Modern.az

Maaş artımı həkimlərin “pul yanğısı”nı necə söndürəcək?  

Maaş artımı həkimlərin “pul yanğısı”nı necə söndürəcək?  

Ölkə

27 Yanvar 2020, 11:05

Rəsmilər illərdir bizi Azərbaycanda ödənişsiz səhiyyə xidmətinin mövcud olduğuna inandırmağa çalışsalar da, deyilənlər hələ də bizim üçün xəyal olaraq qalmaqdadır. Bu səbəbdəndir ki, rüşvətsiz səhiyyəni “gördüm” deyən tapılmır. İş o yerə çatıb ki, hətta pasiyentlər müayinə, yaxud müalicə üçün resept yazanda “şirinlik” istəməyən həkimə “birdən yaxşı yoxlamaz” düşüncəsilə məcburən rüşvət verir.

 

Rüşvətə geyindirilən “don” isə həkimlərin, ümumilikdə tibb işçilərinin əməkhaqlarının aşağı olmasıdır. Nəhayət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq etdi. Qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər veriləcək.

 

Maraqlıdır, əlavə ödənişlər səhiyyə işçilərini, həkimləri rüşvətdən çəkindirəcəkmi?

 

Bu barədə Modern.az-a danışan Azərbaycan Tibb Universitetini professoru, həkim Adil Qeybulla cəmiyyətdə həkimlərə qarşı qeyri-adekvat münasibətlərin olduğunu bildirib:

 

“Mətbuatda “həkim terroru” ifadəsi işlədilir. Mən buna yalnız Azərbaycan mətbuatında rast gəlmişəm. Dünyanın hər bir yerində həkim səhvləri olur, amma cəmiyyət tərəfindən bu cür münasibət və müqavimətlə qarşılanmır. Hətta bəzi hallarda insanlarımız pulsuz müalicənin, icbari tibbi sığortanın tətbiq edilməməsinin də məsuliyyətini həkimlərin boynuna atırlar. Cəmiyyət bütün məsələlərin həllini həkimlərdən gözləyir. İcbari tibbi sığorta sosial müdafiənin mühüm elementidir. 1999-cu ildə “İcbari Tibbi Sığorta haqqında” Qanun layihəsi qəbul olunsa da, indiyədək tam şəkildə tətbiq edilmir. Bu işlərə məsul olan qurumlar neçə ildir deyirlər ki, “yanvarın 1-dən bütün respublikada tətbiqinə başlanılacaq”.

 

Hətta bununla bağlı Yevlax, Mingəçevir, Ağdaşda pilot layihə kimi tətbiq edilməyə başladı. Amma görünən odur ki, təcrübə yetmədi. İndi də ölkəni 4 regiona bölərək, icbari tibbi sığortanı tətbiq edəcəklərini bildirirlər. Belə təşkilatçılıqla icbari tibbi sığorta yaratmaq olmaz. İcbari tibbi sığortaya cəlb olunmuş tibb müəssiəsləri, klinikalardakı həkimlərin hər birinin sabiq maaşı olmalıdır. Maaşlara əlavələri kim edəcək, hansı şərtlərlə edəcək? İcbari tibbi sığortada subyetiv məqamlara yol açıldısa, yəni baş həkimin filan əməkdaşdan xoşu gəlir deyə maaşını artıracaqsa, ona əlavə yazacaqsa, bu iş baş tutan deyil. Dövlətin diplom verdiyi hər bir həkim icbari tibbi sığortaya cəlb olunubsa, onun peşəkarlığı təmin edilməlidir. Əgər prosesdə yenə də kimlərəsə seçim imkanları veriləcəksə, öyrəşdiyimiz mühitdən fərqlənməyəcək. Biz Azərbaycansayağı islahatlardan birdəfəlik qurtulmalıyıq. İcbari tibbi sığorta ilə bağlı dünya təcrübəsi ortadadır. Niyə uzaqlara gedirik? İşə beynəlxalq standartlar çərçivəsində baxılmayacaqsa, özbaşına təşəbbüslərlə bu iş alına bilməz”.

 

A.Qeybulla həkimlərin pasiyentə olan münasibətlərinin rüşvətə görə müəyyən edilməsini təsdiqləyib:

 

“Sizinlə razıyam, bu var və sovet dövründən qalmış şeydir. Amma birmənalı şəkildə həkimin əməyinin qarşılığı ödənilməlidir. Vətəndaş ödəyir, yaxud dövlət ödəyir fərqi yoxdur. Bu cür neqativ hallar var və bunu inkar edə bilmərik. Ona görə də sivil münasibətlərin formalaşması üçün icbari tibbi sığorta tətbiq edilməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür