Modern.az

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On səkkizinci və on doqquzuncu söz

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On səkkizinci və on doqquzuncu söz

Ədəbi̇yyat

17 Fevral 2020, 11:40

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara söz”ü təqdim edir.

 

On səkkizinci söz

 

İnsan sadə geyinib,  paltarını  təmiz saxlaması,  əyi-başının çirkləndirməməsi xoşagələn bir işdir. Geyimə çox pul xərcləmək, özünü paltarla gözə soxmaq, xarici görünüşü haqqında çox düşünmək geyinib-bəzənən arvadların şakəridir.

Geyim-keçim aludəçiləri də iki cür dür: onlardan biri üzünü, bığlarını, saqqalını, bədəninin müxtəlif hissələrini tumarlamaqla məşğul olar, gah barmaqları ilə saçlarını eşələyər, ya barmaqlarını alnına döyər, ya qaşlarını və gözlərini oynadar, gah da diqqət çəkmək üçün  dirsəklənib oturar. Digər tip isə, əyndəki paltarın qayğısına qalar, atını və paltarını təmiz saxlayar, ətrafda olan hər kəsə  göstərməyə çalışar, beləcə zərif və cəlbedici davranışla özünü ətrafındakı  həmyaşıdı oğlanlardan daha fərqli olduğunu göstərmək istəyər. Yanındakı həmyaşıdlarında özünə qarşı həsəd yaradar, özündən aşağı səviyyədə olanların onun haqqında:- “ Eh dünya... onun atı kimi atım olsaydı, onun paltarlarından biri də mənim olsaydı, bir başqa dərdim olmazdı”- fikirlərini deyənlərin yanında özünü  yuxarı çəkər.

Bunun hamısı təlxəklik və axmaqlıdır. İnsan belə düşünməməlidir. Əgər bir kişi geyimə, paltara aludə olubsa, onun yenidən insan olması çətin bir işdir. Mən zahiri bəzək marağında olanlardan uzaq durmağı tövsiyə edirəm. İnsan ətrafındakılardan geyim-keçimi ilə deyil, biliyi, özünü aparmaq qabiliyyəti, savadı, tərbiyəsi, mənəviyyatı, bacarığı ilə seçilməlidir. Paltarla özünü  fərqləndirənlər isə ancaq maymaqlardır.

1893.

 

On doqquzuncu söz

İnsan doğulduğunda hələ şüuru olmur.  İnsan oğlu dünyanın yaxşı –pisini  eşidərək, görərək, hiss edərək, dadaraq tanıyır. Beləcə  gördükləri, qavradıqları çoxaldıqca insan kamilləşir, bilikləri artır. Ağıllı adamların  sözlərini eşidib ,əməl edən özü də ağıllı olur. Lakin ağlına gələn hər hansı bir işi görmək də çox vaxt doğru nəticə vermir. Əgər insanın özündən böyük ağıl sahiblərindən bilgiləri  diqqətlə öyrənsə, qazandığı biliklərini, əqli xüsusiyyətlərini   pis işlər görməyə yönəltməsə, o zaman ağlı ilə bir işə yarayacaq, qarşısına qoyduğu məqsədinə çatacaq.  Yox əgər, böyüklərin nəsihət və söhbətlərindən bir nəticə çıxarmasa, bu sözləri faydasız və mənasız sayarsa, həmin deyilənlərin dərinliyinə varmasa, deyilən fikirlərin doğruluğunu anlamasa və ya bir qulağından alıb, o biri qulağından ötürəcəksə, bunun heç bir faydası olmayacaq.  Müdriklərdən biri deyib ki,  “dəyərli sözlərin qiyməti bilinməyən kütlənin içərisində insanlara nəyisə başa salmaqdansa, özünü tanıyan donuzu  otarmaq daha yaxşıdır”.

1893.

 

Tərcümə etdi: Aida Eyvazlı

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir