Modern.az

Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN

Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN

25 Fevral 2020, 18:57

Koronavirusun Cənub sərhədimizə qədər ayaq açması insanlarda təşviş yaradıb. Səhiyyə Nazirliyinin ölkədə koronavirusa yoluxma halının qeydə alınmaması ilə bağlı rəsmi açıqlaması olmasa da, artıq vətəndaşlar özünü və yaxınlarını bu xəstəlikdən qorumağa çalışır. Hətta bu təhlükə ilə əlaqədar Azərbaycanda tibbi spirt və maskaya olan tələbat da artıb.

Bəs, hər gün müxtəlif insanlarla təmasda olan siyasət adamları necə, bu panikaya real təhlükə kimi baxırmı, qorunmağı vacib hesab edirmi?

 

Modern.az bir neçə partiya nümayəndəsinin hazırki vəziyyətə münasibətini öyrənib.

 

Təhlükə var

 

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, təhlükəsizliklə bağlı ciddi tədbirlər görülməlidir:

“Şəxsən hər hansı bir təhlükə görmürəm və özüm hər hansı qoruyucu vasitədən istifadə etmirəm. Ancaq Azərbaycan üçün təhlükə var və bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, Azərbaycan hökuməti dərhal tədbirlər görməlidir. Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün çox ciddi işlər görməli, eləcə də Azərbaycan ictimaiyyətini məlumatlandırmalıdır”.

 

 

Ölənlərin sayı cəmi üç mindir

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə koronovirusla bağlı həddən artıq təşvişin yersiz olduğunu deyir:

“Mən maskadan istifadə etmirəm. Ancaq insanlar özünü qorumalı, ancaq panikaya düşməməlidir. Çünki panikanın özü əlavə bir problem deməkdir. Ona görə də narahat olmaq lazım deyil. İndi koronovirus pandemiya xarakteri alıb, ölənlərin sayı cəmi üç mindir. Beynəlxalq ictimaiyyətin narahatlığı onunla bağlıdır ki, virusa qarşı effektli vaksin hazırlanmır. O vaksin hazırlandıqdan sonra minlərlə belə təhlükəli virusun qarşısı alınıb.

Sadəcə olaraq gigiyenaya əməl etmək, təsadüfi əlaqələrdən qaçmaq və xəstələnən kimi dərhal həkimə müraciət etmək lazımdır”.

 

Maskadan istifadə etmədiyini deyən Ümid Partiyasının sədri İqbal Ağazadə nəzarətin gücləndirilməli olduğunu düşünür:

“Koronovirusla bağlı istər ölkədə, istərsə də dünyada panikaya səbəb olacaq bir şey yoxdur. Sadəcə hər şey nəzarətdə olmalıdır. Sərhədd, keçid məntəqələri də nəzarətdə olmalıdır. O cümlədən xəstələnmiş adamları da ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır. Bir az çox panik əhval-ruhiyyə yaradılır. Hesab edirəm ki, bu, yanlışdır”.

 

 

Ciddi panika havası var

 

REAl Partiyasının icra katibi Natiq Cəfərli yaranmış panikanı aradan qaldırmaqda televiziyaların rolunu qeyd edib:

“Gün ərzində təqribən yarım saat tibbi maska istifadə etmişəm. Amma çantamda var. Seçkinin nəticələri ilə bağlı Apellyasiya Məhkəməsinə şikayət vermişdim. O zaman maskadan qısamüddətli istifadə etdim. Tək özümə görə yox. İnsanlar dünəndən sanki salam verməyə belə çəkinirlər. Biri-birindən məsafə saxlamağa çalışırlar. Açığı ciddi panika havası var. Bu da böhranın doğru-düzgün idarə olunmamasından irəli gəlir.

Televiziyalar bu məsələdə ciddi rol oynamalıdırlar. İnsanları sakitləşdirici reportajlar verməlidirlər, diskussiyalar aparmalıdırlar”.

 

 

Ürək, qaraciyər, öd, şəkər xəstəliyindən ölənlərlə koronovirusdan ölənlərin statistikası hazırlansın
 

 

Yeni Azərbaycan Partiyasının üzvü (YAP), deputat Elman Nəsirov da panikaya əsas görmür:

“Başlanğıcını Çindən götürən koronavirus artıq bir sıra ölkələrə, o cümlədən İrana kimi gəlib çatıb. Bu nöqteyi-nəzərdən müvafiq önləyici addımların atılması olduqca vacibdir. Bu məntiqdən çıxış edərək, Səhiyyə Nazirliyi üzərinə düşən işi artıq yerinə yetirir. Eyni zamanda Biləsuvar və Astara Gömrük Sərhəd xidməti də məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Yalnız və yalnız Azərbaycanda olan İran vətəndaşlarının, eyni zamanda İranda olan Azərbaycan vətəndaşlarının geri qayıtması təmin edilir. Bundan savayı gediş-gəliş məhdudlaşdırılıb.

Düzü maskadan istifadə etməmişəm. Amma məndə olan məlumata görə, maskadan istifadənin özü də əslində real təhlükəni aradan qaldırmır. Məsələn, bir maska təxminən üç saat ərzində istifadə oluna bilər, üç saatdan sonra dəyişdirilməlidir. Bundan qabaq quş qripi, donuz qripi eşitmişdik, cürbəcür bu kimi epidemiyaların şahidi olmuşduq. Gəlirlər və bir müddətdən sonra yox olub, gedirlər. Ona görə də xüsusi panikaya əsas yoxdur.

Çində artıq iki mindən çox insan dünyasını dəyişib. Mənim üçün çox maraqlı olardı ki, koronavirusun yarandığı ana qədər Çində digər xəstəliklərdən hər gün nə qədər adamın vəfat etdiyi haqqında statistika çıxarılsın. Məsələn, gün, ya ay ərzində ürək, qaraciyər, öd, şəkər xəstəliyindən və digər xəstəliklərdən ölənlərlə koronovirusdan ölən insanların statistikası hazırlansın və bu statistikalar müqayisə olunsun. Hesab edirəm ki, bu iki statistika yanaşı qoyulub, təqdim edilsə, bu xəstəliklə bağlı real mənzərə daha açıq ortaya çıxar”.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı