Modern.az

Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA

Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA

25 Fevral 2020, 17:54

Azərbaycan Səhiyyə Nazirliyi, eləcə də digər rəsmi qurumlar Çindən dünyaya yayılan koronavirusla bağlı bütün hazırlıq işlərinin görüldüyünü açıqlasalar da, reallıq bunun tam əksini deyir. Rəsmilərin məlumatına görə, ölkədə virusa yoluxma baş verməsə də, əhali təşviş içərisindədir, apteklərdə tibbi spirt, maskalar qeybə çəkilib. Olanlar isə qiymətləri süni şəkildə bahalaşdırıblar. Atalar deyir ki, şər deməsən, xeyir gəlməz. Əgər Azərbaycanda da yoluxma qeydə alınarsa, indiki maska və spirt qıtlığı necə həll ediləcək?

 

Ümumiyyətlə, spirt və maska koronavirusa qarşı nə dərəcədə davamlıdır?

 

Respublikanın baş infeksionisti Cəlal İsayev Modern.az-a açıqlamasında əhalini sakitliyə çağırıb:

 

“Bizdə virusa yoluxma yoxdur. Amma insanların virusdan qorunmaq üçün tədbir görməsi təqdir olunur. Söhbət təkcə koronavirusdan getmir, istənilən qrip virusu  zamanı maskadan istifadə məsləhətdir. Amma maskadan istifadə virusun qarşısını 100 faiz ala bilməz. Yəni kimsə düşünməsin ki, virus olan yerdə maska taxıram deyə yoluxmayacam. Maska müəyyən qədər virusun qarşısını alır, amma tam yox. Söhbət təkcə koronavirusdan getmir. Orta məktəblərdə, universitetlərdə, iş yerlərində maska taxanlar var, heç bir problem yoxdur. Əgər bununla insanlar rahatlıq tapırlarsa, qoy taxsınlar. Amma əmin olun ki, Azərbaycanda koronavirus yoxdur. Ümumiyyətlə maska virusun qarşısını tam almasa da müəyyən dərəcədə istifadəsi məsləhət olunur”.

 

Nazirlik rəsmisi deyib ki, hazırda koronavirusa qarşı bütün profilaktik tədbirlər görülür:

 

“Əhali “necə olacaq”, “nə edəcəyik” kimi pessimist düşüncələrə qapılmasın. Hazırda bizdə bu virusa yoluxma yoxdur. Lazımi tədbirlər də görülür ki, virus ölkəmizə gəlib çıxmasın. Hazırda bizim məqsədimiz budur. Koronavirusun müalicəsilə bağlı isə Aciyər İnstitutunda müvafiq palatalar ayrılıb. Virusun yüngül formalarında adi xəstəxanlarda da müalicə etmək mümkündür.

Bir daha diqqətinizə çatdırım ki, koronavirusun ağır gedişi yaşlı insanlarda müşahidə edilir. Tam məsuliyyətimlə deyirəm ki, hazırda bizdə bu virusa yoluxma halı yoxdur”.

 

Baş infeksionist bildirib ki, Azərbaycana Çindən maska idxal olunmur:

 

“Çünki bu dəqiqə Çinin özü xarici ölkələrdən maska idxal edir. Özündə maska çatışmırsa, necə Azərbaycana maska idxal edə bilər?! Lap maskalar Çindən gəlsə belə, koronavirus əşyalar vasitəsilə yayılmır. Əgər diri heyvan və heyvan mənşəli məhsullar idxal olunarsa, onlarla keçməsi mümkündür. Amma əşyalar vasitəsilə mümkün deyil”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir