Modern.az

Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı

Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı

5 Aprel 2012, 19:36

Bu məmurların “vəzifə nərdivanı”nda dənizçi, çilingər, hərbi tərcüməçi olanlar da var

Azərbaycan vətəndaşları hər gün bu ünvana yüzlərlə məktub yazır. Şikayətlər, təşəkkürlər, xahişlər… Bu şəxslərin zəhmli üzlərini bəzən TV-lərdə görürük, qəzetlərdə müsahibələrini oxuyuruq. Onların çıxışları rezonans yaradır, polemika açır, müzakirələrə səbəb olur.
“Ağ Ev” adlandırılan Prezident Administrasiyası 2009-cu ildə ölkədə keçirilmiş referendumdan sonra yaradılıb. Qurum əvvəl uzun müddət Prezident Aparatı adlanıb. Bəs bu böyük və əzəmətli sarayda işləyən vəzifə sahibləri barədə nə bilirik?

Modern.az Adminsitrasiyada işləyən vəzifə sahiblərinin karyeraları barədə məlumatları araşdırıb.

Keçmiş dənizçi olan Adminstirasiya rəhbəri

Prezident Administrasiyasına akademik Ramiz Mehdiyev rəhbərlik edir.  Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. R.Mehdiyev 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyib. Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zaman bolşevik S.Kirovun adını daşıyan Azərbaycan Dövlət Unversitetinə verir və Tarix fakültəsinə daxil olur. Tələbəlik zamanı ictimai fəallığı diqqətdən kənarda qalmır. Fəal komsomolçu, ali məktəbin ictimai həyatında aktiv olan tələbə Ramiz Mehdiyevin bu səyləri rəhbərliyin diqqətini çəkir. O dövr üçün böyük uğur sayılacaq karyera sıçrayışı edir. 1965-ci ildə unversitetin beşinci kurs tələbəsi olan Ramiz Mehdiyev Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinə (LKGİ MK)  tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür.
Onun sonrakı vəzifə karyerası daha uğurlu olub. 1974-78-ci illərdə Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsində mühazirəçi, şöbə müdirinin müavini kimi çalışan Mehdiyev daha sonra  26 Bakı komissarı adına rayon ( indiki Səbail) partiya komitəsinin birinci katibi,  Azərbaycan KP MK-nın Elm və tədris şöbəsinin, təşkilat-partiya şöbəsinin müdiri və  Azərbaycan KP MK-nın katibi vəzifələrində çalışıb. 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir.

Keçmiş çilingər olan dövlət müşaviri

Prezident Administrasiyasının iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov 1942-ci ilin fevralın 9-da Bakıda anadan olub. İqtisad elmləri doktoru olan V.Axundov Azərbaycan Neft və Kimya İnstitutunun məzunudur.
1-ci dərəcə dövlət müşavirinin əmək yolu 1960-cı ildən başlanıb. Bakı qalanteriya fabrikində çilingər işləyən V.Axundov  qısa müddətdə Avtomobil ehtiyatları zavoduna mühasib keçib. 1965-ci ildən onun partiya karyerası başlanır. 1966-cı ilə qədər Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı işləyən gələcək dövlət müşaviri, 1991-ci ilə qədər müxtəlif elmi innstitutlarda fəaliyyət göstərib. Bu illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda  baş iqtisadçı, Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini və ən nəhayət direktor olan V.Axundovun elmi fəaliyyətinin son yeri  Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsi olur.
1991-ci ildə Prezident Aparatına gətirilən V.Axundov prezidentin müşaviri vəzifəsinə təyin olunur. 1993-cü ilə qədər prezidentin  iqtisadi siyasət üzrə dövlət müşaviri işləyən V. Axundov həmin ilin may ayında Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinə direktor göndərilir.
Bu post həmçinin Baş nazirin baş iqtisadi müşaviri statusunu  daşıyır. 1993-cü ildən isə V. Axundov  Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə dövlət müşaviridir.

Eldar Namazovu əvəz edən Dilarə xanım

Prezidentin katibliyinin rəisi olan Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakıda anadan olub. 1-ci dərəcə dövlət müşaviri olan D. Seyidzadə Bakı Dövlət Unnversitetini bitirib. Tarix elmləri doktorudur.
Dilarə xanımınn əmək karyerası da sovet sisteminin “nərdivanı” üzrə olub. 1961-ci ildən Azərbaycan EA-nın Tarix İnstitutunnda baş laborant, kiçik elmi işçi kimi işə başlayan D.Seyidzadə  1993-cü ilə qədər müxtəlif elmi institutlarda çalışıb. Maraqlıdır ki, prezident köməkçisi beş il (1978-83-cü illər) Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında  baş müəllim də işləyib.
1983-cü ildən 1993-cü ilə qədər  Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi işləyən D. Seyidzadə həmin ildən  Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinə böyük məsləhətçi gətirilib. Bu vəzifədə 4 il işləyəndən sonra o, 1997-ci ildə prezidentin köməkçisi, 1998-ci ildə Prezident katibliyi rəisinin müavini vəzifəsinə yüksəlir. 1999-cu ildə Eldar Namazovun istefasından sonra Dilarə xanım  Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəisidir.

Prezidentin Çin dilini bilən mətbuat katibi

Prezidentin mətbuat katibi  Azər Qasımov  1966-cı ill iyunun 22-də Bakıda anadan olub. O, üç ali məktəb bitirb. A. Qasımovun “portfelində” Xarici Dillər İnstitutunun,  Bakı Dövlət Universitetinin və Çinin Çenq Du Universitetinin diplomları var. 1-ci dərəcəli dövlət müşaviridir. Mətbuat katibinin əmək fəaliyyəti 1994-cü ildən  ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyindən başlanır. Səfirlikdə tərcüməçi işləyən A.Qasımov 1994-cü ildə  XİN Beynəlxalq təşkilatlar idarəsində, daha sonra konsulluq idarəsində  attaşe vəzifəsinə təyin edilir. 1996-cı il A.Qasımovun ictimai-siyasi karyerasına Təbriz şəhəri əlavə olunur. O, İrana, Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğuna attaşe təyin olunur. Bir müddət konsulluqda işləyən A.Qasımovu ölkəmizin İrandakı səfiiriliyinə üçüncü katib göndərirlər. 1999-cu ilə qədər İranda işləyən A.Qasımov  həmin il  vətənə qayıdaraq XİN Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində əvvəlcə üçüncü katib, daha sonra ikinci katib təyin olunur. 2000-ci ildən Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinə  müdir təyin olunan A. Qasımov 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin mətbuat katibidir.

Protokol xidmətinin peşəkar rəhbəri

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə Elçin Bağırov rəhbərlik edir. 1959-cu il aprelin 8-də Gəncədə anadan olan E. Bağırov  Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.  Protokol xidmətinin rəisininn həmçinin diplomatik rütbəsi var.  O,. fövqaladə və səlahiyyətli səfir rütbəsini daşıyır.
E.Bağırov hələ SSRİ dönəmindən xarici işlər idarəsində çalışıb. 1984-cü ildə Azərbaycan SSRİ-nin Xarici İşlər Nazirliyinin 2-ci katibi kimi işləməyə başlayan E. Bağırov bu vəzifədə 1992-ci ilə qədər çalışıb. 1992-ci ildən  Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə təyin olunan E.Bağırov qısa müddətdə dövlət katibinin köməkçisi işləyib. 3 ay işlədikdən sonra E.Bağırov yenidən “köhnə yerinə”-  Xarici İşlər Nazirliyinə qayıdır. Dövlət protokolu idarəsinə əvvəlcə müavin təyin edilən E. Bağırova daha sonra rəis vəzifəsi həvalə olunur. Peşəkar diplomat bu vəzifədə 12 il çalışdıqdan sonra 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsini icra edir. 

Keçmiş xalq hakimi, eks-spikerin tanınmış oğlu

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov  1959-cu mayın 14-də Bakıda anadan olub. Bakı Dövlət Unversitetinin Hüquq fakültəsini bitirən Ələsgərov  əmək faliyyətinə 1981-ci ildə Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi kimi başlayıb. Sonrakı illərdə Ədliyyə Nazirliyinin müxtəlif idarələrində çalışan F.Ələsgərov ilk yüksək postunu 1987-ci ildə əldə edib. O, həmin il Suraxanı rayon xalq məhkəməsinə xalq hakimi təyin olunub. 3 il il xalq hakimi işlədikdən sonnra F.Ələsgərov 1990-cı ildə Ali Məhkəminin üzvü seçilib. Bir neçə il sonra Fuad Ələsgərovun karyerasına daha uğurlu illər əlavə olunur. O, 1994-cü ildə  Prezidentin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri təyin olunur. F. Ələsgərov 1998-ci ildən Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiridir.

SSRİ dağılandan iki gün sonra vəzifə alan huquqşünas…

Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə Şahin Əliyev rəhbərlik edir. 1960-cı ildə Bakıda anadan olan Ş. Əliyev hüquq elmləri namizədidir. O, Daşkənd Dövlət Unversitetinin məzunudur.
1984-cü ildən əmək fəaliyyətinə başlayan Ş. Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi işləyib. Burdan pedaqoji işə keçən Ş.Əliyev 1988-89-cu illərdə  Azərbaycan Dövlət Universitetinin müəllimi olub.
1989-cu ildə isə onun dövlət işindəki karyerası başlanır. Ş.Əliyev həmin il Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilir. 1991-ci ilin yanvarında Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Qanunvericilik və hüquq qaydaları məsələləri üzrə şöbəsində müdirin müavini, müdirin birinci müavini işləyən Ş. Əliyev bu vəzifədə SSRİ-ni tarixin arxivinə yola salır. Belə ki, SSRİ-nin süqut etdiyini bəyan edən Qorbaçovun çıxışından iki gün sonra Ş.Əliyev Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunur. Hazırda o Prezident Administrasiyasının  adıçəkilən idarəsinə rəhbərlik edir.

AXC ilə eyni gündə anadan olan Fatma xanım....

Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə rəhbərlik edir. Fatma xanım 1948-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranma günüündə Bakı şəhərində dünyaya göz açıb.  Fizika-riyaziyyat elmləri doktorudur. Azərbaycan Dövlət Universitetini və  Moskva İctimai Elmlər Akademiyasını bitirib.
1971-ci ildə  Azərbaycan Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi kafedrasınnda baş laborant vəzifəsi ilə əmək fəaliyyətinə başlayan Fatma xanım 10 ilə yaxın Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. Burada kiçik elmi işçi, baş elmi işçi olaraq çalışıb. 1985-ci ildə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilən Abdullazadə daha sonra  Azərbaycan SSR Elmlər Akademiyasının partiya komitəsinin katibi vəzifəsində işləyib. 1987-90-cı illərdə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsinin müdiri müavini vəifəsində çalışıb.
1993-cü ildən Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiridir.  

Keçmiş hərbi tərcüməçi və dekan..

Novruz Məmmədov Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiridir.
1947-ci ildə Naxçıvan MR, Babək rayonunun Şıxmahmud kəndində anadan olan Novruz müəllim Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirib. Filologiya elmləri namizədidir.
O həmçinin fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi daşıyır. Əmək fəaliyyətinə 1970-ci ildə başlayan N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunda baş laborant və sonra  müəllim işləyib. 1974-78-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda baş kitabxanaçı, alman fonetikası kafedrasının müəllimi vəzifəsində çalışıb. Onun karyerasında hərbi fəaliyyətin də izi var. N. Məmmədov o zaman SSRİ-nin Əlcəzairdə olan hərbi müşavirlər qrupunda hərbi tərcüməçi vəzifəsində çalışıb. Oradan qayıdandan sonra 1981-ci ildən 1997-ci ilə qədər  Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan vəzifələrində çalışıb. Maraqlıdır ki, N.Məmmədov 90-cı illərin əvvəlində Azərbaycan Milli İstiqlal Partiyasının da üzvü olub. Sonradan bu partiyanın tərk edib.
N.Məmmədov 1997-ci ildən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiridir. 

Ardı olacaq...

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir