Modern.az

Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ

Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ

Reportaj

10 Aprel 2012, 14:27

AMİP liderinin tələbə yoldaşı, Səddam Hüseynlə işləyən tərcüməçi və digərləri...

Azərbaycan vətəndaşları hər gün bu ünvana yüzlərlə məktub yazır. Şikayətlər, təşəkkürlər, xahişlər… Bu şəxslərin zəhmli üzlərini bəzən TV-lərdə görürük, qəzetlərdə müsahibələrini oxuyuruq. Onların çıxışları rezonans yaradır, polemika açır, müzakirələrə səbəb olur.
“Ağ Ev” adlandırılan Prezident Administrasiyası 2009-cu ildə ölkədə keçirilmiş referendumdan sonra yaradılıb. Qurum əvvəl uzun müddət Prezident Aparatı adlanıb. Bəs bu böyük və əzəmətli sarayda işləyən vəzifə sahibləri barədə nə bilirik?

Modern.az Adminsitrasiyada işləyən vəzifə sahiblərinin karyeraları barədə məlumatların təqdimatını davam etdirir.

Etibar Məmmədovun tələbə yoldaşı olan Nağdəliyev

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir. 1957-ci ilin noyabrında Bakıda anadan olan Z.Nağdəliyev Azərbaycan Dövlət Unversitetinin Tarix fakültəsini bitirib. Tarix elmləri doktorudur. Sovet Azərbaycanında elitar və bahalı fakültələrdən sayılan Tarix fakültəsinin tələbələri həm də partiya üçün gələcək  kadrlar hesab olunurdu. Onlar burada təkcə tarixi öyrənmir, həm də ideoloji tezisləri mənimsəyirdilər. Tələbəliyi 70-ci illərə düşən Nağdəliyevin gözü önündə unversitetdə milli ab-hava və ilk tələbə liderlər yetişib. Z. Nağdəliyev partiyanın “kiçik qardaşı” sayılan komsomol sıralarında karyera qurmağa başlayıb. Onun karyerası texniki-peşə məktəbindən başlanıb. 1981-82-ci illərdə 55 saylı peşə məktəbinə komsomol komitəsinin katibi göndərilən Nağdəliyev burada çox qərar tutmur. 1982-ci ilin isti avqust günündə onu “mərkəzə” - Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsinə ((LKGİ MK) təlimaçı vəzifəsinə qəbul edirlər. SSRİ-də Qorbaçov “yenidənqurması” başlananda Z. Nağdəliyev artıq mühüm post tuturdu. O, LKGİ-nin Əzizbəyov rayon komitəsinin birinci katibi idi. Altı ay burada işləyən Nağdəliyev 1986-cı iilin aprelində yenidən “mərkəzə”- LKGİ MMK-ya qayıdır. Burada ona idman, Hərbi–kütləvi işlər şöbəsinin müdiri vəzifəsi tapşırılır. 1987-ci ildə isə o artıq qurumun “ağır” yeri olan Təşkilatı-kadr işləri şöbəsinə rəhbərlik edir.
Komsomolçu Nağdəliyev bu vəzifədə ağır bir dönəmi- Bakıda 20 yanvar faciəsini qarşılamalı olur. O, SSRİ-yə qarşı kütləvi nifrət və etirazın təzahürü olan partiya biletlərindən imtina kampaniyasının ağır yükünü çiynində daşımalı olur. Gərgin və siyasi ehtirasların tuğyan elədiyi 90-cı illərdə soyuqqanlı olan Nağdəliyev kareyrasını davam etdirir. 1990-cı ilin iyulunda LKGİ MK-nın katibi postuna irəli çəkilən Nağdəliyev bu postunu müstəqil Azərbyacan dövləti sistemində saxlayır. Partiya və komsomol sistemin dağılmasından sonra yerində yeni təşkilat kimi yaradılan Azərbaycan Gənclər Təşkilatı onun xidmətlərindən imtina etmir. Nağdəliyev yeni qurumda köhnə katib postunu 1994-cü ilə qədər saxlaya bilir.  
1994-cü il Z. Nağdəliyev üçün karyera baxımından ən çətin illər olur. O Azərbyacanı tərk edərək Rusiyaya gedir. Burada özünün köhnə əlaqələri hesabına bir müddət yaşayan Z.Nağdəliyevin komsomol kareyrası onun karına gəlir. 2001-ci ildə o, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru təyin edilir. Bu artıq yeni təşkilat və tamam ayrı dövlət idi. Burada işlədiyi müddətdə Z. Nağdəliyev Azərbyacan hakimiyyətinin diqqətini cəlb edə bilir. Nəticədə o, prezident Heydər Əliyevin sərəncamı ilə 2003-cü ilin aprelində Lənkəran İcra Hakimiyyətinin başçısı təyin olunur. Burada 2005-ci ilin sonuna qədər çalışan Z.Nağdəliyev Azərbaycan siyasi tarixində yadda qalan iki seçkiyə cavabdehlik daşıyıb. 2003-cü ilin prezident  və 2005-ci ilin parlament seçkilərinə. Çox gərgin siyasi atmosferlə müşayət olunan 2003 seçkiləri Lənkəranda polislə ciddi qarşıdurma ilə yadda qaldı. 2005-ci il seçkiləri Z.Nağdəliyevin sonrakı kareyarsı üçün bir təkan oldu. O həmin ildən etibarən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edildi.
Qeyd edək ki, Zeynal Nağdəliyev AMİP lideri Etibar Məmmədovun tələbə yoldaşı olub.

Lomonosov adına MDU-nun məzunu

Əli Məhəmmədəli oğlu Həsənov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiridir. O, 1963 cü ilin martında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əli Həsənov Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub. Dostlarının xatırlamasına görə, Bakı Dövlət Unversitetində əlaçı tələbə olan Ə.Həsənov ictimai fəallıığı ilə də seçilib. İkinci kursda oxuyarkən tələbə olmasına baxmayaraq, öz təşəbbüsü ilə arxeoloji ekspedisiya təşkil edilməsinə nail olaraq, ona rəhbərlik edib. Naxçıvanın ərazisində yerləşən Qazma mağarasının abidələrinin aşkar edilməsi və öyrənilməsi onun adı ilə bağlıdır.
SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitiirən Ə.Həsənov tarix elmləri doktorudur. Moskvada dissertasiya işini vaxtından xeyli əvvəl başa vuran Həsənov  müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır. Onun SSRİ-də milli məsələnin tədqiqinə həsr olunmuş dissertasiya işi sovet dövlətinin yeritdiyi milli siyasətin əsl mahiyyətinin ortalığa qoyulduğu ilk tədqiqat işlərindən biri olub.
1990-cı ilin qanlı yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən biri olan Əli Həsənov Bakıda törədilmiş qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət alan Ümummoskva hərəkatının ön sıralarında olub.
Azərbaycanda onun əmək fəaliyyəti 1992-ci ildə Naxçıvan Dövlət Unnversitetindən başlanıb. Həmin il ali məktəbin tədris şöbəsinə inspektor təyin olunan Ə.Həsənov 1993-cü ilə qədər burada çalışıb. Daha sonra siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olur. Partiya işindəki fəal iştirakı onu diqqətdən kənarda qoymur. 1993-cü ildə mərhum Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ə.Həsənov partiya strukturlarında işləməyə çağrılır. O, 1994-95-ci illərdə  Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilir. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunur. 1995-ci ilin sentyabrında hakim partiyada ideoloji işə cavabdeh olan Ə.Həsənov Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunur. O, 1996-cı ildən bu şöbəyə rəhbərlik edir. 2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Ramiz Mehdiyevin keçmiş köməkçisi

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Adminsitrasiyanın ən gənc kadrıdır. Elnur Kazım oğlu Aslanov 1977-ci ilin yanvarında Bakıda anadan olub. Onun iki ali təhsili var. E.Aslanov BDU-nu və “Azərbaycan” Unversitetini bitirib. Siyasi elmlər namizədidir. E.Aslanovun karyerası hakim YAP-ın qərargahından başlanıb.
1997-ci ilin yanvarında 19 yaşlı Elnur hakim partiyanın Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı vəzifəsinə təyin olunur. Bir müddət bu vəziifədə çalışan E.Aslanov daha sonra baş referent olur. O, YAP-ın baş ofisində 4 il çalışıb. 2001-ci ildə E.Aslanovun karyerasında ciddi dəyişikliklər başlanır. Həmin ilin aprelində o,  Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektoruna referent vəzifəsinə aparılır. Daha sonra irəliləyərək böyük məsləhətçi olur. Bu vəzifədə iki il çalışdıqdan sonra İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin köməkçisi vəzifəsinə təyin olunur.
2007-ci ildən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdirdir. Vaxtaşırı onun mediada siyasi proseslərlə bağlı politoloji təhlillərini oxumaq mümkündür. 2011-ci ildə Dağlıq Qarabağda yaşayan 13 yaşlı erməni məktəblisinin məktubuna yazdığı cavab o zaman ciddi rezonans doğurmuşdu.
Elnur Aslanov Milli Məclisin deputatı Rəbiyyət Aslanovanın oğludur.

Dövlət nəzarəti aparan baş prokuror maüavini

Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Qasım oğlu Nuriyevdir. E.Nuriyev 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E.Nuriyev  1-ci dərəcəli dövlət müşaviridir.
O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E.Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E.Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E.Nuriyev burada 6 il çalışıb. 2006-cı ildə o, “köhnə peşəsi”nə prokurorluq sisteminə qayıdır. 2006-cı ilin aprelində Baş Prokurorluğa əmri verilən E. Nuriyev Baş prokurorun müavini vəzifəsinə təsdiqlənir. Daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.

3 prezidentlə işləmiş keçmiş “Qosplan”çı

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovdur. 1943-cü ildə Ermənistan SSR-nin Zəngibasar rayonunun Şura kəndində anadan olan M.Rəhimov Azərbaycan Xalq Təsərrüfatı İnstitutununn məzunudur. İqtisad elmləri namizədidir.
Onun əmək fəaliyyəti “Xruşşov ilıqlaşması” adlandırılan 60-cı illərdən başlayıb. 1966-cı ildə   Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda işləməyə başlayan M.Rəhimov burada iqtisadçı vəzifəsindən bölmə müdiri vəzifəsinə qədər yüksəlib. 15 il bu müəssisədə işlədikdən sonra 1981-ci ildə o, Dövlət Plan Komitəsinin Xalq təsərrüfatının planlaşdırılması şöbəsinə rəis müavini təyin olunur. Daha sonra M.Rəhimov 1986-cı ildə Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna şöbbə müdiri olub.
M. Rəhimov beş il ali məktəbdə müəllim kimi fəaliyyət göstərib. 1986-1991-ci ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunun Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə edilməsi kafedrasının dosenti olub. Azərbaycan müstəqilliyini elan etdiyi zaman - 1991-ci il oktyabrın 18-dən bir həftə sonra M.Rəhimov Prezidentin İcra Aparatında məsləhətçi vəzifəsinə təyin edilir. İki ay bu vəzifədə çalışan M.Rəhimov həmin ilin dekabrında Prezidentin İcra Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinə müdir təyin olunur. M.Rəhimovun karyerasına o dövrün təzadlı və böhranlı siyasi prosesləri təsir etməyib. Belə ki, AXC hakimiyyətə gələndə M.Rəhimov “köhnə komanda”nın kütləvi işdənçıxarılma prosesindən kənarda qala bilib.
O, 1992-ci ilin məşhur “may siyasi böhranı”nın ən gərgin günlərində - mayın 12-də Prezidentin  İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin edilir. M. Rəhimov yeni vəzifəni yeni hakimiyyətlə qarşılamalı olur. 1992-ci ilin mayın 15-də Azərvbaycanda hakimiyyətə Azərbaycan Xalq Cəbhəsinin yeni komandası gəlir. M. Rəhimov bu vəzifədə 1993-cü ilin mayına qədər çalışır.
Onun yeni vəzifə təyinatı polkovnik Sürət Hüseynovun Gəncə qiyamı ilə eyni günə düşüb. Rəsmi karyera xronologiyasında göstərilir ki, M.Rəhimov 1993-cü il iyunun 4-də  Azərbaycan Respublikasının Milli Bankının İqtisadi tədqiqatlar və pul-kredit siyasəti idarəsinin rəisi təyin olunub. Bu postda 1993-cü ilin dekabrına qədər çalışan M.Rəhimov həmin ilin dekabrında  Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsinə böyük məsləhətçi təyin olunur. 3 il bu vəzifədə çalışan M.Rəhimov 1996-cı ilin iyununda Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsinin müdiri təyin olunub.
2005-ci ildən Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiridir.

Deputat kürsüsündən PA-ya keçid edən ekspert...

Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Kamal oğlu Əmiraslanovdur. 1971-ci ilin iyulunda Bakıda anadan olan A.Əmiraslanov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İqtisad elmləri namizədidir.
A.Əmiraslanov 1993-cü ildə, 22 yaşında Milli Bankın İqtisadi tədqiqatlar və pul-kredit siyasəti idarəsində aparıcı iqtisadçı vəzifəsinə təyin olunub. Həmin ilin noyabrında o, Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankında aparıcı iqtisadçı vəzifəsinə göndərilib. 1994-cü ilin mayına qədər bank sektorunda çalışan A.Əmiraslanov 1994-ci ildə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinə böyük məsləhətçi təyin olunur. 1998-ci ilə qədər burada çalışan A.Əmiraslanov may ayında Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsinə məsləhətçi göndərilir. 2000-ci ilə qədər bu postu tutan Əmiraslanovun sonrakı karyerası bir qədər ayrı müstəvidə baş tutub. O, 2001-ci ilin ilk günlərində İqtisadi Təhlil və Konsaltinq Mərkəzi yaradaraq qurumun direktoru olur. 2003-cü ilə qədər bu Mərkəz mediada özünün təhlilləri və araşdırmaları ilə çıxış edir. A.Əmiraslanov KİV-də həmin dövrdə ciddi ekspertlərdən biri sayılırdı və qəzetlər onun müsahibələrini vaxtaşırı yayımlayırdılar.
2003-cü ilin mayında A. Əmiraslanov Almaniya Texniki Əməkdaşlıq Agentliyinnin (GTZ), Makroiqtisadi məsələlər üzrə baş iqtisadçı vəzifəsinə gətirilir. Bir il burada işləyəndən sonra o, yeni yaradılmış “AtaHoldinq” ASC-də yüksək vəzifəyə dəvət alır. 2004-cü ildə A.Əmiraslanov AtaHoldinq” ASC-nin İdarə Heyətinin üzvü, Strategiya və biznesin inkişafı departamentinin direktoru təyin olunur. Bir il bu vəzifədə çalışdıqdan sonra A.Əmiraslanov özünü deputat kimi sınamaq qərarına gəlir və 2005-ci ildə keçirlən parlament seçkilərinə namizəd kimi qatılır. Seçkilərdə qalib gələn Əmiraslanov III çağırış Milli Məclisinin deputatı seçilir. Onun iqtisadiyyat sahəsindəki keçmiş karyerası burada diqqətdən kənarda qalmır. A.Əmiraslanov Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini seçilir. Lakin o, deputat karyerasını tam başa vurmağa macal tapmır. 3 il deputat mandtı gəzdirdikdən sonra A.Əmiraslanov 2008-ci ilin sentybarımda Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinə müdir təyin edilir. Hazırda bu vəziifədə çalışır.

İrqada və Suriyada işləmiş keçmiş tərcüməçi

Tələt Tahir oğlu Məcidov Prezident Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiridir. 1945-ci ilin may ayında Bakı şəhərində anadan olan T. Məcidov Azərbaycan Dövlət Universitetini bitirib. İqtisad elmləri namizədidir. Onun 60-cı illərdə başlanan karyera yolunun bir neçə ili müxtəlif xarici ölkələrdə keçib. T.Məcidov 1968-70-ci illərdə SSRİ Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsinin  tərcüməçisi kimi Əlcəzair, Suriyada  çalışıb. 1977-ci ildə vətənə qayıdan Məcidov Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda  aspirantı olub. Daha sonra burada laborant, kiçik elmi işçi vəzifəsində çalışıb. 1977-cilin aprelində o, yenidən xaricə göndərilib. SSRİ Xarici İqtisad Əlaqələr üzrə Dövlət Komitəsinin tərcüməçisi kimi İraqa göndərilən T. Məcidov Səddam Hüseynin rəhbəri olduğu bu ölkədə 1980-ci ilə qədər işləyib. 
1981-ci ildə o, SSRİ dönəmində nufuzlu bir qurum olan  Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutuna baş elmi işçi göndərilir. 1983-cü ilə qədər burda çalışan Məcidov həmin il partiyanın mərkəzi orqanına təyinat alır. Azərbaycan KP MK aparatına əvvəlcə təlimatçı vəzifəsinə gələn T. Məcidov sonradan burada sektor müdiri olur. SSRİ-nin son illəri olan mürəkkəb 90-cı illərdə Məcidovun karyerası partiya işində davam edir. O, 1990-cı ilin dekabrında  Prezidentin İcra Aparatında Xarici siyasət məsələlər üzrə müşavirin xidmətinin məsləhətçisi təyin olunur.  1992-ci ilin may ayının 12-də T. Məcidov Prezidentin Xarici siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin məsləhətçisi, daha sonra baş məsləhətçi təyin olunur. O bu vəzifədə 1999-cu ilə qədər işləyib. Həmin il Bakı şəhəri Səbail rayonu İcra hakimiyyətinin başçısı təyin olunan  T. Məcidov bu vəzifədə 2005-cii ilə qədər əyləşib.
2005-ci ildən Prezident Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiridir.

Şikayətlərə baxan keçmiş müəlllim

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Abbas oğlu İsmayılovdur. 1957-ci iln iyulunda Naxçıvan MR-nın Babək rayonunun Nehrəm kəndində anadan olan İsmayılov Azərbaycan Dövlət Universitetini bitirib. 
1982 ci il ərzində 26 Bakı komissarı adına rayonun 236 nömrəli orta məktəbində müəllim işləyən S.İsmayılov tezliklə komsomol xəttinə keçir. 1982-ci ildən 1986-cı ilə qədər  Azərbaycan LKGİ 26 Bakı komissarı (Səbail) adına rayon komitəsində təlimatçı vəzifəsində çalışır.
Daha sonra Xalq Nəzarəti Komitəsinin əməkdaşı olan S. İsmayılov 1986-cı ildən 1991-ci ilə qədər  26 Bakı komissarı adına rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin vəzifəsində çalışır. SSRİ-nin suqutunun son aylarında partiya sisteminə keçən İsmayılov 1991-ci ilin mayından Kommunist Partiyası rəsmən buraxılana qədər Azərbaycan KP 26 Bakı komissarı adına rayon komitəsində təlimatçı vəzifəsində çalışıb.
Müstəqil Azərbyacan qurulduqdan sonra S.İsmayılov müxtəlif sahələrdə işləyib. 1991-92-ci iillərdə Bakı "Spessistemservis" İstehsalat sahəsinndə hüquq məsləhətçisi olub. 1992-ci ilin oktyabrından Naxçıvan MR-nin Bakı şəhərindəki daimi nümayəndəliyinə işə düzələn S.İsmayılov burada mütəxəssis, baş mütəxəssis-müavin vəzifəsinə yüksəlir. 1994-cü ildə o, Prezidentin İşlər İdarəsinin Ümumi şöbəsinin ümumi sektoruna müdir təyin olunur. 1996-cı ildə isə S. İsmayıllov Prezidentin İcra Aparatının Ümumi şöbəsinin müdiri olur. 2005-ci ildən Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə rəhbərlik edir.

Qocaman nəşriyyatçı 

Prezident Administrasiyasının Nəşr və tərcümə şöbəsinin müdiri Vasif Əli oğlu Kərimovdur. O, 1937-ci ildə Ermənistan SSR-inin paytaxtı İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin məzunudur. 1960-1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Nəşriyyat hissəsində tərcüməçi, məsləhətçi, baş məsləhətçi, işlər müdirinin müavini, şöbə müdiri vəzifələrini tutub.
1991-97-ci illərdə Milli Məclis Aparatının Redaksiya nəşriyyat şöbəsinin müdiri olub. 1997-ci ildən Prezident Administrasiyasının Nəşr və tərcümə şöbəsinin müdirdir.





Xaqani SƏFƏROĞLU

***

Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - I HİSSƏ
//modern.az/articles/22617/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü