Modern.az

Fərid Şəfiyev: “Cenevrə görüşü son illərin ən gərgin danışıqları idi”

Fərid Şəfiyev: “Cenevrə görüşü son illərin ən gərgin danışıqları idi”

18 Fevral 2020, 10:16

“Bu Ermənistan və Azərbaycan rəhbərləri arasında ilk publik diskussiya idi. Ona görə, bu ilk müzakirələrdən çox şey gözləmək düzgün olmazdı”.

 

Bunu Modern.az-a açıqlamasında Münhendə keçirilən rəhbərlər arasındakı debatın nəticələrindən danışarkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O hesab edir ki, Ermənistan rəhbərliyinin konstruktiv müzakirə aparmağa hazırsızlığı Münhendə sübut olundu:

“Debatlar zamanı köhnə iddialar - Ermənistanın münaqişədə rolu, Xocalının inkar olunması, beynəlxalq hüquq normalarının təhrif olunması və s. məqamlar təkrarlanır. Hansı ki, biz bunlarla razı deyilik və Azərbaycan prezidenti tərəfindən buna cavab verilib.

Hər halda belə debatların keçirilməsi ölkələrin mövqeyinin nədən ibarət olduğunu müəyyənləşdirməyə imkan verir. Bütün bu mənfi məqamlara rəğmən bəzi konstruktiv məqamlar da debatda qeyd olunub. Məsələn, 2019-cu ildə cəbhə xəttində gərginliyin azalması müşahidə olunub. Buna isə Azərbaycan şərait yaradıb. Çünki işğalçılar bizim torpaqlarımızda yerləşdirilib və məhz biz gərginliyin azalmasına imkan yaratmışıq. Bunun davam etməsi və danışıqlara da müsbət təsir göstərə biləcəyi vurğulanıb”.

 

Fərid Şəfiyev sosial medialarda gərginliyin azalmasının isə çətin olduğunu düşünür. Çünki bura dövlət tərəfindən nəzarət olunmur:

“Paşinyanın verdiyi bəyanatlar, bir-birinə zidd fikirlər erməni auditoriyasına yönəlmişdi. Bu baxımdan Paşinyanın orada vəziyyəti mürəkkəbdir. O özünü daha radikal, daha millətçi göstərməyə çalışırdı.

Amma diskussiyanın konkret nəticələrini qeyd etmək çətindir. Cenevrədə XİN rəhbərlərinin görüşü, sonuncu danışıqlar olduqca gərgin keçib. Bu, son illərin ən gərgin danışıqları idi. Biz belə hiss edirik ki, təzyiqlər son vaxtlar Ermənistan tərəfinə yönəldilib. Ermənistandan konkret substantiv addımlar gözlənilir. Bu təbii ki, bizim üçün müsbət məqamdır”.

 

Mərkəz rəhbəri nəticə olaraq, diqqətə çatdırıb ki, tərəflərin də vurğuladığı kimi, münaqişə birdəfəlik həll edilə bilməz, yalnız addım-addım həll olunmalıdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi