Modern.az

Yarmakalar - satan razı,... bəs alan? - REPORTAJ

Yarmakalar - satan razı,... bəs alan? - REPORTAJ

7 Aprel 2012, 18:52

Maddi durumu aşağı olan vətəndaşlarımız həftəsonunu səbirsizliklə gözləyirlər. Belə ki, bu günlərdə həmin təbəqənin nümayəndələri kənd təsərrüfatı məhsulları  yarmarkasına üz tuturlar. Amma cibimizə sərf edir prinsipi ilə yollandığımız yarmarkalar heç də həmişə özünü doğrultmur.  Elə bu məqsədlə biz də Xətai rayonu ərazisində təşkil edilmiş kənd təsərrüfatı yarmarkasına yollandıq.



Əvvəllər bu yarmarka qəsəbədəki “Bakı” kinoteatrının yaxınlığında təşkil edilirdi. Amma son üç aydır yarmarkanın ünvanı dəyişdirilib. Bu səbəbdən də sözügedən yarmarka avtobus dayanacaqlarından uzaqda yerləşdiyindən xeyli məsafəni piyada getməli olduq.  Təxminən saat 11-də yarmarkada idik. Bazarda qələbəlik olsa da, alıcılıq qabiliyyəti aşağı idi.  

Satıcılar da bazardakı vəziyyətdən məmnun görünmürdülər.



Yarmarka sorağı ilə bura üz tutan alıcılar əksər halda əliboş geri qayıdırdılar. Düzü qiymətlər o qədər baha olmasa da,  alıcılar yenə də bahalıqdan şikayət edirdilər. Alıcıların narazı olduğunu görüb biz də qiymətlərlə maraqlandıq.

Belə ki, alıcılara təklif olunan kartofun kiloqramı 40-70, soğanın 20-25, kələmin kiloqramı isə 30-60 qəpik arasında dəyişir. Daha çox mövsümi məhsullar olan kök 30-70, çuğundur 50-70 qəpiyə satılır. Pomidor, xiyar mövsümü olmasa da,  bu məhsul bazarda kifayət qədər boldur. Belə ki, pomidorun kiloqramı 70 qəpik- 1manat 80 qəpik civarında dəyişir. Könlünə badımcan düşən isə bu məhsulun kiloqramına 3 manat xərcləməlidir. Yaz mövsümü, göy-göyərtinin bol olmasına baxmayaraq qiymətlər əvvəlki kimi qalıb. Belə ki, göyərtinin dəstəsi 15-20 qəpiyədir.

Yarmarkada bal satışını da görmək olardı. Daşkəsən balının dadından vaz keçmək istəməyənlər isə bu məhsula 15 manat verməlidir. “Kənd yumurtasının yerini heç nə vermir” deyənlər isə bu nemətin bir ədədinə 8-10 qəpik verməlidirlər.  







Alıcıların narazılıqlarını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri süni qiymət artımının qarşısını almaqdan ötrü bazara nəzarət edirdilər. Amma bəzi işbazlar nəzarətçilərin diqqətinin yayınmasından istifadə edərək qiymətləri süni şəkildə qaldırmaqdan belə çəkinmirdilər.  

Onu da deyək ki, yarmarkada olan zaman maraqlı məqamlarla üzləşdik.

Bəzi kənd təsərrüfatı məhsullarının üzərində qiymətlərin olmaması diqqətimizi çəkdi. Jurnalist olduğumuzu görüb təlaşa düşən satıcılar bizi qabaqlayıb qiymətləri tez-tələsik üzə çıxardılar.  Məsələn, ətin üzərində qiymət kağızının olmamasını soruşduqda küləyi borclu çıxartdılar. Satıcılar küləyin qiymət kağızını yerə saldığını dedilər. Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının müdaxiləsindən sonra qiymət kağızı ətin üzərinə qoyuldu.  

Yarmarkaya alıcı axınını görən səyyar satıcılar da fürstdən istifadə edib məhsullarını bazara çıxarmışdılar. 



Bazar qanunlarına bələd bəzi satıcılar müştəri cəlb etmək üçün məhsullarını müxtəlif bəzək formalarına salıb nümayiş etdirirdilər.

 
Hətta ət satıcıları müştəri  etibarını qazanmaq üçün məhsulun üzərinə maraqlı yazı da asmışdı. “5 qarın doğmuş mal əti 5 manata”. 


İki saatlıq müşahidədən sonra satıcılara “bazar olsun” deyib məkanı tərk edirik. Belə görünürdü ki, satan razıdır,.. bəs alan necə?... Alanlarların cavabı isə daha çox “narazıyıq!” idi... 

Müxbir: Gültəkin Ələsgər
Fotomüxbir: Elçin Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir