Modern.az

Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE

Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE

27 Yanvar 2020, 17:51

Azərbaycan Mərkəzi Bankında (AMB) 2020-ci il üçün daha bir baş direktor təyinatı olub.

 

Modern.az AMB-yə istinadən bildirir ki, Fərid Tofiq oğlu Osmanov baş direktor təyin olunub.

 

Bununla da AMB-də baş direktorların sayı 7-ə çatdırılıb.

 

Qeyd edək ki, Əli İsmayıl oğlu Əhədov və Toğrul Nəcəfəli oğlu Əliyev 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin ediliblər.

 

F.Osmanov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr dərəcələri ilə, 2013-cü ildə isə həmin universiteti Dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. 2015-ci ilin yanvar ayında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2015-ci ildə isə Böyük Britaniyanın Mançester Universitetinin İdarəetmə və informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsilə bitirib.

 

Əmək fəaliyyətinə 2005-ci ildə Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyalarının inkişafı şöbəsində aparıcı mütəxəssis vəzifəsində başlayıb, 2006-cı ildən həmin şöbədə baş mütəxəssis, 2007-ci ildən həmin departamentin İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi, 2010-cu ildən isə həmin departamentin direktor müavini-İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi vəzifələrində çalışıb. 2013-cü ilin avqust ayindan 2014-cü ilin sentyabr ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib.

 

2014-cü ilin sentyabr ayından 2015-cü ilin sentyabr ayınadək Böyük Britaniyanın Mançester Universitetində təhsil alıb. 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib. 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Hazırda həmin vəzifədə çalışır. Ailəlidir, iki övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir