Modern.az

Oxuyur Flora Kərimova

Oxuyur Flora Kərimova

7 Aprel 2012, 12:40

Yalnız oxuyurmu? Yaradır. Təkcə ömür verdiyi mahnıları yox. Həm də insanlığı, ləyaqəti, sevgini – bütün eqoist çalarlardan uzaq humanizmi.

Amma ardınca anbaan, sətirbəsətir cızdığı portretini də yaradır. Flora Kərimova ucalığını stimullaşdıran portreti. Özündən bixəbər. O portretin necə yaranacağını düşünmək amacında görünmür. Əvəzsiz insan, təkrarsız şəxsiyyət, əsil sənətkar imicinə möhür vurduğunu anladığındandı yəqin.

...Anlamayanlar da var Flora xanımı. Amma gərək tapılmayaydı belələri. Kimisə sevməmək olar. Bu qəbahət deyil. Kimisə qazandığı sevgidən məhrum etmək niyyəti… Bu qəbahətdi. Belələri Uca Tanrının verdiklərinə də şərik çıxmağa cəhd edirlər. Ancaq cəhd edirlər. Onların kimliyi müqəddəs kitablardan bəllidi. Ancaq bizim mövzuya dəxli yoxdu belələrinin.

…Biz Flora xanımdan danışmaq istəyirik. İllərlə sevilə-sevilə, ucala-ucala yalnız özünə məxsus yol gələn Flora xanımdan.

     Ömrümün içindən keçdi bu qatar,
     Baxma, o qatarın dalınca baxma!

Şübhəsiz ki, gözəl mahnı, gözəl, dəyərli, məzmunlu mətnin üzərində yaranır. Amma mətnin melodiyayla vəhdətdə yaratdığı gözəllik sənətkarın onu – öz övladını necə ürəklə sevməsini, necə təqdim etməsini, onun nazını necə çəkməsini, ondan ötrü hansı duyğuları, hansı həyəcanları yaşamasını isbat edə bilən bir dəlildi. Bu yerdə yaşanan fəlsəfi məqamların izahını bütün təfərrüatı ilə verə bilmək, yaza bilmək sizlərə o qədər də asan gəlməsin əziz oxucular. Bu anları biz yaşayırıq. Flora xanım hər dəfə oxuyanda yaşayırıq. Savadımızdan, təbəqəmizdən, səviyyəmizdən asılı olmayaraq - hamımız yaşayırıq. Flora xanım özü yaşadır bu anları bizə. Məcburən. Amma bu o məcburiyyətdən deyil. Bu, sevgi məcburiyyətidi. Bu səmimi, humanist duyğuları bir həzin, əsrarəngiz SƏS-in sərhədlərində dinləmək məcburiyyətidir. O anda o sərhəddən qırağa çıxmaq heç kimin bacaracağı nəsnə deyil. Heç onu sevmək niyyətində olmayanların da...

Uşaqlar bir o qədər anlamırlar Flora xanımı. Amma səsinin sehrinə düşürlər. Qısa bir zaman kəsiyində. Elə bircə dəfə dinləməkləri yetərli olur bununçün. Bəlkə də indiki müğənni bolluğu, şou xarakterli müvəqqəti mahnılar elə özləri sayaq müvəqqəti aldadır onları. Amma görünür başqa səbəb də var. Flora Kərimova fəlsəfəsi əslində heç uşaqlar və “uşaqlar” üçün nəzərdə də tutulmayıb. Bu fəlsəfə həyatı və ətrafında baş verənləri dərk eləməyi bacaranlar, duyğusal insanlar üçündü.

               Bir axşam taksidən düşüb payıza
               Bilmədik haraya, hayana gedək.

İllərdir ki, insanlar bu fikrin qanadında müasirləşmiş Azərbaycan şeirinin dərinliklərini götür-qoy edirlər. Belə şeirlərdən qaynaqlanmış mahnılara əbədiyaşarlıq bəxş eləmək də Flora xanımın bəxtinə düşüb. Ramiz Rövşən, Vaqif Səmədoğlu kimi dövrünün dərin poeziyasını yaradan şairlərin əsərlərini xalqına çatdırmaq üçün yaradıb bəlkə də Uca Tanrı Flora xanımı. Elə mərhum bəstəkarımız Emin Sabitoğlu kimi sənətkarların da zəhmətini dəyərləndirmək üçün.

... Sələflərini sevib dəyərləndirdiyi kimi ardıcıllarını da həvəslə yaradır Flora xanım. Qıcıqlanmır mahnılarını başqaları yaxşı ifa edəndə. Bu da humanist duyğularla yaşamanın nümunəsidir. Onu heç vaxt tərk etməyən - insana, doğma xalqına sonsuz sevgi dayanır bu alicənablığın arxasında. Doğma xalqı ilə birgə nəfəs almaqdan daim qürur hissi keçirən, onun ağrılarını içində yaşadan, bircə damla yüksəlişini belə səmimiyyətlə, bir uşaq sevinci ilə qarşılayan Flora xanımın yaşadığı, ömrü boyu həyata keçirmək istədiyi müqəddəs niyyətli missiyasını qələmə almağı biz də özümüzə borc bildik. Bir azərbaycanlı kimi. Sağollaşmaq vaxtıdı. Elə Flora xanımın ifasında “Vətən” mahnısının yaratdığı düşüncələrin təsiri altında:   

     Dağlarına düşən şehdən,
     Bağlarına əsən mehdən
    Bir anamdan, bir də səndən 
    Doya bilmirəm, ey VƏTƏN!.. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi