Modern.az

Müraciətlərə biganə münasibət göstərilməsin - Baş prokuror tapşırıq verdi

Müraciətlərə biganə münasibət göstərilməsin - Baş prokuror tapşırıq verdi

14 Fevral 2020, 18:28

Vətəndaşların müraciətlərinə biganə münasibət göstərilməməlidir. 

 

Modern.az xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

 

Z.Qaralovun sözlərinə görə, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb:

 

"Hesabat dövründə prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib.

 

2019-cu ildə bütövlükdə prokurorluq orqanlarına 81 min, o cümlədən Baş Prokurorluğa 65 min ərizə və şikayət daxil olmaqla, onlardan 42 mininin  müvafiq qaydada həlli, o cümlədən 9 min müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunmuşdur. Prokurorluq orqanlarında 26 mindən çox, o cümlədən Baş Prokurorluqda 2 minə yaxın vətəndaş qəbul edilib. Prokurorluğun əlaqədar qurumlarından tələb edilmişdir ki,  müraciətlərə baxılması və vətəndaşların qəbulu  sahəsində əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması təmin edilməli, müraciətlərə formal yanaşılmamalı, eləcə də qəbula gələn hər bir vətəndaşın  müraciətinə həssaslıq və məsuliyyətlə yanaşılmaqla biganə münasibət göstərilməməli, onların müsbət həlli istiqamətində səlahiyyətləri daxilində bütün mümkün  imkanlardan istifadə edilməlidir".

 

Baş prokuror xüsusi vurğulayıb ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 282 vətəndaş qəbul edilməklə, qaldırılan məsələlərin yerində həlli və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir