Modern.az

AzTV İctimai Televiziyanın müəlliflik hüququnu pozub

AzTV İctimai Televiziyanın müəlliflik hüququnu pozub

Ölkə

5 Yanvar 2010, 10:40

Həftənin hər bazar günü səhər saat 8.00-dan 10.00-dək İctimai Televiziyada (İTV) yayımlanan “Ovqat” musiqili bədii-ədəbi verilişlə bağlı qalmaqal yaranıb. Belə ki, yanvarın 3-də Azərbaycan tamaşaçısı səhər saat 8.00-da iki telekanalda bir-biri ilə eyni olan iki “Ovqat” verilişinin yayımlandığının şahidi olub. Həm İTV-də həm də AzTV-də “Ovqat” verilişi yayımlanıb. Maraqlıdır ki, AzTV-də yayımlanan “Ovqat”ı həmişə İTV-nin “Ovqatı”nda aparıcılıq edən Səyyarə Səyyaf aparıb. Bu, tamaşaçıların da təəccübünə səbəb olub.

Modern.az xəbər verir ki, İctimai Televiziya bu faktla bağlı açıqlama yayıb. İTV  bəyan edib ki, 2009-cu ilin sonunadək bu televiziyada yaqımlanan “Ovqat” verilişinin aparıcısı Səyyarə Səyyaf ailə-məişət problemləri ilə əlaqədar öz ərizisinə əsasən işdən çıxıb. Lakin S.Səyyaf İTV-dən çıxan kimi də AzTV-yə işə düzəlib. Maraqlıdır ki, xanım jurnalist Dövlət Televiziyasına özünün aparıcılıq etdiyi “Ovqat” verilişi ilə birgə köçüb. Nəticədə yanvarın 3-də Azərbaycan tamaşaçısı səhər saat 8.00-da iki telekanalda bir-biri ilə eyni olan iki “Ovqat” verilişinə tamaşa edib, həm İTV-də, həm də AzTV-də. İTV-də “Ovqat”ı başqa aparıcı, AzTV-də isə bu verilişdən tanıdığımız Səyyarə Səyyaf aparıb. İlk dəfə Dövlət Televiziyasında yayımlanan “Ovqat”ın birinci qonağı Azərbaycan Aşıqlar Birliyinin sədri, tanınmış şair Zəlimxan Yaqub olub.

İctimai Televiziya bəyan edib ki, AzTV bu addımı ilə müəllif hüquqlarını pozub. İTV bildirib ki, onun efirində populyarlıq və reytinq qazanan “Ovqat” verilişinin müəlliflik hüququ jurnalist Səyyarə Səyyafa deyil, televiziyaya məxsusdur. Ona görə də İTV-dən işdən çıxıb AzTV-yə keçən Səyyarə Səyyaf  “Ovqat” verilişini özü ilə apara bilməz.

Qeyd edək ki, AzTV-də yayımlanan “Ovqat”ın ilk qonağı Zəlimxan Yaqub bildirib ki, onu Dövlət Televiziyasına dəvət edəndə “Əhval-ruhiyyə” adlı verilişə çağırıblar. Sonradan isə şairə məlum olub ki, o, AzTV-nin hazırladığı “Ovqat”ın qonağı olub.  

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az-a bildirib ki, məsələ ilə əlaqədar şərh vermək istəmirlər. O, bu barədə jurnalist Səyyarə Səyyafın özündən soruşmağı məsləhət görüb. Səyyarə Səyyaf isə saytımıza bildirib ki, o, çəkilişdədir və münasibət bildirməyə vaxtı yoxdur. "Modern.az"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?