Modern.az

Aktrisa Zümrüd Qasımova: “Əvvəllər açıq-saçıq rollara çəkilmişəm, daha çəkilmərəm» - MÜSAHİBƏ

Aktrisa Zümrüd Qasımova: “Əvvəllər açıq-saçıq rollara çəkilmişəm, daha çəkilmərəm» - MÜSAHİBƏ

Mədəni̇yyət

5 Aprel 2012, 13:05

"Onunla ailə qurmaq mənim sonum oldu"

«Mübahisə» rubrikasının ikinci qonağı «Yuğ» teatrının aktrisası, bir zamanlar ANS telekanalında yayımlanan «Çatlama» verilişinin aparıcısı olmuş Zümrud Qasımovadır.

- Əvvəlcədən razılaşaq ki suallara səmimi cavab verəcəksiniz

-Yaxşı çalışaram səmimi olam.

- Hazırda nə işlə məşğulsunuz?

- Hal-hazırda «Yuğ» tetrında məşqlərdəyəm.

- Hansı tamaşanın məşqidir?

- "Naməlum Axundov". Bu il Mirzə Fətəli Axundovun 200 illik yubileyi olacaq.və bütün teatrlarda dövlət sifarişi ila tamaşalar qurulur. Biz də dramaturqun pyeslərini sintez edib «Namaləm Axundov» tamaşasını hazırlayırıq.

- Bildiyimə görə həm də Mingəçevir teatrıyla işbirliyiniz var...

- Bəli,  orda da işə başlamışam. Burda tamaşanı təhvil verən kimi ora gedəcəm..

- Razılaşırsınız ki, tamaşaçılar sizi aktrisa kimi o qədər də yaxşı tanımırlar?

- Hardasa hə, hardasa yox.

- Harda hə, harda yox?

- Bədii filmlər əvvəlki kimi çəkilsəydi, teatra əvvəlki kimi axın olsaydı, aktrisa kimi daha çox tanınardım. Amma məni efir məkanından aparıcı kimi tanıyıblar..

- "Yuğ" tamaşaçı qıtlığı yaşayır?

- «Yuc» teatrının hər zaman öz tamaşaçısı olub və var. Sadəcə olaraq siz mənə bir teatr göstərin ki, ora dəhşətli tamaşaçı axını olsun. İnsanlar evdə oturub televizora baxmağı daha üstün tuturlar.

- Əgər "Yuğ"da çalışırsınızsa və teatrın öz tamaşaçısı varsa, bəs nədən şikayətlənirsiniz?

- Hazırda Bakıda gənclərin hansı teatrın harda yerləşməsindən heç xəbəri də yoxdur.  Əvvəllər insanlar bəzənib-düzənib bayram əhval-ruhiyyəsində teatra gələrdilər. İndi belədirmi?

-  Bəlkə teatrlar tamaşaçıların, ələxüsus da gənclərin istədiyini ortaya qoymur?

- Elə təəssürat yaranır ki, bu sənət növü heç kimə lazım deyil. Gənclər heç özləri nə istədiklərini bilirlər ki?

 - Söhbət teatrlara dövlət qayğısından gedir?

- Yox, mən heç bu barədə danışdım? Məncə biz teatr və tamaşaçılar haqda danışırdıq..

- Bu haqda danışsaq nə olar ki?

- Bu mənə maraqlı deyil. Çünki özüm deyəcəm. Özüm eşidəcəm.

- İndiyə kimi neçə filmə çəkilmisiniz?

- Bir neçə filmə. Amma yadımda qalan «Qala» filmidi.

- Niyə məhz "Qala" filmi?

- Çünki film sahəsində ən böyük işim idi.

- Niyə sizi daha çox açıq-saçıq rollara dəvət edirlər?

- Bilmirəm. Əvvəllər belə idi. Mən artıq belə təklifləri rədd edirəm.

 - Bəs əvvəllər niyə qəbul edirdiniz?

- Əvvəllər tam başqa istəklərim var idi. İndi isə yoxdu bu istəklərim.

-  Hansı istəkləri idi onlar?

- Fərqlənmək istəyi.

 - İndi fərqlənmək istəmirsiniz?

- Yox. İnanın ki, bu həyatda mənə lazım olan qədər fərqlənmişəm.

 - Çox iddialı səsləndi...

- İnsan gərək iddialı olsun.

- Fərqlənmək də iddianın bir növüdür. Amma siz indi fərqlənmək istəmirsiniz axı.

- Mənim iddialarım artıq dəyişib.

- Yəni?

- Onları demək istəməzdim. Mən artıq böyümüşəm, əvvəlki Zümrüd deyiləm! Başıma o qədər işlər gəldi ki, hər şey öz anlamını itirdi.

- Bu qədər bədbin olmağın səbəbi nədir?

- Mən bədbin deyiləm, daha çox realistəm. Səbəblər müxtəlifdi. Bizim cəmiyyətdə problemini danışsan, yardım əvəzinə biganəlik görürsən. Heyif ki, bunlar acı reallıqlardır.

-  Bayaq bildirdiniz ki, indi təklif olunan açıq-saçıq rollardan imtina edirsiniz. Bəs açıq-saçıq geyimlərdən?

- Mən gözəl və cəlbedici geyinməyi həmişə sevmişəm, indi də sevirəm. Əvvəla, indi geyim tərzimi tam dəyişmişəm. Çünki bir az kilo almışam. Amma qadının kompleksiyası açıq geyinməyə imkan verirsə, niyə də yox?! Məni şəxsən tanıyan insanlar bilirlər ki, adı həyatda idman üslubuna üstünlük verirəm..

- Amma bir zamanlar kifayət qədər açıq geyinirdiniz...

- Bəli. Çünki bu mənə yaraşırdı. Efirdə isə bir amplua idi.

-  Həm də subay idiniz...

- Bəli.

- Özünüzü yaşıdlarınız olan aktrisalar arasında neçənci yerdə görürsünüz?

- Birinci.

-  Səbəb?

- Mən hər yerdi birinciyəm. Niyəsi yoxdu.

-  Bunu siz belə düşünürsünüz, yoxsa kimsə belə deyib?

- Mənə mənim yaşımda olan. Tanıdığınız və mənim qədər yadda qalan bir neçə aktrisanın adını çəkin.

- Amma özünüz də etiraf edirsiniz ki, daha çox teleaparıcı kimi yadda qalmısınız. Həm də "Çatlama" verilişindəki libaslarınız o cür olmasaydı, çətin ki sizi kimsə yadda saxlayardı

- Çox böyük səhviniz var. Birincisi aktrisaları sadalaya bilmədiniz. İkincisi, biz peşəkar aktyorluqdan danışırıqsa, mənim oynadığım tamaşalar haqda çox dəyərli teatrşünasların müsbət rəyləri var. O ki qaldı «Çatlama» verilişinə, insanlar mənim təkcə ayaqlarıma yox, həm də qəlbimə valeh olmuşdular. Üç ildi efirlərdə olmasam da, müsbət enerjim və səmimiyyətim hamının yadındadır..

- Mən etiraz eləmirəm ki, yadda qalmamısınız. Amma hansısa rolla deyil, məhz aparıcı kimi. Bu bir aktrisa üçün zəiflik deyil?

- Xeyr.

- Bəs nədir?

- Aktrisa incəsənətin hər bir növünü az-maz bacarmalıdı. Mən özümü kifayət qədər güclü hesab edirəm.

- Deyəsən indiki görkəminizdən, çəkinizdən heç də razı deyilsiniz...

- Yox, razı deyiləm. Amma yenə də gözələm.

-  Bunu da siz belə düşünürsünüz, yoxsa?

- Hamı deyir. Mən də bunu hiss edirəm. Sadəcə film və televiziy üçün arıq olsam daha yaxşıdır. Hazırda çəkim 65 kiloqrmdır. Boyum isə 165 santimetr.

-Yaşıdlarınız arasında birinci olduğunuzu dediniz. Bəs yaşlı, ortayaşlı aktrisalardan kimləri fərqləndirərdiniz?

- Hamısına böyük hörmətim var.

- Amma?

- Bu sənətlə məşğul olan hər kəsə hörmət edirəm.

- Adlara gəlincə?

- Hamısı.

-Kimi daha çox fərqləndirirsiniz?

- Mehriban Zəki, Gülzar Qurbanova, Firəngiz Mütəllibova.

-  Maddi durumunuzdan razısınız?

- Allaha şükür. Amma peşəmdən qazandığımdan razı deyiləm.

-  Bəs nədən qazanırsınız?

- Teatrdan 130 manat məvacib alıram. Allah yoldaşımın canını sağ eləsin..

-  Ticarətçidir?

- Yox, hüquq mühafizə sistemində çalışar.

- Rütbəsi?

- Bu haqda danişmasaq olar?

-  İstənilən halda o da məvacib alır.

- Amma məndən daha çox məvacib alır.

- Gəlin, bir az da «Nəsillərarası savaş»dan danışaq. Sizcə, bu savaş nə vaxt bitəcək?

- Heç vaxt. Çünki savaş bitsə, inkişaf olmaz.

- Qəribə məntiqdir. Savaş olanda inkişaf olur?

-Məcazı mənada savaş. Bu teatr aləmində hər zaman olub və olacaq. Çünki insanlar dəyişmirlər. Allah ustadım Vaqif İbrahimoğluna rəhmət eləsin. Bizim teatrda heç vaxt belə şeylər olmayıb. Bilirsiniz, adicə evdə bəzən ailə bir qərara gələ bilməyəndə mübahisə, söz-söhbət yaranır, qaldı ki, müxtəlif insanlar bir toplumda olsun. Belə olanda hər kəs öz kaprizini nümayiş etdirir, özünü təsdiq eləməyə can atır…

-  Niyə bu gün  teatr aləmində parlayış hesab olunacaq hansısa yenilik, tamaşa yoxdur?

- …Bilmiram. Yəqin nəsə mane olur.

- Məncə təxminən 10 ildən sonra teatr aləmində böyük boşluq və uçurum yaranacaq...

- Amma bir söz deyə bilərəm ki, Vasqif İbrahimoğlu yaşasaydı, hər şey başqa cür olacaqdı. İndi gənc rejissor nəsli yetişib və onlar bölgə teatrlarının baş rejissorlarıdır. Həmin gənclərdən gözləntilərim daha çoxdur.

-  Səhnədə şedevr qoyacağına inandığınız rejissor var?

- Var. Özü də onlar 7 nəfərdirlər.

-  Kimlərdir onlar?

- Günay Səttar, Tural Mustafayev, Sahib Ağayev, Gümrah Ömər, Mikayıl Mikayılov, İradə Gözəl, Şahbaz Rəsul.

- Heç biri də tanınmış ad deyil. Harda işləyirlər onlar?

- Bunların yaşı 30-32 arasındadır. Günay Mingəçevir teatrının baş rejissorudur. Tural Mustafayev Lənkəran, Gümrah Ömər Gəncə teatrının baş rejissorudur. Bunlar ustadım Vaqif İbrahimoğlunun tələbələri olublar. Mədəniyyət və Turizm Nazirliyi adını çəkdiyim bütün rejissorları xarici teatrlara təcrübəyə göndərib.

-  Yəni tanınmış adlardan nəsə gözləmirsiniz?

- Məsələn kimdən? Məktəbi olan bir gənc rejissor deyin, mən də razılaşım. Bəlkə var. Mən bilmirəm.

- Əgər siz aktrisa ola-ola  bilmirsinizsə, mən necə bilə bilərəm?

- Deməli, mənə inanmalısınız.

- Yəqin ki əvvəl daha çox sevgi təklifləri, eşq elan edənlər olurdu?

- İndi buna ehtiyacım yoxdur. Həyatımda iki böyük sevgi yaşamışam. Qalan etiraflar isə vecimə də olmayıb.

- Belə anladım ki, indi belə təkliflər olmur..

- Axı mən buna şərait yaratmıram ki, kimsə gəlib mənə etiraf etsin.

- Bəs əvvəllər şərait yaradırdınız ki, bu qədər təkliflər və etiraflar olurdu?

- Subay olanda ünsiyyət qura bilirdim. İndi mən heç hara tək çıxmıram. Hətta Facebook-da mənə etiraflar gələndə o insanı səhifəmdən uzaqlaşdırıram. Çünki bu yoldaşıma qarşı hörmətsizlikdir.

-  Mütaliə edirsiniz?

- Çoxdandı etmirəm.

- Yeri gəlmişkən, yoldaşınızla tanışlıq tarixçəniz barədə bir neçə kəlmə.

- Canlı veriliş gedə-gedə otağa hansısa firmanın adından güllər gəlirdi, bahalı hədiyyələr göndərilirdi. Sonra verilişə 5 dəqiqə qalmış məni çağırıb güllər verirdi və sonra da məndən qaçırdı. Mən də düşürdüm onun arxasınca, yalvarırdım.

- Yəni indiki həyat yoldaşınıza…

- Bəli. Onu əldə eləmək üçün çox əziyyət çəkmişəm, sonra da ona əzab çəkdirmişəm. Təsəvvür edin, mən o zaman parlayırdım, hamı mənimçün ölürdü. Mən isə onun dalınca düşüb axtırardım ki, kiminlədi, hardadı. Biz ilk əvvəl tanış olanda o mənim aparıcı olduğumu bilmirdi və onunçun maraqlı da deyildi. Həyat yoldaşıma görə hər şeydən uzaqlaşdım. Bir-birimiz üçün hər zaman maraqlıyıq. Çox az insanlar belə sevgi yaşaya bilər. Onunla ailə qurmaq mənim sonum oldu. Amma onunla yaşadığım heç bir günə görə peşman deyiləm. Yəni daha zəngin karyeram ola bilərdi və mən bütün bunların əvəzinə sevdiyim insanı seçdim.

Yusuf Yusifbəyli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!