Modern.az

Ziya Bünyadovun haqsızlığa ETİRAZI

Ziya Bünyadovun haqsızlığa ETİRAZI

22 Fevral 2020, 15:15

(Akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anım günündə onun barəsində 1997-ci ilin martında yazdığım "Gözümüzün önündəki qəhrəman" adlı məqalədən bir hissəni paylaşır və xatirəsi önündə bir daha baş əyirəm)

Ardıcıl gündəlik yazmasam da, 1997-ci ilin 21 fevral gününü çox dəqiq xatırlayıram. Həmin cümə günü Milli Məclisin iclası vardı. Saat 12-nin yarısından sonra zalda canlanma başlamışdı. Adətən iclasdan beş-on dəqiqə əvvəl gələn millət vəkilləri salonun müxtəlif səmtlərində iki-bir, üç-bir dayanıb söhbət edirdilər. Bəziləri görünür, hansısa işlərini aşırmaq üçün parlamentə ara-sıra təşrif buyuran vəzifəli deputatların başına toplaşmışdılar. Bir sözlə, həmişə təkrarlanan tanış mənzərə idi.

Həyatının son gününü yaşadığı heç kimin, təbii ki, özünün də ağlına gəlməyən Ziya Bünyadov həmişəki kimi iclas zalının tribunaya yaxın aşağı qapısından içəri girdi. Yerişi ləngərli və ağır-səngin idi. Həmin gün təzə kostyum geymişdi. Daim sərt olan üzü elə bil bir az yumşalmış, qaşlarının düyünü açılmışdı. Yaxşı əhvali-ruhiyyədə olduğu dərhal sezilirdi.

Ziya müəllim orta cərgədə, axırıncı sırada otururdu. Mən, Mübariz Qurbanlı və mərhum xalq artisti Mikayıl Mirzə dayanıb söhbət edirdik. Bizə çatanda ayaq saxladı. Salamımızı alandan sonra ara-sıra zarafatlaşdığı Mikayıl Mirzəyə üzünü tutub „Alə, Mikayıl, nə olub, neçə vaxtdır səhnəyə (Ziya müəllim burada ayrı söz, daha doğrusu ad işlədirdi və ara-sıra təkrarlanan zarafatın da dadı-duzu elə o adda idi) çıxmırsan?” - dedi. Və Mikayılın cavabını gözləmədən ən arxa sıradakı yerinə tərəf addımladı.

Qoltuğunda qovluq və kitablar var idi. Bir neçə gün əvvəl İordaniyada yeni çap olunan monoqrafiyası ilə maraqlanmışdım. Gətirəcəyinə söz vermişdi. Əlindəki kitabları görüb düşündüm ki, onların arasında mənə vəd olunan nüsxə də ola bilər. Aradan bir-iki dəqiqə keçəndən sonra oturduğu kresloya yaxınlaşdım. Ağzımı açmamış nə üçün gəldiyimi başa düşdü.
-Sluşay, sən gərək bir az gözləyəsən. Hələ göndərməyiblər.

Sıra qonşusu mərhum Yusif Səmədoğlunun salamlaşmaq üçün yaxınlaşması söhbəti davam etdirməyə imkan vermədi. Ziya müəllim onu görüb gülümsədi, qısa hal-əhvaldan sonra hansısa şikayətinin müqabilində konkret cavab vermək əvəzinə asta səslə „Himar olduq... Himar olduq... Gördük himar olduq...”- sözlərini zümzümə etməyə başladı.. Sonra üzünü ikimizə də tutub „Başa düşdünüz də...”-deyə soruşdu.
Bu da bir sıra şairlərin şerlərinə parodiyalar yazan şərqşünas-akademikin məşhur xalq mahnısına parodiyası idi. Mahnıdakı „xumar” sözünü „himar”la əvəz edərək məqamı düşəndə zümzümə edirdi.

„Himar” ərəb dilində „uzunqulaq” mənasını verir. Yəni Ziya müəllim tez-tez eşitdiyi haqsızlıqların müqabilində bu qəribə parodiya ilə diqqətə çatdırırdı ki, cəmiyyətdə bəziləri insanlıq simalarını itirərək artıq həmin o məşhur canlıya bənzəməyə başlayıblar. Əbdürrəhim bəy Haqverdiyev vaxtı ilə yanğı dolu publisist yazılarından birini “Bizim yabılığımız” adlandırmışdı. Görünür, aradan keçən illər ərzində deqradasiya elə güclü olmuşdu ki, Ziya müəllim daha kəskin bənzətməyə əl atmaq məcburiyyətində qalmışdı. Yadımdadır ki, bu analogiyadan bir dəfə də Akademiyadakı çıxışlarının birində istifadə etmişdi.

Həyatının son günündə də nədənsə məşhur tipləri - ”himarlar” yadına düşmüşdü... Amma onların əlində ölümə can verəcəyi ağlına gəlməmişdi.
Mən MM- də Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü idim. Sədrimiz mərhum Zakir Zeynalov hamısının öz çevrəsi olan komissiya üzvlərini bir ailə kimi birləşdirmək istəyirdi. Ona görə imkan düşdükcə Milli Məclisdən kənarda da ara-sıra toplaşırdıq. Hətta ad günlərini birlikdə qeyd etməyə başlamışdıq. Əslində yaşımızın və mövqeyimizin elə vaxtı idi ki, çoxumuz ad günü keçirməyə əsla meylli deyildik. Sadəcə, bu bir yerə yığışmaq üçün səbəb, vəsilə idi.

Həmin gün ağsaqqal dostumuz Fəttah Heydərovun doğum günü idi. Komissiya üzvlərini iclasdan sonra - axşam saat 7-də restorana dəvət etmişdi.

Həqiqətən də çox gözəl, səmimi məclis qurulmuşdu. Musiqiyə qulaq asırdıq, sağlıqlar deyirdik, danışıb-gülürdük. Milli Məclisin iclası başa çatandan 20-30 dəqiqə sonra şəhərin mərkəzində Azərbaycan xalqının seçkin oğullarından birinin amansızlıqla qətlə yetirilməsindən tam xəbərsiz idik.

Təxminən saat 20 radələrində Mübariz Qurbanlının mobil telefonuna zəng gəldi. Salonda səs-küy olduğundan o, telefonu qulağına sıxıb foyeyə çıxdı. İki-üç dəqiqədən sonra geri qayıdanda sifəti tanınmaz dərəcədə dəyişilmişdi. Pıçıltı ilə dediyi acı xəbər qulaqlarımızda bomba kimi partladı:

-Ziya müəllimi öldürüblər!

Təbii ki, dərhal restoranı tərk etdik. Başqalarını bilmirəm, amma mən həmin anda dəhşətli xəbəri məhz belə bir yerdə, belə şəraitdə eşitdiyim üçün özümdə bir günahkarlıq kompleksi hiss etdim. Hər dəfə həmin gecəni xatırlayanda o hiss də geri qayıdır. Həmin gün Məclisin iclasında son dəfə gördüyümüz Ziya müəllim alçaq bir sui-qəsdə məruz qalanda biz-onun həmkarları Bakının çal - çağırlı restoranlarından birində heç nə olmamış kimi deyib-gülür, əylənirmişik...

Amma evimizdə otursaydıq, yaxud küçədə gəzsəydik nə dəyişəcəkdi? Olan olmuşdu. Düşmən öz işini görmüşdü...
Həmin gecə evə qayıdandan sonra dəhşətli xəbərin təəssüratı altında “O işıq sönməyəcək!” adlı yazı yazdım. “Xalq qəzeti”ndə dərc edildi. Sonralar Ziya Bünyadovun xatirəsinə həsr olunmuş kitaba da salındı...

 Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir