Modern.az

Milli rəqslərimiz də müasirləşir - Çiçək yığır, sürmə çəkir...

Milli rəqslərimiz də müasirləşir - Çiçək yığır, sürmə çəkir...

Mədəni̇yyət

30 Yanvar 2020, 12:38

Rəqslər min illərdən bəri həyat tərzimizdə, mədəniyyətimizdə özünə layiqli yer tutan qədim incəsənət növlərindən biridir. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsi xeyli inkişaf etdirə biliblər.

 

Bəs görəsən son illərdə Azərbaycanda yeni rəqs nümunələri yaranırmı?

 

Məsələ ilə bağlı Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, tanınmış rəqqasə Təranə Muradova Modern.az-a danışıb:

 

“Bilirsiniz ki, müasir dövrdə xoreoqrafiya sənəti yüksək sürətlə inkişaf edir. Milli, klassik və müasir rəqslərdə çox böyük irəliləyişlər hiss olunur. Bakı Xoreoqrafiya Akademiyasında müasirləşmiş proqramlar yazılır. Təbii ki, bu proqramların yazılmasını tamaşaçılar bizdən tələb edir. Düşünürəm ki, yeni rəqs növlərinin yaranması dövrün təlabatından xəbər verir. Ancaq milli rəqslərdəki hərəkətlər getdikcə çətinləşir. Hesab edirəm ki, bu çətinlik rəqslərimizin inkişafının bir töhvəsidir. Məsələn, “İnnabı”, ”Turacı”, ”Tərəkəmə”, ”Uzundərə” kimi rəqslərimiz müasir dövrdə çətinləşərək lirik format alıb. Yeni syütalar yaranır, götürək “Odlar Yurdu” syütasını. Burada hərəkətlər yeni yaransa da, lakin müasirləşmiş klassik hərəkətlərdir. Əvvəllər rəqslərdə hərəkətlər göstərən kişilər ayaqlarını 45 dərəcədən yuxarı qaldıra bilməzdilər, ancaq indi hərəkətlərdə 90 dərəcəyədək qaldırmaq imkanları var. Rəqslərdə musiqinin tempi də qalxıb. Ona görə də orta məktəblərdə daha çox müasirləşmiş rəqslərə önəm verilir”.

 

Tanınmış rəqqasə ölkədə peşəkar rəqqasların çox az olduğunu da söyləyib:

 

“Hətta bizim akademiyada modern rəqsləri keçməkdən ötrü siniflər də açılıb. Ancaq ölkədə müasir rəqsləri dərindən bilən peşəkarlar çox az olduğuna görə, biz də məcbur qalıb xaricdən dəvət edirik. Yeni rəqslərin yaranması məsələsinə gəldikdə isə, bildirim ki, rəqslərdə müəyyən tamaşalar qurulur və bu tamaşalara görə rəqsləri adlandırırlar. Bu konteksdən çıxış edərək söyləyim ki, yeni müasirləşmiş hərəkət növü “Çiçək”, “Süzən qızlar”, “Sürmə” və s. hərəkətər yaranıb. Çiçək hərəkətini yerinə yetirən qız rəqsdə guya çiçək yığır, sürmə hərəkətində əllərini gözlərinə apararaq sanki sürmə şəkir. Hər rəqs qurulanda biz onlara adlar veririk. Ancaq bu o demək deyil ki, qədim rəqslər unudulur. Biz hər addımda köhnə rəqslərimizə müraciət edirik. Məsələn, əvvəllər 3 pozisiya vardısa, indi bu rəqəm 5- qalxıb. Hətta çalışırıq ki, ildən-ilə bu pozisiyaları artıraq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır