Modern.az

Qafqaz Universitetinin rektoru: "Bu dövrdə zorla heç nə əldə edə bilməzsən" - REPORTAJ

Qafqaz Universitetinin rektoru: "Bu dövrdə zorla heç nə əldə edə bilməzsən" - REPORTAJ

Reportaj

4 Aprel 2012, 16:15

Ahmet Saniç: "Problemin çözüldüyü yer var..."

Yolboyu reportajı necə hazırlamağı düşünürdüm. Ünvana çatanda isə sanki bir günlük də olsa, tələbəlik illərinə qayıtmışdım: yenə universitet qapısı, pilləkənlərdən tələsik halda düşən tələbələr, yeməkxana və s....

Amma qapıdan bir tələbə kimi yox, reportaja gələn jurnalist kimi daxil oldum....



Rektorla görüş üçün ikinci mərtəbəyə qalxdıq və  haradan gəldiyimizi bildirdik. Universitet rəhbərini yerində yox idi, gözləməliydik. Fürsətdən istifadə edib rektorun iş otağındakı kiçik bir guşəyə göz gəzdirdik. Orada universitetin fəaliyyəti dövründə qazandığı diplomlar, fəxri fərmanlar, mükafatlar, hədiyyələr yerləşdirilmişdi.



Təxminən 5 dəqiqədən sonra müsahibimiz gəldi və xoş sima ilə bizi qarşıladı. Qonağı olduğumuz Qafqaz Universitetinin rektoru Ahmet Saniç Modern.az saytını izlədiyini bildirməklə söhbətə özü başladı:



“Bildiyiniz kimi, universitetlərin 3 vəzifəsi var. Bunlar tələbə yetişdirmək, yaxşı çalışmaq və sosial məsuliyyət. İctimai məsuliyyət deyərkən, məsələn, kompüterler məktəblərə paylanıb, amma bu kompüterləri çalışdıracaq müəllim yoxdu. Bu bəzi regionlarda, Xırdalanda, yaxud da Sumqayıtda ola bilər. Həmin regionların Təhsil şöbələrinin müdiri ilə bizim işçilər görüşürlər, qərar verirlər ki, bu müəllimlərin kompüter bilgilərini artırmaq üçün kurslar təşkil edək. Biz 3-4 dəfə  Sumqayıtda, Xırdalanda belə kurslar təşkil etmişik. Bu cür layihələri yalnız müəllimlər  deyil, tələbələr də təşkil edir, məsələn, bizim Zeynalabdin Tağıyev tələbə dərnəyi var ki, bu dərnək qurban kəsir, kitablar toplayıb paylayırlar. Bizim məqsədimiz universiteti dörd divar arasına sığışdırmaq deyil, onu tanıtmaqdır”.


Ahmet bəy deyir ki, universitet təhsilinin düzgün qurulması, peşəkar savadlı kadrların yetişdirilməsi Azərbaycanda fəaliyyət göstərən bir sıra nüfuzlu şirkətlərin maraq dairəsindən kənarda qalmır. Belə ki, həmin şirkətlər böyük vəsait ayırmaqla universitetin nəzdində xüsusi labarotoriyaların açılmasına dəstək olaraq, gələcəkdə potensial kadrların inkişafı üçün şərait yaradırlar.





Bunun xeyirli tərəflərini rektor belə açıqladı: “Bizim bir çox şirkətlərlə - “Azercell”, bp,  “Azersun Holdunq”, ”Embawood”la əlaqələrimiz var. Bu əlaqələrin bir çox xeyiri var, birincisi müəllimlər həmin yerlərə gedirlər, təcrübə görürlər, sonda tələbələrə nəzəri biliklərlə yanaşı, praktik biliklər də verirlər.

İkincisi, təcrübə işini biz çox yaxşı təşkil edirik. Təcrübə 2-ci kursdan 3-cu kursa, 3-cü kursdan 4-cüyə keçərkən olur. Bu təcrübələrin bir qismini Türkiyədə, hətta Almaniyada keçirik. Xüsusilə hər tələbə üçün təcrübə yeri seçirik, bura banklar, dövlət qurumları ola bilər. Üçüncü faydası odur ki, biz heç bir firmaya demirik ki, bizim məzunu işə götür, sadəcə bu gediş-gəlişlər sırasında ünsiyyət qurulur və sonda məzunlarımız da işlə təmin oluna bilir. 

Bizdə tələbə bilir ki, çalışmasa, universiteti bitirə bilməyəcək, nəzakətli olmasa, müəllim onu xoş qarşılamıyacaq”.

Rektorun sözlərinə görə, tləbələrin potensial kadr kimi yetişməsində mühit, müəllim-tələbə ünsiyyəti və laboratoriyalar  çox önəmlidir.
”Biz laboratoriyası olmayan bölmə açmırıq. Açdığımız hər bölmələrin laboratoriyası var. Təhsil məsələsi planlaşdırılmadan, son dərəcə diqqətli olmadan gerçəkləşdirilən bir məsələ deyil. Təhsil məsələsi axan su kimidir. Biz burada yalnışlığa yol vermirik, hətta tələbələr arasında danışığa belə çox diqqət veririk, məsələn, az da olsa universitetdə siqaret çəkən tələbələr var, bu vərdişi tərgitmək üçün muəllimlər onlarla söhbət edər, siqaretin ziyanınından danışırlar, yəni müəllim tələbəni yaxşı yolla başa salmağa çalışar, cünki bu dövrdə zorla heç nə əldə edə bilməzsən.

Burada hər kəs  gülərüzlu, heç kimin heç kimə minnəti yox, tələbə tələbəliyini edər, müəllim də müəllimliyini”.

Tələbədə milli dəyərlərin olmasını xüsusi qeyd edən rektor bu  mövzuda da danışır: “Biz  tələbəyə desək ki, sən vətənini, torpağını sev, bu çox quru olar. Bunun üçün biz dərnəklər təşkil edirik, 20 yanvarla, Xocalı qətliamı, Cümhuriyyet quruluşu  ilə bağlı dərnəklərimiz var. Bu dərnəklərdə tələbələr hazırlıq işləri görərkən onların vətənpərvərlik duyğuları da ortaya çıxır.Yetişdirdiyimiz tələbələrin milli ruhda olması lazımdır, məsələn tələbə xaricdə təhsil alır, amma o, milli ruhda tərbiyə olunmazsa, geri qayıtmaz. Universitetin tələbələri müəyyən dərnəklərdə birləşməklə yanaşı, teatr, xor, rəqs  klublarında da xususi rol oynayırlar”.




1993-cü ildən fəaliyyətə başlayan Qafqaz Universitetinin 2800 tələbəsi var, onlardan 2300-ü bakalavr, 300-ü magistrdir, 60-dək doktorant var. Ali məktəbdə 200-dən çox müəllim çalışır. Onların da 80 faizi xaricdə təhsil alıb ya da ölkədən kənarda çalışıblar. 

Ahmet Saniçlə söhbətdən belə başa düşdüm ki, bu universitetdə tələbə çox rahatlıqla rektorla görüşə bilər. Tələbələrlə sərbəst görüşmə məsələsinə rektor belə münasibət bildirir:

“Əgər hər şeyi rektor edərsə, o zaman dekan, kafedra müdiri nəyə lazımdı? Bu rektorla görüşüb – görüşməmək məsələsi deyil, problemin çözüldüyü yer var, əvvəl dekan, sonra kafedra müdiri problemi çözə bilər. Amma elə bir problem olar ki, məsələn, bir tələbənin atası vəfat etmiş, son kursa gəlmiş, ödənişi edə bilmir, təbii ki, bunu dekan çözə bilməz və rektor çözər bir yolla.Yaxud da ki, elə problemlər ola bilər ki, məsələn, tələbəylə müəllim qarşı-qarşıya gələrsə, dekan və kafedra müdürü bu problemləri həll edə bilməzsə, bu zaman rektor  köməkçisi həmin problemi həll etməyə çalışar, əgər o da həll edə bilməzsə, artıq rektor bunu həll edər .Təbii ki, hər kəslə görüşmək mümkün deyil, amma mən hər gün yeməyə gedirəm, bu zaman tələbələr mənə problemlərini də deyə bilirlər. Bura elektronlaşdırılmış universitetdir”.


Rektor deyir ki, tələbələr öz şifrələriylə kompüterə girir, neçə bal aldıqlarını görür, etirazını da e-mail vasitəsilə bildirə bilir.
”Burada müəllimin elektron ünvanı var, hər müəllim kitablarını ora yerləşdirər, hər tələbə də həmin ünvandan  özünə lazım olanı seçər. Bizim tələbələrin ingilis dili və kompüteri bilməyi çox vacibdir. Hər il bizim universitetdə yeni fakültələr açılır. İcazə verilərsə, biz Tibb və Hüquq fakültələrini də aça bilərik”.

Qafqaz Universitetində təhsilin yüksək səviyyədə təşkili sözsüz ki, diqqət mərkəzindədir. Məhz bu səbəbdən bu il ölkəmizdə 700 bal toplayan 4 tələbənin 4 də məhz  buranı seçiblər.



Sonda Ahmet müəllim Modern.az kollektivinə Qafqaz Universitetinin nəşrlərindən ibarət hədiyyələr verdi

Nihadə EYYUBOVA
Fotomüxbir Elçin AĞAYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!