Modern.az

İflic mətbuat xidmətləri: Media ilə qurumlar arasında “Çin səddi”nə çevrilən struktur

İflic mətbuat xidmətləri: Media ilə qurumlar arasında “Çin səddi”nə çevrilən struktur

Media

4 Fevral 2020, 12:00

Mətbuat xidməti strukturu media ilə təmsil etdiyi qurum arasında əsas bağlantı rolunu oynamalıdır. Lakin son illərə nəzərə salsaq istər özəl, istərsə də dövlət müəssisələrinin mətbuat xidmətlərinin bir çoxunun hazır “Press-reliz” yaymaqdan başqa bir iş görmədiyinin şahidi oluruq. Hətta bu xidmət bir az da qabağa gedərək təmsil etdiyi qurumla media arasında az qala “Çin səddi” rolunu oynayır.

 

Belə olan halda isə cəmiyyətin deyil, birbaşa qurumların marağı qorunur, bir çox halda baş verənlər gizlədilir və nəticə etibarıla media lazımi cavabı mətbuat xidmətindən ala bilmir.

 

Demək ki, əlac mətbuat xidmətləri rəhbərləri üçün davamlı seminarlara qalır.

 

Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli  mətbuat xidmətlərinin zəif fəaliyyət göstərməsinin jurnalistlərin ilkin mənbədən məlumat almaq prosesini xeyli zəifləşdirdiyini deyir:

 

“Mətbuat xidməti əməkdaşlarının uzun müddətdir ki, jurnalistlərlə işləmə prosesində ciddi problemlər var. Bu problemlərin aradan qaldırılması üçün Mətbuat Şurası tərəfindən vaxtı ilə təlimlər, seminarlar təşkil olunub, əməkdaşlığını inkişaf etdirilməsi üçün müxtəlif addımlar atılıb. Lakin  məsələ tamamilə öz həllini tapmayıb, problem hələ də böyük qalır. Bu məsələni iki məqamda şərh etmək olar. Birincisi, mətbuat xidmətinin təmsil etdiyi qurumla bağlıdır. Yəni onların işlədikləri qurumlarda informasiya çatımlılığı məhduddur., özləri də informasiyq qıtlığı yaşayırlar. İkinci məqam isə mətbuat xidmətində çalışan şəxslərin öz yerlərində olmaması, qeyri-peşəkarlığıdır. Yəni, bəzi hallarda dövlət qurumlarında işləyən vəzifəli şəxslər mətbuat xidməti strukturuna öz yaxınlarını, qohumlarını yerləşdirmək üçün olan bir ştat kimi baxırlar. Bunun da nəticəsində qeyri-peşəkar şəxslər həmin ştatda işləyir və bu da jurnalistlərin iş prinsipinə mane olur.

 

Təqribən 2017-2018-ci ildən etibarən həm özəl, həm də dövlət qurumlarında mətbuat xidməti rəhbərlərinin dəyişilməsi prosesi gedir. 2018-ci ildə təqribən 28, 2019-cu ildə isə 17-ə yaxın mətbuat xidmətinin rəhbəri dəyişdirilib. Bunların da hamısına peşəkar şəxslər cəlb olunub və həmin struktura ciddi nəzarət edirlər. Kimlər ki, qeyri-peşəkar, ənənəvi üsulla çalışır, onları bu sahədən uzaqlaşdırmaq lazımdır”. 

 

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov mətbuat xidmətində çalışan şəxslərin xarici ölkələrə gedib öz əməkdaşlarının iş prosesinə baxıb təcrübə keçmələrinin daha uyğun olduğunu bildirir:

 

“Son illərdə mətbuat xidmətləri çalışırlar ki, öz işlədikləri qurumlar haqqında məlumat yaymaqla vəzifələrini icra etmiş olsunlar. Medianı maraqlandıran, mətbuat xidmətinin təmsil etdiyi qurumun nə etdiyi yox, nə etmədiyidir. Eyni zamanda media onların çalışdıqları qurumda müxtəlif şəxslərlə təmasda olmaq, sual verib müsahibə götürmək  istəyir. Mətbuat xidmətləri məhz bu işlərin təşkil edilməsinə yardımçı olmalıdırlar. Lakin çox təəssüf olsun ki, mətbuat xidmətləri qurumla juralist arasında sədd rolunu oynayır. Bir qədər keçmişə qayıtsaq vəziyyətin fərqli olduğunu görərik. Yəni, hardasa 10 - 15 il əvvəl mətbuat xidməti strukturunda çalışan şəxslər jurnalistlərlə təmsil etdikləri qurumun əməkdaşları arasında, sözün əsl mənasında bağlantı rolunu oynayırdılar. Bu illərdə keçilən yol daha da inkişaf etdirilmək əvəzinə, əksinə dəyişikliyə məruz qalıb. Çalışıb əvvəlki metodla, daha operativ işləmək, əlçatan olmaq lazımdır”.

 

Media hüququ sahəsində ekspert Ələsgər Məmmədli mətbuat xidmətinə gələn şəxslər məmurlaşıb, medianın, cəmiyyətin istəyini deyil, işlədikləri qurumun qayğılarını qorumağa başladığını bildirir:

 

“Mətbuat xidmətlərinin fəaliyyəti uzun illərdir ki, problemli vəziyyətdədir. Adı mətbuat xidməti olsa da mətbuat xidməti əməkdaşları mətbuatla işləməməyə üstünlük verir, nəinki işləməyə. Dövlətin üst səviyyədə qurumdaxili strukturları, informasiya təminatına cavabdeh olan ombudsman monitorinq edərək mətbuat xidmətinin fəaliyyətinə nəzarət etməlidir. Jurnalistlərin ictimai qaydada sosial şəbəkədə yazdıqları narazılıq dövlət qurumlarının mətbuat xidməti kabinetini daha operativ qaydada qurmağa vadar etməlidir.

 

Dövlət qurumlarının “KİV haqqında” qanunvericiliyə əsasən  jurnalistlərin suallarına 24 saat müddətindən gec olmayaraq cavab vermək öhdəliyi var. İstənilən halda bu öhdəliyə əməl etməyən mətbuat xidməti və ya vəzifəli şəxslər məsuliyyət daşıyır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir