Modern.az

Korrupsiya ilə bağlı 497 vəzifəli şəxsin cinayət işi məhkəmələrə göndərilib

Korrupsiya ilə bağlı 497 vəzifəli şəxsin cinayət işi məhkəmələrə göndərilib

Aktual

14 Fevral 2020, 18:19

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib.

 

Modern.az xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

 

Belə ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, həmin işlər üzrə 83.8 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödətdirilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödətdirilməsi təmin edilib.

 

Hesabat ilində Baş İdarə tərəfindən qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, vətəndaşlara qarşı dələduzluq etmiş mənzil-tikinti kooperativlərinin rəhbərləri barədə, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv istintaq tədbirləri davam etdirilib.

 

Eyni zamanda ölkə Prezidenti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılan və 3 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmaqla azad sahibkarlıq mühitində rəqabətliliyə neqativ təsir edən kölgə iqtisadiyyatı, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsi barədə verilmiş göstərişlər nəzərə alınaraq, Baş Prokuror tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə İqtisadiyyat Nazirliyi və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə beynəlxalq təcrübə öyrənilməklə təkliflərin hazırlanması və qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

 

Hesabat dövründə ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatlarının nəticələrinin “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi illik hesabatlarda öz əksini tapmaqla təşkilatın 2019-cu ilin nəticələri üzrə dərc etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycanın 2018-ci illə müqayisədə 26 pillə irəliləməsi xüsusi vurğulanıb.

 

Xüsusilə vurğulanıb ki, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi nəticəsində idarəçilik sistemində, o cümlədən vergi və gömrük sahələrində aparılan islahatların dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırması, həmçinin dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi yönündə formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 17 mərkəzə çatdırılması, yarandığı gündən keçən qısa müddət ərzində 35 milyondan çox müraciətin daxil olması, habelə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi “DOST” mərkəzlərinin fəaliyyətə başlaması ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin bariz nümunəsidir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir