Modern.az

Cenevrə görüşündən GÖZLƏNTİLƏR: “Ermənistanın mövqeyini özümüz üçün aydınlaşdırmalıyıq”

Cenevrə görüşündən GÖZLƏNTİLƏR: “Ermənistanın mövqeyini özümüz üçün aydınlaşdırmalıyıq”

29 Yanvar 2020, 09:06

Yanvarın 29-30-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə görüşü keçiriləcək.

 

Görüşdən gözləntilər haqqında Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev bildirib ki, münaqişənin həlli ilə bağlı hər hansı irəliləyiş ehtimalı yoxdur:

 

“Ötən il danışıqlarda müəyyən məsələlər müzakirə olunub. Substantiv danışıqların başlanması, humanitar addımlar, girovların dəyişdirilməsi və s. haqqında fikir mübadiləsi aparılıb. Lakin bütün bunlar cüzi məsələlərdir. Danışıqlarda irəliləyişin olmamasına səbəb isə təbii ki, Ermənistanın mövqeyidir. Ermənistanın Baş Naziri Nikol Paşinyanın bəyanatlarından sonra açığı, gözləmirəm ki, danışıqlarda hər hansı irəliləyiş müşahidə edək. Yenə də yaxşı haldır ki, danışıqlar davam edir. Bəzi məqamlar – məsələn, girov götürülənlərin qaytarılması, dəyişdirilməsi prosesi ilə bağlı Ermənistanın 2020-ci ildəki mövqeyini özümüz üçün aydınlaşdırmalıyıq. Ona görə, nazirlərin görüşlərinin bu kimi məsələlərin dəqiqləşdirilməsi cəhətdən əhəmiyyəti var”.

 

Qeyd edək ki, xarici işlər nazirlərinin sonuncu görüşü ötən il dekabr ayının 5-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutub. Görüşdə tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir