Modern.az

Qənirə Paşayeva İraqın millət vəkilləri ilə görüşüb

Qənirə Paşayeva İraqın millət vəkilləri ilə görüşüb

6 Aprel 2012, 11:23

Azərbaycanda səfərdə olan İraqın millət vəkilləri Fövzi Əkrəm Səmən və Macid Məhəmməd Halaf Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvləri, millət vəkilləri İlham Məmmədov və Qənirə Paşayeva ilə görüşüblər

Görüşdə Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun sədri İlham Məmmədov Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixə malik olduğunu və dövlətimizin müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimizin daha da genişləndiyini qeyd etmişdi. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirmişdir. İ.Məmmədov deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmış, iraqlı deputatların ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

  Millət vəkili  Qənirə Paşayeva da Azərbaycanın  İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib. Görüşdə millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bu istiqamətdə son vəziyyət barədə qonaqlara ətraflı məlumat verib.

 Azərbaycanı qardaş ölkə adlandıran İraqlı deputatlar Azərbaycana səfəri zamanı ölkəmizdə dinamik inkişafın şahidi olduqlarını vurğulamış və İraqın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduqlarını bildirmişlər. Qeyd edilmişdir ki, münasibətlərimizin daha da genişlənməsində parlamentlərin, xüsusən də dostluq qruplarının rolu böyükdür.

Görüşdə həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunulub və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır. Görüşün sonunda qonaqlara Azərbaycan Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar  və hədiyyələr təqdim edilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi