Modern.az

Braziliyalı jurnalist: Parlament seçkiləri məndə xoş təəssürat yaratdı

Braziliyalı jurnalist: Parlament seçkiləri məndə xoş təəssürat yaratdı

12 Fevral 2020, 15:48

Azərbaycana səfərim müddətində parlament seçkiləri, eləcə də gözəl ölkənizin reallıqları barədə dolğun məlumatlar əldə etdim. Burada gördüklərim məndə xoş təəssüratlar yaratdı. Topladığım faktlar və müşahidələrim əsasında hazırladığım reportajı braziliyalı oxuculara təqdim edəcəyəm.

 

Bu fikirləri “Agencia Brasil” agentliyinin jurnalisti Xose Romildo de Oliveyra Lima AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə səsləndirib. Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun da iştirak etdiyi söhbətdə Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan addımlardan, söz və mətbuat azadlığından, ölkədə həyata keçirilən hərtərəfli islahatlardan danışılıb, medianın inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan və Braziliya mediası arasında əməkdaşlığın önəmindən də bəhs olunan görüşdə braziliyalı jurnalist ölkəsində əsas xəbər agentliyi olan “Agencia Brasil” haqqında məlumat verib. Agentlik Braziliya KİV-ni xəbərlə təmin edən böyük informasiya təchizatçılarından biridir. Müasir dövrdə informasiya mübadiləsinin əhəmiyyəti nəzərə alınaraq “Agencia Brasil” və AZƏRTAC-ın əməkdaşlıq əlaqələri qurmasının zəruriliyi vurğulanıb. Qeyd edilib ki, aparıcı xəbər agentliklərinin tərəfdaşlığı iki ölkə arasında münasibətlərin genişlənməsinə böyük töhfə verə bilər.

 

Braziliyalı jurnalistə AZƏRTAC-ın fəaliyyəti haqqında ətraflı məlumat verilib, agentliyin 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, AZƏRTAC hazırda Associated Press (ABŞ), Reuters, Press Association (Böyük Britaniya), DPA (Almaniya), EFE (İspaniya) kimi mötəbər agentliklərin daxil olduğu Dünya Xəbər Agentlikləri Şurasının üzvü, həmçinin 35 ölkənin 43 aparıcı xəbər agentliyini birləşdirən OANA-nın vitse-prezidentidir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər