Modern.az

Xocalıdan qaçan KÖRPƏ

Xocalıdan qaçan KÖRPƏ

25 Fevral 2020, 11:21

Paşa Babakərli Əmircanov

(Poema)

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin rus ordusunun iştirakı ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi dəhşətli soyqırımı hələ beynəlxalq aləmdə lazımi hüquqi-siyasi qiymətini almayıb. Həmin qarlı gecədə quduzlaşmış erməni ordusundan qaçan ana düşmən əlinə keçməmək üçün öz əlləri ilə körpə balasını boğmuş, lakin uşaq möcüzəli şəkildə sağ qalmışdı.


Bir soyuq qış gecəsiydi,
Elə soyuq, elə şaxta.
Elə şirin yatırdın ki,
İsti soba qırağında,
Köhnə taxtda.

Elə yaxşı isti idi
Ana qoynu.
Elə yumşaq yastıq idi
Ana qolu,
Bu qol üstə körpə boynu.

Heç vecinə gəlirdimi
Çöldəki qar,
Çöldəki qış?!
Heç ağlına gələrdimi
Qarabağa qəfil belə qar yağarmış,
Qəfil belə qan yağarmış?!

Heç ağlına gələrdimi
Lap indicə od içində qovrulacaq
Bütün hər yan.
Gözün nələr görəcəkmiş -
Ağ qar üstə qırmızı qan.

Sənin hələ yaşın belə
Yoxuydu heç.
Nə bilirdin qar nə şeydi,
Nə bilirdin qan nə şeydi,
Nə şeydi köç.

Nə biləydin,
Bax, indicə evinizə soxulacaq
Bir qaniçən, bir kütbeyin.
Bir qaçaqaç düşəcək ki,
Çatmaz heyin.

Nə biləydin
Muğam səsi pərvazlanan evinizdə
Mərmi səsi ulayacaq.
Dünənki sülh çöllərini
Xocalının
Qızıl qanı sulayacaq.

Sən heç onda bilirdinmi
Güllə nədi, mərmi nədi?!"
Xankəndindən qanadlanan "Qrad" nədi,
Tank deyilən
Nəhəng vəhşi nəmənədi?!

Sən yatırdın mışıl-mışıl
İsti ana qucağında.
Sən bilmirdin
Nə tufanlar qaynayacaq
Qarabağın bu ağ qarlı torpağında.

Hələ şirin yuxudaydın,
Nə biləydin qəfil qopan
Fəryad nəydi.
Sənə keşik çəkirdilər -
Atan hələ səngərdəydi,
Əmin hələ səngərdəydi.

Səngərdəydi neçə vaxtdı
Xocalının kişiləri.
Arxasında dövlət vardı,
Millət vardı,
Bir də ki, ev-eşikləri.

Gecə yaman şaxta idi,
Qar varıydı, çən varıydı.
Atan yaxşı bilirdi ki,
Arxasında sən varıydın.

Səni evdə məsum qoyub
Ön cəbhədən getmək olmaz.
Nə olsun ki, ölüm vardı,
Təkcə sənin xatirinə
Dözməliydi hələ bir az.

 

Qarabağda gözlər vardı,
Bu, bir ağrı, bir dərd idi.
Düşmən axı lap kəmfürsət,
Düşmən axı namərd idi.

Gözümüzü yumar olsaq,
Başımızı biçərdilər.
Əllərinə keçər olsaq,
Qanımızı içərdilər.

Atan yaxşı tanıyırdı
Erməni qaniçənləri.
Əllərinə keçsəydilər,
Süngülərə taxardılar
Qadınları, qocaları.

Dayanıb öz səngərində
Atan səni qoruyurdu.
Əmin səni qoruyurdu.
Səngərdəydi Xocalının kişiləri,
Bu Vətəni qoruyurdu.


* * *

Min doqquz yüz doxsan iki,
fevral ayı.
Fələk sənə tale sayır,
Qədər sayır.

Qarabağa
Dizə qədər qar yağmışdı,
Şaxta idi.
Gülləbaran qəfil qopdu,
Gecənin bir vaxtı idi.

Xocalıya hücum çəkdi
Yağı düşmən.
Tanklar, toplar alov saçır,
Od yağırdı sanki göydən.

Xocalını bürümüşdü
Mərmilərin vəhşi səsi.
Qar üstündə düşüb qalan
İnsanların ah-naləsi.

Hamı qaçır küçələrə
Əyin yuxa, ayaqyalın,
Başıaçıq.
Hamı qaçmaq istəyirdi,
Bilmirdi ki, hara qaçır.

Şəhər qana bulaşırdı,
Ölüm burda ucuzlaşıb.
Yatan xalqa divan tutur
Ermənilər quduzlaşıb.

Nalə, fəryad göyə qalxır,
Bir haraya çatan yoxdu.
Səngərlər məhv edilmişdi,
Keşiyində atan yoxdu.

Anan səni oyadırdı:
- Dur yuxudan, qoçaq bala!
Ermənilər qırır bizi,
Qaçaq, bala!

İlk dəfəydi yola çıxıb
Xocalının küçəsində qan görürdün.
Neçə-neçə buza dönmüş
Can görürdün.

Anan səni qucağında
Vahiməli bir gecənin
Qarasından keçirirdi.
Qalaq-qalaq meyitlərin
Arasından keçirirdi.

Səni şala bürümüşdü,
Şaxta, sazaq vurar deyə.
Sinəsində gizlətmişdi,
Qəfil güllə sarar deyə.

Ana səni qucağında
Qaçırırdı
Qarlı-buzlu çöl uzunu.
Yağılara rast gəlməsin,
Tanrısına yalvarırdı yol uzunu.

Qulağında səslənirdi
Mərmi səsi, güllə səsi.
Ürəyini uçururdu
Bu gecənin vahiməsi.

Dörd yanında görürdün ki,
Qadın qaçır, uşaq qaçır.
Hamı qaçır vahimədən,
Qan-qadadan uzaq qaçır.

Amma yağı bu silahsız,
Bu günahsız insanları
Biçirdi hey.
O qocaydı, bu uşaqdı,
Qaçırdı hey.

Bu qorxudan, bu dəhşətdən
Qışqırırdın, ağlayırdın.
Anan sənə sus deyirdi,
Eşitmirdin, çağlayırdın.

Anan sənə yalvarırdı:
- Sus, balası,
Uzaqlara gedir səsin.
Ermənilər yaxındadır,
Yerimizi qoy bilməsin.

Anan sənə yalvarırdı:
- Görürsənmi arxamızca
Güllə səsi yaxınlaşır.
Eşidirsən,
Ermənilər xosunlaşır.

Anan sənə çox yalvarır,
Sən susmursan.
Dövrəndəsə sakit-sakit
Qaçmaqdadı neçə insan.

Ermənilər gəlib çıxsa,
Hamınızı qıra bilər.
Baxmazlar ki, körpəcəsən,
Lap səni də vura bilər.

Sən qanmırsan,
Dava nədi, ölüm nədi.
Sən bilmirsən, bir igidin
Canı bircə güllədədi.

Anan axı yaxşı bilir
Ermənilər faşistdilər.
Türk qanına yerikləmiş
nasistdilər.

Əllərinə türk cocuğu
Keçər olsa, dağlayarlar.
Lap südəmər körpəni də
Tikə-tikə doğrayarlar.

Anan bunu yaxşı bilir,
Sən qanmırsan.
Sakitləşib dayanmırsan.

Gördüklərin dəhşət saçır,
Ağlayırsan, bağırırsan.
Bəlkə elə bu dünyanı,
Kainatı, insanlığı
Köməyinə çağırırsan.

Amma səni eşidən yox,
Duyan yoxdu.
Bu şaxtalı bir gecədə.
Sənə bircə həyan yoxdu.

Köməyinə gələn yoxdu,
ABŞ susur, alman susur.
Şimalda rus əmilərin,
Cənubunda İran susur.

Ermənilər tapar sizi,
Anan rəva görə bilməz.
Anan səni öz əliylə
erməniyə verə bilməz.

Sən susmursan,
Yaxır ərzi bu fəryadın.
Bəs neyləsin yazıq ana,
Yazıq qadın?!

Anan deyir:
- Qarşıdakı bax bu çayı
keçək, sonra ağlayarsan.
Ermənidən bir az uzaq
qaçaq, sonra ağlayarsan.

Sən qanmırsan.
Anan tapır neyləyəcək
Axır səni.
Boğazından yapışaraq
Boğur səni.

Anan səni ölü bilib
Qucağında meyit kimi
Hıçqıraraq aparırdı.
Ağlayaraq aparırdı.
Qışqıraraq aparırdı.

Anan səni sinəsində
Dəli kimi aparırdı.
Bayaq canlı uşaq idin,
İndi isə ölü kimi aparırdı.

Anan axı neyləyəydi?
Qaçaqaçda bir el vardı,
Ulus vardı.
Erməniyə əsir düşmək olardımı?
Ortalıqda şərəf vardı,
Namus vardı.

Bax, beləcə yol getdiniz neçə saat,
Qoca-uşaq qar üstündə
dizin-dizin sürünürdü.
Hava artıq işıqlaşır,
Qarşıdasa böyük ümid --
Böyük Ağdam görünürdü.

* * *

Sən susmuşdun,
Ananın da gözlərində
Donmuşdu yaş.
Qaçanlar da sürünürdü
Yavaş-yavaş.

Qan-qadadan uzaqlaşır
Donmuş canlar, donmuş üzlər.
Nə baş verir gör bir azdan,
Mat-məəttəl qalır gözlər.

Birdən qəfil
gözlərini açırsan sən.
Nəfəs dərib
Tez ananı qucursan sən.

Hamı heyrət içindədi,
Ölmüş körpə dirildimi?!
Bu günahsız zavallıya
Göydən möhlət verildimi?!

Anan səni hıçqıraraq
Sinəsinə sıxır yenə.
Amma körpə gözlərindən
Sellər-sular axır yenə.

Şükür sənə, ulu Tanrı,
Sən böyüksən, sən adilsən.
İstəyəndə öldürürsən,
İstəyəndə dirildirsən.

Bu nə idi, bu nə idi --
Olumdumu, ölümdümü?!
Körpə necə göz açmışdı,
Bunu göylər sahibindən
Başqa kimsə bilirdimi?!

Bu, bir tarix, bir gerçəklik,
Bir də Tanrı möcüzəsi.
Xocalıdan qaçqın düşən
Bir körpənin hekayəsi!

Bax, beləcə, o gecədə
Mindən çoxu ölmüşdüsə,
Neçə körpə oldu xilas.
İndi gəncdi o körpələr,
Hər gün qisas hayqırırlar,
Qisas! Qisas!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir