Modern.az

“AzerGold”dan 8 milyon dollar xalis mənfəət

“AzerGold”dan 8 milyon dollar xalis mənfəət

Aktual

11 Fevral 2020, 15:06

“AzerGold” QSC 2018-ci ili 8,041 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

 

Modern.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 63,55% azdır.

 

2018-ci ildə “AzerGold”un qızıl satışından gəlirləri 58,37 milyon dollar (2017-ci illə müqayisədə 24,5% az), satışının maya dəyəri 38,986 milyon dollar (37,4% az), digər gəlirləri 313 min dollar (2,1 dəfə çox), digər əməliyyat xərcləri 281 min dollar (28,1% az), qeyri-maddi aktivlərinin dəyərsizləşməsindən zərəri 1,583 milyon dollar (əvvəlki il gəlir olub), ümumi və inzibati xərcləri 3,765 milyon dollar (36,6% çox), maliyyə xərcləri 4,118 milyon dollar (21,5% az), mənfəət vergisi ödəmələri isə 1,908 milyon dollar (əvvəlki il qənaət edib) təşkil edib.

 

2019-cu il yanvarın 1-nə “AzerGold”in aktivləri 110,783 milyon dollar olub ki, bu da illik müqayisədə 5,95% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9% azalaraq 101,54 milyon dollara düşüb, balans kapitalı isə 7,7 dəfə artaraq 9,243 milyon dollara çatıb.

 

Xatırladaq ki, "AzerGold" ölkə Prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. Hazırda onun nizamnamə kapitalı 12 milyon manatdır. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.

 

"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü