Modern.az

Sosial şəbəkələr - operativ, lakin şübhəli

Sosial şəbəkələr - operativ, lakin şübhəli

14 Fevral 2020, 17:04

Həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdən istifadə edənlərin sayı sürətlə artır. İnsanlar sosial şəbəkədən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Yeni bir platforma yaranıb, insanlar hər hansı bir məlumatı artıq saytlardan çox sosial şəbəkələrdən alırlar. 

 

Amma sosial şəbəkələr saytlar qədər etibarlı mənbə hesab olunurmu?

 

Məsələ ilə bağlı filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli Modern.az-a danışıb.

 

Ekspert hesab edir ki, estafetin sosial şəbəkələrə keçməsinin təbii bir proses olduğunu qəbul etmək lazımdır:

 

“Amma informasiyalar üçün sosial şəbəkələrin əsas mənbə seçilməsi çox məyusedici bir haldır. Yəni bunun əsas ciddi səbəbi odur ki, bizim ənənəvi media artıq o funksiyaları yerinə yetirə bilmir. Peşəkar və operativ ola bilmirlər. Məhz bu funksiyanı sosial şəbəkə yerinə yetirmiş olur. Sosial şəbəkələrdən hər hansı bir informasiyanı almaq olar, ancaq onun nə dərəcədə düzgün bir xəbər olmağını dəqiqləşdirmək lazımdır. Düşünürəm ki, bu kimi məsələlərdə peşəkar media dizini yerə qoymamalı, yəni sosial şəbəkə qarşısında məğlub olmamalıdır. Bunun üçün də çox ciddi çalışmaq, texnologiyaya yiyələnmək və peşə borcunu yerinə yetirmək daha vacib bir faktordur. Təbii ki, bütün bunları yerinə yetirməsələr, geniş auditoriya kütləsi məlumatları sosial şəbəkələrdə axtarmış olacaq”.

 

 

 

Qulu Məhərrəmli sosial şəbəkəni mötəbər bir mənbə hesab etmir.

 

“Yəni bəzi məlumatları sosial şəbəklərdən oxuyuram, ancaq onların düzgün bir informasiya olmağına şübhə ilə yanaşıram. Dəqiqləşdirmək lazım gələndə saytlara, özümün məlumat qaynaqlarıma müraciət edirəm. Mənə elə gəlir ki, bu kimi məsələlərdə sərhədləri dəqiq bilmək lazımdır”.

 

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə sosial şəbəkəni daha operativ bir mənbə hesab edir:

 

“Təqribən 10 il olar sosial şəbəkələrdən istifadə edirəm. Həmişə də deyirəm ki, türkiyəli müğənni İbrahim Tatlısəsin vurulmağı ilə bağlı ilk xəbəri mən sosial şəbəkədən aldım. Daha sonra televiziya və elektron mediadan almış oldum. Yəni sosial şəbəkə operativlikdə televiziyanı da, saytları da qabaqlayır. Bu mənada yeni bir mənzərədir ki, vətəndaşın özünü ifadə etməsi, medianın bir çox funksiyaları artıq sosial şəbəkəyə köçüb. İndi sosial şəbəklər həyatımızın tərkib hissəsinə çevrilib. Günümüzün reallığı budur və biz də onu qəbul etməliyik. Çoxluğun burada olması, şübhəsiz ki, xeyli dərəcədə xaotik bir ovqat yaradır. Bəzi insanlar nəyin düz, nəyin yalnış olduğunu aydınlaşdıra bilmirlər. Hesab edirəm ki, zamanla sosial şəbəkələrdə də etibarlı profillər yaranacaq və daha çox diqqət mərkəzində olacaq. Düşünürəm ki, sosial şəbəklər medianın bir növüdür və biz də bununla razılaşmalıyıq”.

 

 

Baş redaktor vurğulayıb ki, sosial şəbəkələri etibarlı mənbə hesab etmək də düzgün deyil.

 

“Ən azından medianın bir məsuliyyət hissi var. Ancaq əksər hallarda sosial şəbəkələrdə məsuliyyət hissi olmur. Hələ ki, sosial şəbəkə tam etibarlı kütləvi informasiya vasitəsi kimi qeyd oluna bilməz. Çünki burada müxtəlif maraqlar da var, düşüncəsi yerində olmayan insanların yaydıqları xəbərlər də var. Bu səbəbdən sosial şəbəkəni etibarlı yox, operativ bir informasiya vasitəsi adlandırmaq daha doğru olar. Klassik və yeni media çalışmalıdır ki, sosial şəbəkədə yayılan hər hansı bir yalan məlumatın vaxtında qarşısını alsın. İnsanların ictimai fikirlərinin səhv bir istiqamətə yönəlməsinə imkan verməsinlər”, - deyə Rəşad Məcid qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir