. Ötən gün Əkbər Yolçuyev adlı namziəd gəlib əhali ilə görüş keçirdi. Çox gənc və enerjili idi. Belə gənclər parlamentdə yer alsa uğurlu nəticələr əldə etmək olar. Deputatlar vaxtı-vaxtınmda əhali ilə görüşsə, insanların problemlərini tribunada dilə gətirsə camaat da onlardan razı qalar. Belə olan halda deputat da vicdanı qarşısında rahat olar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır