Modern.az

Polad Bülbüloğlunun “İkinci bahar”ı – FOTOLAR

Polad Bülbüloğlunun “İkinci bahar”ı – FOTOLAR

4 Fevral 2020, 11:34

Gərək ki, bunu Anadolu türkləri deyirlər: “Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Bu baxımdan ikinci bahar yeni bir şansdır və o böyük bir xoşbəxtliyə çevrilə bilər”.

Bəli, müşahidələr də göstərir ki, “ikinci bahar” adlandırılan ikinci evlilik bir sıra hallarda insana böyük xoşbəxtlik nəsib edir.

 

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda “ikinci bahar” yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və istəklə həyata bağlanır...

 

Modern.az saytının “İkinci bahar” adlı rubrikasında ictimai, siyasi, mədəni, idman və digər sahələrdə tanınmış simaların birinci və ikinci evliliyindən söhbət açılır. Ən çox da ikincidən...

 

Növbəti təqdimat bu gün 75 illik yubileyini qeyd edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq mədəniyyət naziri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlu barəsindədir. O Polad Bülbüloğlu ki, özünəməxsus səsi və oxu tərzi, bir çox əvəzsiz ifaları, mahnılarıyla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

 

16 yaşında ağır itki və...  böyük şöhrət..

Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda andan olub. Məşhur müğənni Bülbülün (Murtuza Məmmədov) ailəsində doğulan Poladın uşaqlıq dövrü Bakı ilə yanaşı, həm də “Qafqazın konservatoriyası” - Şuşada keçib. İlk dəfə böyük səhnəyə 1960-cı ildə - 15 yaşına çıxaraq, atasını müşayiət edib.
Bir il sonra 16 yaşlı Poladı ağır itki üz verir, atasını həmişəlik itirir. O, bu itkidən nə qədər sarsılsa da, öz sənət yolunda irəliləməkdən dayanmır.
”Mən atamı çox sevirdim. Əlbəttə, 16 yaşı tamam olmamış bir oğlana atasını itirmək çox ağır idi” – Polad Bülbüloğlu həmin illəri xatırlayarkən belə deyib.

1962-ci ildə 17 yaşlı Polad ilk mahnılarını bəstələyir, bu mahnılardan birini də uşaqlıq dostu olan Müslüm Maqomayev üçün yazır. Müslüm və Polad Bakıda bir həyətdə böyüyən qonşular, eyni zamanda uşaqlıq dostları olublar. Yeri gəlmişkən, çox-çox sonralar - hər iki məşhur müğənni Moskvada yaşadıqları zaman bir neçə dəfə dalaşıb, küsüşüblər və onları dəfələrlə mərhum Heydər Əliyevin barışdırdığı barədə məlumatlar var.

Musiqi məktəbinin fortepiano sinfini bitirən gələcək müğənni və bəstəkar Polad Bülbüloğlu daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Hələ tələbəlik illərindən o, öz sənət yolunu müəyyən edir. Müasir estrada musiqisi zəngin çalarları ilə onu özünə cəlb edirdi. Polad Azərbaycan estradasına böyük yeniliklər gətirir və müasir ritmləri milli melodiyalarla sintez edərək böyük uğurlar əldə edir. 
Ardıcıl imza atılan nailiyyətlər gərgin əməyin, fitri istedadın və musiqiyə olan məhəbbətin göstəricisi idi.
O, Moskvaya uzaq 60-cı illərin ortalarında gedir və bir müddət sonra oxuduğu mahnılarla bütün SSRİ məkanında pop-ulduza çevrilir. Lakin onun əsl ulduzu 1981-ci ildə Lev Durovla birlikdə çəkildiyi “Qorxma mən səninləyəm” filmi ilə parlayır. Bu ekran əsərində müğənni həm də parlaq aktyorluq istedadını nümayiş etdirir.
Və bu film ona bütün keçmiş SSRİ məkanında uğur gətirir, tanıdır... Utancaq gəncdən əsl maçoya və gündəm xəbərlərinin qəhrəmanın çevrilən Polad Bülbüloğlu 1982-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülür.

Polad Bülbüloğluna bəstələri içərisində ona ən çox şöhrət gətirən isə “Gəl, ey səhər” mahnısı olur. Bu əsərlə Polad Bülbüloğlu böyükdən-kiçiyə hamının sevimli müğənnisi olmağı bacarır. 

Polad Bülbüloğlu 1987-ci ildə Azərbaycan Dövlət Filormaniyasının direktoru və bədii rəhbəri kimi çalışıb. 1988-ci ildə o, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edilir. 1995-ci ildə həm də Milli Məclisinin deputatı seçilir.
2006-cı ildə mədəniyyət naziri postundan azad edilən Polad Bülbüloğlu həmin ildən indiyədək Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Polad Bülbüloğlunun anası Adelaida Məmmədova bir neçə il əvvəl dünyasını dəyişib. O, 40 ildən artıq müddətdə ölməz sənətkar Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğatçısı olub. Adelaida Məmmədovanın səyi ilə Bakıda və Şuşada Bülbülün xatirə ev-muzeyləri yaradılıb. Şuşa 1992-ci ildə işğal olunandan sonra Bülbülün ordakı ev-muzeyi vəhşicəsinə dağıdılıb.
A.Məmmədova Bülbülün həyat və yaradıcılığı haqqında kitabın və müxtəlif məqalələrin müəllifidir. Uzun illər Bülbülün Bakıdakı ev muzeyinin direktoru olan 90 yaşlı A.Məmmədova 2012-ci ilin dekabrında öz xahişi ilə vəzifəsindən azad edilib.

 

“Ukrayna bülbülü”, “Sovet primadonnası” ilə 12 il sürən ilk evlilik...

Onlar SSRİ Xarici İşlər Nazirliyinin qəbul evindəki tədbirlərdən birində tanış olurlar. Onda Polad Bülbüloğlunun 25 yaşı vardı, Bela Rudenkonun isə 37. Polad Bülbüloğlu sonrakı xatirələrində özündən düz 12 yaş böyük olan məşhur opera müğənnisinin məftunedici görünüşü və tünd-qəhvəyi gözlərinin işıltısının onu dəli etdiyini bildirmişdi.
Beləcə Bela Rudenko bütün həyatının kişisi hesab edəcəyi tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlu ilə tanış olur.

SSRİ mədəniyyəti tarixi boyu hələ heç bir opera müğənnisi 27 yaşında SSRİ xalq artisti adına layiq görülməmişdi. Bela Rudenko bu baxımdan yeganə və təkrarolunmaz sənətkardır. İncəsənət aləmində əfsanə olacaq Bela Rudenko bu adı 1956-cı ildə Ukraynada Odessa Konservatoriyasını bitirdikdən 4 il sonra almışdı.
Hələ tələbə ikən Bela Rudenko Odessa Opera və Balet Teatrında debüt etmişdi. Mütəxxəsislər elə o məqamda gənc müğənninin qeyri-adi gözəlliyinə və güclü soprano səsinə valeh olmuşdular. Əla vokal məktəbi, musiqi istedadı, təmiz səsinin tembri Bela Rudenkonu o dövrün ən nəhəng müğənnilərindən birinə çevirdi. Konservatoriya məzunu dərhal Ukraynanın baş teatrına - Taras Şevçenko adına Kiyev Opera və Balet Teatrına dəvət edilir. 1957-ci ildə gənc vokalçı Moskvada keçirilən Gənclər və Tələbələrin VI Ümumittifaq Festivalının qalibi olur. Mükafat olaraq qızıl medal və Moskvada, Leninqradda və Riqada tanınmış italyan tenoru Tito Skipa ilə çıxış etmək hüququ qazanır. Vokalçıların müsabiqəsində münsiflər heyətinin üzvü olan senyor Skipa gənc müğənninin istedadına heyran olur və beynəlxalq aləmdə tanınmasına yol açır. SSRİ-dən əlavə cütlük bir sıra Avropa paytaxtlarında də konsertlər verir.



Bu zaman artıq ukranyalı opera müğənnisi Bela azərbaycanlı estrada ifaçısı Polada tanış olmuş və aralarında isti münasibətlər yaranmışdı.

Ona “Sovet primadonnası” və “Ukrayna bülbülü” ləqəbi vermişdilər. O vaxt şöhrətin olimpində olan xanım Rudenko tez-tez SSRİ respublakalarına və xarici ölkələrə qastrollara çıxır, teleekranlarda görünürdü. Opera primaddonası haqqında məqalələr isə dünyanın yüzlərlə qəzet və jurnalını bəzəyirdi. Bütün bunlar isə Şərq üslubunca ehtiraslı və səxavətli davranan yaraşıqlı gəncin – Poladın heysiyyatına toxunur, qısqanclığına səbəb olurdu.
Bela Andreyevna Rudenkiya gənc və populyar müğənni Polad Bülbüloğlu ilə belə münasibətlər xoş gəlirdi. Bu artıq o zaman idi ki, ukraynalı gözələ aşiq olan azərbaycanlı gənc onun hansı xarici ölkədə qastrolda olmasının fərqinə varmadan sevgilisinə təyyarədə güllər yollayırdı.

Nəhayət müəyyən bir məqamda Bela Rudenkonun başı hərləndi və o, Polad Bülbüloğlu ilə nikaha girməyə razı oldu. Ateizm dövründə yaşadıqlarına görə, heç kəs gənc sevgililərdən dinlərini dəyişməyi - pravoslavlıqdan islama, yaxud əksini tələb etmirdi. O vaxt yeni evlilər də bundan narahat deyildilər.
Tezliklə Bela xanım ərinə oğul bəxş etdi ki, bu da Poladı çıx məmnun etdi. 1975-ci ildə doğulan oğlana Teymur adı qoyuldu.



Lakin Bela Rudenko səhnəsiz çox davam gətirə bilmədi. O övladını anasının himayəsində qoyub teatra qayıtdı, adi gündəlik qastrol turlarına başladı. Bir müddət sonra ər-arvad münasibətlərində soyuqluq başladı. Buna baxmayaraq yetkin qadınla nikah bəstəkar-müğəni Polad Bülbüloğlunun yaradıcılığına öz töhfələrini verdi.

Bu evlilik 12 il sürdü... İki məşhur müğənni ayrılmalı oldular. Boşanma ictimai qalmaqal xarakteri

daşımırdı. O vaxtlar bu, dəbdə deyildi. Boşanma sakit və qarşlıqlı iddialar olmadan baş tutdu. Uşaq anası ilə qalsa da, Bela xanım oğluna atası ilə görüşməyə mane olmurdu.



Bir müddət sonra Polad Bülbüloğlu Moskanı tərk edib Bakıya qayıtdı...

Və vaxt gəldi, 1988-ci ildə məşhur opera müğənnisi Bela Rudenko səhnəni tərk etməli oldu. O, vida benefisi və səs-küy olmadan getdi. Sadəcə sonuncu tamaşada oxuyub, ertəsi gün Moskva Böyük Teatrına gəlib pedaqoq kimi fəaliyyətə başladı. Opera səhnəsindəki çoxillik təcrübə Bela Rudenkoya gənc tələbələr üçün yüksək ixtisaslı müəllim olmağa imkan verdi.
Böyük Teatrdakı növbəti dəyişiklik nəticəsində Bela Rudenkoya opera truppasına rəhbərlik etmək təklif olundu.
Bu il avqustun 18-də görkəmli opera müğənnisinin 79 yaşı tamam olacaq.

“Poladla görüşdən və evlilikdən mən təəssüflənirəmmi?!. Xeyr, bu evlilik bizi qovuşduran gözəl vaxt idi. Sonradan sıfıra enən böyük məhəbbət idi. Allaha təşəkkür etmək lazımdı ki, belə bir xoş duyğunu hiss etməyə imkan verib. Hisslərin sönməsindən sonra baş verənləri isə olduğu kimi qəbul etmək lazımdı. Fikirləşirəm ki, həyatın müdrikliyi məhz bundadı”-deyə Bela Rudenko Polad Bülbüloğlu ilə ailə həyatına dair xatirələrini danışarkən bildirib...

 

Babasının adını yaşadan nəvə - Teymur Bülbül...

Qeyd etdiyimiz kimi, 1975-ci ildə Polad Bülbüloğlu və Bela Rudenko evliliyindən bir oğlan doğulub – Teymur Bülbül. O, babası Bülbülün adını özünə soyad götürüb və bu ismi yaşadır.
Teymur valideynlərinin sənətinin davam etdirərək, həyatını musiqiyə bağlayıb.
O, professor Popovun rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib. 1996-cı ildə hələ Moskva Konservatoriyasının tələbəsi olarkən Teymur Çaykovski adına Akademik Orkestrdə fəaliyyətə başlayır. İki ildən sonra Konservatoriyanı bitirərək, orkestrdə faqot sinifi üzrə konsertmeyster olur. Bu müddət ərzində o, orkestrin Rusiya və xarici ölkələrdəki çoxsaylı çıxışlarında iştirak edir. Orkestrdə konsertmeyster olduğu qısa müddət ərzində Teymur Bülbül yeni, orqanik faqot ansamblı yaradır. Onun repertuarında simfonik orkestr üçün müxtəlif solo partiyalar var. Orkestrdəki fəaliyyəti ilə yanaşı, T.Bülbül müxtəlif proqramlarda iştirak edir.
Hazırda o, dünyaca məşhur dirijor Vladimir Fadeseyevin başçılığı altında Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın əməkdar artistidir.

Teymur Bülbül atası Polad Bülbüloğlu ilə əlaqələri heç vaxt kəsməyib və ata-oğul münasibətləri indi də normal olaraq davam edir. Onun hətta atasının ikinci aləsi, ögey bacı-qardaşı ilə də isti münasibətləri var, Teymur ailə tədbirlərində yaxından iştirak edir.



”İkinci bahar”

Polad Bülbüloğlunin ikinci evliliyi – “İkinci baharı” o, mədəniyyət naziri vəzifəsində işləyərkən gerçəkləşib. Məlumatlara görə, Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu nazir işləyərkən onun referenti olub. Və münasibətlər də buradan meydana gəlib. Beləcə Polad Bülbüloğlu ailə xoşbəxtliyini ikinci evlilikdə tapır...

Polad Bülbüloğlu Gülnarə Şıxəliyeva cütlüyünün iki övladı doğulub. Ailənin böyük övladı Leyla adlı 22 yaşlı qızlarıdır. Polad Bülbüloğlu oğluna atsının adını verib, Murtuzanın 17 yaşı var.
Leyla da atasının yolu ilə gedir, beləki o, hazırda musiqi məktəbində oxuyur.  

 

Polad müəllimin həyat oldaşı Gülnarə xanım mətbuatla təmasda olmayıb, jurnalistlərə müsahibə verməyib. O, əsasən ailə işləri və uşaqların tərbiyəsi ilə məşğul olur. Bununla yanaşı, Gülnarə Şıxəliyeva eyni zamanda əri - səfir Polad Bülbüloğlunun təşkil etdiyi tədbirlərdə yaxından iştirak edir...

 

A.Qorxmaz  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir