Modern.az

Azərbaycanın ən ali mükafatı “Heydər Əliyev” ordeni ilə təltif olunanlar - SİYAHI

Azərbaycanın ən ali mükafatı “Heydər Əliyev” ordeni ilə təltif olunanlar - SİYAHI

Mədəni̇yyət

3 Fevral 2020, 19:41

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.

 

Xatırladaq ki, “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və döş nişanından ibarətdir.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüş, 999 əyarlı 3,9 qram gümüş, 585 əyarlı 25 qram qızıl, 750 əyarlı 57,4 qram qızıl, 999 əyarlı 6,5 qram qızıl, cəmi 0,83 karatlıq 8 brilyant daş, cəmi 5,3 karatlıq 224 brilyant daş, cəmi 1,37 karatlıq 95 brilyant daş, cəmi 0,23 karatlıq 116 brilyant daş, cəmi 0,032 karatlıq 4 brilyant daş, ümumən 447 brilyant daşdan istifadə olunur.

 

Ölkə qanunvericiliyinə görə, 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi “Heydər Əliyev” ordenidir.

“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilər.

Orden ölkə vətəndaşlarına aşağıdakı hallarda verilir:

– Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

– Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

Əcnəbilərə aşağıdakı hallarda verilir:

– Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

– Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

– Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

“Heydər Əliyev” ordeninin ilk laureatı Prezident İlham Əliyev olub. İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunub və ona “Heydər Əliyev” ordeninin bir nömrəli vəsiqəsi təqdim olunub.

“Heydər Əliyev” ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib.

Ümumiyyətlə, indiyədək 25 nəfər “Heydər Əliyev” ordeninə layiq görülüb.

Modern.az Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni laureatlarının siyahısını təqdim edir:

 

28.04.2005 – İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (Onun statusuna görə);

29.04.2005 – İhsan Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (93 yaşında).

29.01.2007 – Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 26 sentyabr 2019-cu ildə 86 yaşında vəfat edib.

27.03.2007 – Mstislav Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (80 yaşında).

21.05.2008 – Viktor Yuşşenko, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

27.11.2008 – Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);

14.06.2009 – Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

02.07.2009 – Lex Kaçinski, Polşa Respublikasının keçmiş Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 10 aprel 2010-cu ildə təyyar qəzasında dünyasını dəyişib.

10.08.2009 – Valdis Zatlers, Latviya Respublikasının keçmiş Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

18.04.2011 – Trayan Besesku, Rumıniya Respublikasının keçmiş Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

14.11.2011 – Georgi Pırvanov, Bolqarıstan Respublikasının keçmiş Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

11.07.2012 – Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

13.09.2013 – Arif Məlikov, mərhum Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).

11.11.2013 – Abdulla Gül, Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə ).

17.11.2013 – Viktor Yanukoviç, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).

02.09.2014 – Rəcəb Tayyib Ərdoğan, Türkiyə Cümhuriyyətinin Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).

29.06.2015 – Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ( Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə).

28.11.2016 – Aleksandr Lukaşenko, Belarus Respublikasının Prezidenti (Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).


26.12.2016 – Zeynəb Xanlarova, görkəmli müğənni, xalq artisti, Milli Məclisin deputatı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

03.04.2017 – Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının qurucu Prezidenti. (Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

20.12.2017 – Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

18.07.2018 – Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti (Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

10.05.2019 – Xoşbəxt Yusifzadə, Azərbaycanın tanınmış mühəndis-geoloqu,geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə).

06.08.2019 – Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. (Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə).

23.10.2019 – Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti. (Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə).

03.02.2020 – Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakı səfiri. (Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir