Modern.az

Rəsulzadənin heykəli niyə qoyulmur? – “Ona olan borcumuzun bir qismini qaytaraq”

Rəsulzadənin heykəli niyə qoyulmur? – “Ona olan borcumuzun bir qismini qaytaraq”

31 Yanvar 2020, 18:39

“Məhəmməd Əmin Rəsulzadənin heykəli təxminən 20 ildir hazırdır. Görkəmli heykəltəraşımız Ömər Eldarovun emalatxanasında saxlanır. Heykəl harada qoyulacağı, ümumiyyətlə qoyulub-qoyulmayacağı isə hələ də sual altındadır”.

 

Bu sözləri Modern.az-a jurnalist, professor Qulu Məhərrəmli deyib. O xatırladıb ki, son illər hər kəsin bildiyi kimi, Rəsulzadəyə qarşı qərəzli münasibət var:

“Kimlərsə onun adına qısqanclıqla yanaşır. Hər addımda Rəsulzadənin haqqını tapdalamağa, onun xidmətlərini ikinci, üçüncü sıraya atmağa çalışırlar. Halbuki Rəsulzadəyə qarşı bu addımlar ciddi haqsızlıqdır. O, Azərbaycan siyasi təfəkkürünün təmsilçisidir. Azərbaycan müstəqil dövlətinin yaradıcısıdır. Müstəqil Azərbaycanın ilk dövlət başçısıdır. Bütün bunlar ona ehtiramla yanaşmaq, onun irsini öyrənmək, təbliğ etmək üçün əsaslı məqamlardır.

Biz buna görə təşəbbüs irəli sürmüşük. Əvvəllər də belə təkliflər səsləndirilib ki, Məhəmməd Əmin Rəsulzadənin ev muzeyini yaradaq. Biz ona olan borcumuzun bir qismini qaytaraq. Bu borc məsələsi təkcə Rəsulzadəyə aid deyil. Bu bir nəslə, Azərbaycan Cümhuriyyətini yaradan bizim qurucu babalarımıza ola hörmət və ehtiramımızdır”.

 

Ev muzeyinin yaradılması təklifinin reallaşdırılmasına imkanlarına gəlincə, professor hər şeyin yanaşmadan, düşüncədən asılıdır:

“Əgər qərar verilsə ki, muzey yaradılsın. Demək onun adını universitetə qaytarmaq. Orada heykəlini ucaltmaq da mümkündür. Mənə elə gəlir ki, belə bir muzeyin yaradılması, ümumiyyətlə Rəsulzadə adının gün işığına çıxarılması, geniş diqqətə layiq görülməsi Azərbaycan cəmiyyətinin düşüncə həmrəyliyinə şərait yaradacaq”.

 

Qulu Məhərrəmli hesab edir ki, Məhəmməd Əmin Rəsulzadəyə qarşı hiss olunan aqressiya, bəzi məmurların fərqli münasibəti indi o qədər də görünmür:

“Bunun olmamağının özü artıq bizim işimizə köməkdir. Bizə mane olmurlarsa, biz bunu elə kömək kimi qəbul edirik.

İki gün davam edən, Cümhuriyyətimizin qurucusuna həsr olunmuş Beynəlxalq konfrans keçirildi. Bu  ictimai təşəbbüs qrupunun üzvlərinin və diaspora təşkilatlarının birgə işinin nəticəsi idi. Müşahidə etdik ki, insanlar böyük ruh yüksəkliyi, coşğu ilə burada iştirak etdilər. Bu Azərbaycanda nadir hadisələrdən biridir ki, böyük bir tədbir həyata keçirilə bildi. Dediyim kimi, hakimiyyət orqanlarından da bu mənada razıyıq ki, süni maneələr yaradılmadı”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü