Modern.az

Jurnalistlər koronavirusdan qorxmur: “Həftə sonları sarımsaq yeyirəm” - SORĞU

Jurnalistlər koronavirusdan qorxmur: “Həftə sonları sarımsaq yeyirəm” - SORĞU

Media

26 Fevral 2020, 14:57

Artıq dünya üzrə koronovirusa yoluxanların sayı 79 minə çatıb. Azərbaycanın sərhəd qonşusu olan İranda da virusun artım tempi ölkəyə bu virusun keçmə riskini yüksək edir.

Maraqlıdır, koronovirusdan qorunmaq haqda, virusun yayılması haqda, bir sözlə, bu xəstəlik barədə ictimaiyyəti məlumatlandıran media virusdan qorunmaq üçün nə edir?

Modern.az bu suala cavab tapmaq üçün media nümayəndələri arasında sorğu keçirib.

 

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı virusdan qorunmadığını deyir:

“Koronavirusdan qorunmaq üçün demək olar ki, heç nə etmirik. Maska, "kolpak", spirt axtardıq, tapmadıq. Ümidimiz onadır ki, ölkəmizə gəlməsin, gəlsə, biabırçılıq olacaq”.

 

“Kulis.az” saytının əməkdaşı Günel Musa koronovirusa qarşı panikasının olmadığını bildirir:

“Koronovirusa qarşı xüsusi bir panikam olmadığı üçün hələ axına qoşulmamışam. Amma koronovirus söhbəti oldu olmadı hər gün gündəlik gigiyeniya qaydalarına riayət edirəm. Körpə uşalqarı olan anayam. Ona görə evdən və çantamdan spirt əskik olmur. Evə girən kimi üst geyimlərimizi çıxarıb yuyulmağa atıram. Əllərimizi sabunla yuyuruq və döşəmələri hər axşam xlorlu yaxud da sirkəli məhlulla silirəm”.

 

 “Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu bir neçə gündür ki, virusa qarşı evdə profilaktik tədbirlərə başladığını deyir:

“Özüm heç bir tədbir demək olar ki, görmürəm. Amma uşaqlar artıq 3 gündür sarımsaq yeyirlər , immunitetləri artsın. Bir də dərsdən gələn kimi əllərini spirtliyirlər. Bu profilaktik tədbirlərə artıq 3 gündür ki start vermişik”.

 

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal xüsusi qorunmasa da əvvəlikindən daha diqqətli olduğunu bildirir:

“Öz mediamızda, sosial şəbəkələrdə bu mövzuda gedən xəbər və yanaşmalardan daha çox dünya mediasında bu mövzunu təqib edirəm. Virusun yayılma arealı, ona qarşı mübarizə tədbirləri, virusu məhv edən peyvəndlərin hazırlanması ilə bağlı ailmlərin səyləri və s. Xüsusi qorunma qaydaları tətbiq etməmişəm. Amma bütün hallarda, əvvəlkindən daha diqqətli olmağı tələb edən prosedurlara əməl etməyə çalışıram. Ümid edirəm ki, qısa vaxtda birgə səylər bu virusla mübarizədə ciddi nəticələr verəcək”.

 

“Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlu virusdan qorunmaq üçün “türkəçarə”nin maska və spirtdən daha faydalı olduğunu deyir:

“Koronavirusun Çində yayılmasından sonra bu xəstəliklə bağlı məlumatlar oxumuşam. Məlum oldu ki, bu xəstəliyin əlamətləri qriplə oxşardır. Sadəcə, qripdən fərqli olaraq bədənin immuniteti zəif olan insanlarda ağciyərləri zədələyərək ölümcül fəsadlara səbəb olur.Qonşu ölkə olan İranda bu virusdan ölənlərin olduğunu eşidəndən sonra evdə çalışdığımız qədər bol meyvə və vitaminlərdən istifadə edirik. Təbii meyvə şirələri içməyə üstünlük veririk. Yaşlılardan və türkəçarə ilə məşğul olanlardan eşitdiyimə görə sarımsaq yemək də faydalıdır. Qoxusu xoşagəlməz olduğuna görə həftə sonları sarımsaq yeyirəm. Qaldı ki, spirt və tibbi maskalara, onlardan istifadə etmirik. Həmin vasitələrdən istifadə etməkdənsə gigiyenik qaydalara əməl etməyi üstün tuturam”.

 

“Trend.az” informasiya agentliyinin əməkdaşı Samir Güləliyev apteklərdə virusdan müdafiə üçün lazımi vasitələrin olmamasından narazıdır:

“Vallah belə heç bir qorunma tədbiri görmürük. Aptekdə spirt qalmayıb, maska qalmayıb heç nə ala bilməmişəm. Allah ümidinə yaşayırıq da nə olar olar. Bu gün başıma qəribə hadisə gəlib. Demək, səhər Sumqayıtda maşını saxladım, 3 nəfər Bakıya gəlmək üçün maşına əyləşdi. Oturan kimi 3-ü də maska geyindi. Bir də baxdım ki, arxadan 3 nəfər maskalı mənə baxır. Diksindim, elə bildim maşınımda əməliyyat-zad keçirirlər. Hələ də özümə gələ bilmirəm”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir