Modern.az

Gənc jurnalistlərdən narazılıq: Məsuliyyətsizlik, məddahlıq, yaltaqlıq...

Gənc jurnalistlərdən narazılıq: Məsuliyyətsizlik, məddahlıq, yaltaqlıq...

11 Fevral 2020, 12:09

Jurnalistika, jurnalist cəmiyyətin güzgüsüdür. Hadisələri olduğu kimi təqdim etmək, daim inkişafda olmaq bu sahənin əsas meyarlarından hesab olunur.

Bəs maraqlıdır, hazırda jurnalistlərin iş mexanizmi, informasiya ilə işləmək bacarığı necədir? Hazırda mətbuatımızın vəziyyəti nə yerdədir?

 

Modern.az bu suala cavab tapmaq üçün media nümayəndələri arasında sorğu keçirib.

 

“Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə hazırki mətbuatın əvvəlki dövrlərdən xeyli zəif olduğunu bildirib:

 

“Artıq 50 ildir ki, mətbuatdayam. Müşahidə edəndə görürəm ki, çox təəssüf olsun ki, hazırki mətbuatımız o dövrün mətbuatından xeyli geri qalır. Burada jurnalistlərin bacarığı, mətbuatın nüfuzunun aşağı düşməsi əsas məsələdir. Düzdür, indi jurnalistlərin çiyninə ağır yük düşür. Çünki indi beynəlxalq əlaqələr çox inkişaf edib, bir düyməni basmaqla bütün dünyadan xəbər ala bilmək mümkündür. Jurnalistin inkişafı üçün də bu yenilik böyük bir imkandır. Təbii ki, bu məqamda jurnalistdən bu qədər informasiya ilə işləmək bacarığı da tələb olunur. Düşünmək bacarığı lazımdır ki, bu qədər informasiyanın içərisindən oxucuya nə verə bilərsən. İndi kriminal informasiyalara jurnalistlər daha çox üstünlük verir. Kriminal informasiyaları da söz yox ki, ümumiləşdirilmiş şəkildə oxucuya çatdırmaq lazımdır, bu bizim həyatımızdır, qaça bilmərik. Lakin kriminal informasiyanı çörək ağacına çevirmək, ondan sui-istifadə edib cəmiyyətin əhvalını korlamaq indiki qədər heç bir dövrdə olmayıb. Mütəxəssislərin şərh və təklifi ilə bu cür hadisələri işıqlandırmaq olar ki, “necə edə bilərik ki, cəmiyyətdə belə problemlər yaşanmasın. Xüsusilə Azərbaycanda baş verən ailədaxili məsələlər mənəvi dəyərlərimizin alt-üst edilməsinə gətirib çıxarır”.

 

 

 

M.Süleymanov hazırda gənc jurnalistlərin məsuliyyət hissindən uzaq olduğunu deyir:

 

“İndi gənc jurnalistlərdə bəyəndiyim cəhət odur ki, fəaldırlar, öyrənməyə can atırlar və fərqlilik axtarışındadırlar. Bəyənmədiyim cəhət odur ki, əksər gənc jurnalistlərimiz məsuliyyət hissindən uzaqdırlar. Onlar cəmiyyətə çatdırdıqları informasiyanın nə ilə nəticələnəcəyini, cəmiyyətə təsirini düşünmürlər. Azərbaycanın mənəviyyatını pozan, ailə dağıdan informasiyaların yayımlanmasının məsuliyyətini gənclərimiz dərk edə bilmirlər. Onlar öz-özlüyündə düşünürlər ki, belə nformasiyaları təqdim etməklə cəmiyyətdə tanınacaqlar, hər kəs onlardan danışacaq. Lakin bu hal heç də belə deyil, gənclər informasiyanı bəzən çılpaq, şərhsiz verməyi bacarmalıdır. Azərbaycan mətbuatının evini yıxan həm də məddahlığın, yaltaqlığın olmasıdır. Layiq olmadığı haqda jurnalistlərin kiminsə haqqında boğazdan yuxarı söz deməyi indi geniş yer alıb. Kimsə yaxşı bir iş görürsə, onun adını çəkmək, qiymətləndirməkdə qəbahət yoxur, amma bu işi indi elə səviyyəyə gətiriblər ki, artıq cəmiyyət də informasiyadan uzaqlaşır. Cəmiyyətə ona yarınacaq informasiya lazımdır, tərif və yaltaqlıq yox”.

 

 

Bakı Dövlət Universitenin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə asan variant olaraq jurnalistikanın ixtisas kimi seçilməsindən və sahə jurnalistikasının olmamasından narazıdır:

 

“Azərbaycanda sahə jurnalistikası ürəkaçan deyil. Jurnalistikada hansısa sahə üzrə peşəkarlaşmış jurnalistlər demək olar ki, çox azdır. Burada da əsas məsələ qeyri-ixtisasların jurnalistikaya gəlişidir. Jurnalistikanın fəlsəfəsi var, nəzəriyyəsi var. Öz sahələrində özünü təsdiqləyə bilməyənlər, bu nəzəriyə və fəlsəfədən xəbərsiz olanların jurnalsitikaya gəlməyinin özü də ayrı bir problemdir. Bu da jurnalistikada qarışıq mənzərənin yaranmasına gətirib çıxarır. Jurnalist ilk növbədə informasiya ilə işləməyi bacaran, onun mahiyyətini bilən şəxsdir. Yəni, bu mənada hər qələm tutan gəlib bu sahədə çalışmamalıdır. Bir janrı digərindən fərqləndirməyi bacarmayan şəxsin gəlib peşəkar jurnalist olması mümkün deyil. Söhbət jurnalist təhsili olan həmkarlardan gedirsə, onların peşəkarlaşması üçün daimi olaraq araşdırma etmələri, təmsil etdikləri sahə üzrə yorulmadan yeniliklərə açıq olmaları və baş verən hadisələri yaxından izləmələri mütləqdir. Xüsusilə gənc jurnalistlər öz üzərilərində diqqətli olmalıdır. İllərin təcrübəsi ilə jurnalistin qələmi qələm olur”.

 

 

Media eksperti Müşviq Ələsgərli indi hər kəsin xəbər istehsalçısı olduğunu deyir:

 

“İndi xəbər istehsalçılarının çeşidi kifayət qədər genişlənib. Bu gün mobil telefonu olan, əli internetə çatan hər kəs xəbər istehsalçısıdır. Yəni kimin ki, qarşısına xəbər, hadisə çıxır onu informasiyalaşdırıb yayır. Bu baxımdan, jurnalistlərin işi bir qədər yüngülləşib. Amma məsələnin ikinci bir tərəfi var. Xəbər istehsalçısının çoxalması jurnalistikanın zəifləməsi anlamına gəlməməlidir. Çünki dünya monitorinq təşkilatlarının verdiyi məlumatlardır ki, sosial şəbəkələrdən yayılan informasiyaların 60 faizi yalandır. İndi jurnalistlərin missiyası daha da da artıb. Sosial şəbəkələrdə, onlayn resurslarda yayılan yalan xəbərlərin təkzib olunması yükü yenə də jurnalistlərin üzərinə düşür. Yəni indi jurnalistlər daha dəqiq, sanballı və peşəkar olmalıdırlar. Bu baxımdan, jurnalistlərin araşdırmaçı olmasına ehtiyac var. Lakin bunun üçün də media nümayəndələrinin ilkin informasiya mənbələrinə çıxış imkanları olmalıdır. Bu baxımdan da, ictimaiyyətlə işləyən qurumlar da bu yükü bilib, jurnalistlərlə əməkdaşlığa meyilli olmalıdır”.

 

M.Ələsgərli jurnalistlərin yeni texnologiya ilə işləmək bacarıqlarının zəif olduğunu bildirib:

 

“Jurnalistika dinamik, daimi inkişafda olan sahədir. Burada hər gün, hər dəqiqə həm texnoloji həm də kontent baxımından dəyişikliklər olur. Ona görə də yaşından asılı olmayaraq jurnalistlər öz üzərində çalışmalı, dövrün yeni texnologiyalarına uyğunlaşmağı bacarmalıdırlar. İndi jurnalistlərin yeni texnologiyalrla işləmək bacarığı bir qədər zəifdir. Burada məsuliyyət jurnalistlərlə bərabər jurnalistləri yeni texnologiya ilə təmin etməli olan jurnalist təşkilatlarının üzərinə düşür. Jurnalist təşkilatlarının məsuliyyətlərindən biri də odur ki, dünyada tətbiq olunan yeni təcrübələri öyrənib onu ölkə jurnalistlərinə çatdırsınlar. Çox təəssüf ki, bu sahədə də bizdə problem var. Çünki jurnalist təşkilatlarının fəlaliyyətinə yardım göstərilməsi, onların işlərinə dəstək verilməsi sahəsində çətinliklər var. Bu çətinliklər aradan qalxmalıdır və jurnalist təşkilatları da maarifləndirmə, yeni peşə prinsiplərini öyrətmə baxımından öz missiyalarını yerinə yetirə bilməlidirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir