Modern.az

Son Qarabağ danışıqları: Ermənistan üzərinə öhdəliklər qoyulub

Son Qarabağ danışıqları: Ermənistan üzərinə öhdəliklər qoyulub

Qarabağ

4 Fevral 2020, 09:03

Bu ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü keçirildi.

 

Qarabağla bağlı keçirilən bu görüşdən sonra tərəflər bəyanat yayıblar. Bəyanatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirak etdiyi görüşlərdə üç gün ərzində tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar.

 

Görüşlərdə tərəflər arasında razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, sülhün əsasını təşkil edən prinsiplər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, XİN rəhbərləri həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə razılıq veriblər.

 

Müzakirələrin bu şəkildə uzun keçirilməsi danışıqlar masasında hər hansı sənəddən xəbər verir. Lakin ortada hansı sənədin olduğu və yekun nəticənin detalları məlum deyil.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Ermənistanın hansısa bəyanat verərək danışıqlarda müzakirə edilən məsələlər barəsində öz mövqeyinə uyğun şərhlə çıxış etmədiyinə görə hələlik mətbuatda heç bir məlumat olmadığını bildirib:

 

“Qeyd edilən görüşdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı yayımlandı. Bu cür bəyanatlara imza atanlar həmin yazılanlara əsasən müəyyən öhdəlik də götürürlər deyə bilərik. Budəfəki görüşün mətnində çox vacib və diqqət çəkən bir ifadə vardı – “principle of confidentiality”. Hərfi tərcümədə bu məxfilik və ya danışıqların məxfi saxlanılması kimi başa düşülsə də, siyasi lüğətdə bu bir qədər daha geniş mənanı ifadə edir. Bu da ilk növbədə danışıqlar prosesi və detallar barəsində tərəflərdən hansısa biri açıqlama və bəyanat verməmişdən əvvəl qarşı tərəflə razılaşdırmalı və bu cür açıqlamalar ancaq ümumi prosesə töhvə verəcəksə tövsiyə edilir.

 

Zərurət olmadıqda danışıqlarda müzakirə edilən konkret məsələlər haqqında bir tərəfin interpretasiyasına uyğun olan və hansısa konkret məlumatı daşıyan açıqlamalardan yayınma halları olur .

 

Qeyd etmək lazımdır ki, bu ifadədən o nəticəni çıxarmaq olar ki, Ermənistan tərəfinin özbaşınalığına son qoymaq və danışıqlar prosesinə zərbə vura biləcək açıqlamalar verməsinin qarşısının alınması üçün onun üzərinə öhdəlik qoyulub”.

 

F.Çıraqov əvvəllər dəfələrlə Ermənistanın anışıqlardan sonra hər dəfə müzakirələrə öz istədiyi şəkildə, maraqlarına uyğun şərhlər verməklə pozucu rol oynadığını deyir:

 

“Azərbaycan isə Ermənistan tərəfinin bu cür qeyri-konstruktiv bəyanatlarından sonra əsl həqiqəti deməyə məcbur olurdu. Qarşı tərəfin davranışları danışıqlar prosesinin də dəfələrlə pozulmasına səbəb idi. Danışıqların uzun çəkməsi və tərəflərin hələlik hansısa konkret məsələlərlə bağlı şərh verməməsi onu ehtimal etməyə əsas verir ki, bu dəfəki danışıqlar daha ətraflı və predmetli olub. Ancaq bu hələ hansısa konkret razılığın və nəticələrin olduğu və ya yaxın zamanda görəcəyimiz mənasına gəlmir. Reallıq odur ki, Paşinyan hökuməti hansısa ciddi addımların atılmasını istəsə belə onun qarşısında maneələr və təzyiqlərin olmağı onun nəinki hakimiyyətini hətta həyatını belə təhdid altında saxlayır. Əvvəllər də Ermənistan müxtəlif dövrlərdə fərqli yollarla bu prosesə və hansısa nəticələrin əldə edilməsinə mane olub”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir