Modern.az

Ermənilər Qarabağ atlarını da özününküləşdirir – XİN  ARAŞDIRACAQ

Ermənilər Qarabağ atlarını da özününküləşdirir – XİN  ARAŞDIRACAQ

31 Yanvar 2020, 09:20

Ermənilər bu dəfə Azərbaycan xalqına məxsus Qarabağ atlarını özününküləşdirir.

 

Bunun üçün işğal altındakı Xocalının Muxtar kəndində yeni atçılıq mərkəzi yaradıblar.

 

Azərbaycan bunun qarşısını almaq üçün hansı addımları ata bilər?

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Modern.az-a açıqlama bildirib ki, ümumiyyətlə, işğal olunmuş ərazilərimizdə qarşı tərəfin istənilən fəaliyyət növü  qanunsuzdur: “İrslərin dağıdılması, ermənilərin qanunsuz olaraq işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilməsi, abidələrimizin xüsusiyyətlərinin dəyişdirilməsi, mənimsənilməsi, bütün bu elementlər qeyri-qanuni fəaliyyətin tərkib hissəsini təşkil edir. Azərbaycan bütünlükdə işğal olunmuş ərazilərdə, işğalçı Ermənistan  tərəfindən həyata keçirilən bu qanunsuz fəaliyyət məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır və buna qarşı mübarizə aparır. Təbii ki, mümkün olan çərçivədə, həm də üçüncü bir ölkənin qoşulmasının qarşısını almağa çalışır.Yəni bu, davamlı şəkildə həyata keçirilən bir fəaliyyətdir”.

 

Leyla Abdullayeva bildirib ki, Qarabağ atlarının qorunması istiqamətində Xarici İşlər Nazirliyi müvafiq tədbirlər planı həyata keçirir.

 

“Bildirmək istəyirəm ki, Qarabağ atları Azərbaycan xalqının irsinin bir hissəsidir. Onların qorunması istiqamətində Azərbaycan tərəfindən müəyyən işlər aparılır. Bu işlər diplomatik kanallar vasitəsilə həyata keçirilir. Qaldı ki, ermənilərin işğal olunmuş ərazilərdə Qarabağ atları üçün mərkəzin açmasına,  məlumatlar dəqiqləşdirildikdən sonra bu istiqamətdə də işlər aparılacaq. Bilməliyik ki, mərkəzin açılmasında digər dövlətlər, yaxud da hüquqi şəxslər cəlb olunubmu, bu kimi məsələlər öyrənildikdən sonra  müvafiq müstəvidə tədbirlər görüləcək.

Ümumilikdə Ermənistan tərəfindən həyata keçirilən Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyət konteksində nəzərdən keçirilməlidir”.

 

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova isə hazırda Qarabağ atları ilə bağlı olan duruma aydınlıq gətirib.

 

“Dünyada 260 at cinsi var ki, onlardan iki cinsi  Azərbaycana məxsusdur. Bunlar Qarabağ və Dilbaz atlarıdır.Təbii ki, bu atlar bizim milli genefondumuzu təşkil edir. Milli genefondun qorunması üçün ölkə tərəfindən çox ciddi addımlar atılır. Cənab prezident 2017-ci il fevralın 22-də Qarabağ Atçılıq Təsərrüfatı və MMC-nin Atçılıq kompleksinin tikintisi üçün 2 milyon manat vəsait ayırıb. Hazırda kompleksdə Qarabağ cinsindən olan 250 baş at saxlanılır. Onlardan 6 başı törədici ayğır, 50 baş doğar madyan, 60 baş 2019-cu ilin törəmələri,134 baş isə Cıdır və sərgi atlarından ibarətdir. Kompleksdə 28 mütəxxəsis çalışır. Ümumilikdə ölkədə yetişdirilən atların orta hesabla 3, 6 faizi Qarabağ atları təşkil edir”.

 

Esmira Lətifova atların pasportlaşması məsələsinə də toxunub.

 

“Xüsusilə atların pasportlaşması məsələsi də tərəfimizdən aparılır. Çünki pasportlaşma nəticəsində artıq biz bu atları xarici bazarlara da çıxara bilirik. Eyni zamanda beynəlxalq tədbirlərdə iştirak üşün də hazırlaya bilirik. Məqsədimiz odur ki, Qarabağ atları  bütün dünyada tanınsın. Hətta beynəlxalq tədbirlərdə Qarabağ atlarının iştirak etməsi üçün bir çox işlər aparırıq. Nəzərinizə çatdırım ki,Qarabağ atları heç bir ölkəyə satılmır. Çünki onlar bizim milli dəyərlərimizdən biri hesab olunur. Onun satılmasına qətiyən icazə verilmir”.

 

Qarabağ atlarının ermənilər tərəfindən özününküləşdirilməsinə gəlincə, nazirlik rəsmisi bu məsələ ilə onların məşğul olmadığını söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir