Modern.az

Kirayə bazarının kasıb müştəriləri - REPORTAJ

Kirayə bazarının kasıb müştəriləri - REPORTAJ

12 Aprel 2012, 11:57

Ev bazarında qiymətlər adamı “dişləyir”


Rayonlarda işsizliyik çox olduğu üçün Bakıya axın böyükdür. Bunun nəticəsində də Bakıda həm ev alqı-satqısındakı qiymətlət, həm də evlərin kirayə pulu getdikcə bahalaşır. Adətən payız aylarına nisbətən yaz-yay aylarında “mənzil bazarı”nda  qiymətlər aşağı düşür. Mənzil bazarındakı son durumu elə yerindəcə öyrənmək üçün Modern.az-ın əməkdaşları “Neftçilər”  metrostansiyasının yaxınlığında yerləşən “ev bazarı”na yollanıb.

Bazarda bizi müştəri hesab edən 20-yə yaxın ev-alqı satqısı ilə məşğul olan makler başımıza yığışdı. Amma bildirəndə ki, jurnalistik, başladılar müştəri qıtlığından şikayətlənməyə. Qeyd edək ki, burada 1 saat yarımdan çox vaxt “öldürməyimizə” baxmayaraq, cəmi bir nəfər kirayə mənzil axtaran gördük, ev almaq istəyən isə heç gözümüzə dəymədi.

Kirayə mənzil axtaran İsmayıllı rayonunun sakini 42 yaşlı Əlövsət Məmmədli adlı şəxs idi. Onunla  söhbət əsnasında məlum oldu ki, Bakıya işləmək üçün gəlib və şəhərdən biraz kənarda ucuz qiymətə həyət evi axtarır. Çünki aldığı maaşdan həm rayona ailəsinə göndərməli həm də burada kirayəyə ev tutub yaşamalıdır. Ə. Məmmədli qiymətlərin bahalığından şikayətləndi və bildirdi ki, ayda 300 manat qazana bilir, amma bazarda 1 otaqlı ya 2 otaqlı mənzilləri elə 300 manata kirayə verirlər.

Makler Tahir Kazımov mənzillərin qiyməti barədə bizə məlumat verdi.
“Bir otaqlı ev 200-250 manata, 2 otaqlı ev 250-300 manat , 3 otaqlı ev  isə 300-400 manat arasındadır. Qiymətlər evin təmirindən və yerləşdiyi ərazidən asıldır. Məsələn, “Gənclik”də və “Neftçilər”də qiymətlər eynidir, amma İçəri Şəhərdə bahadır. Orada 2 otaqlı evlər 400-500 manatadır. İndi insanlarda pul yoxdur, buna görə də hamı şəhərdən kənarda həyət evi axtarır ki, qiymətlər ucuz olsun. Ən ucuz evlər həyət evləridir, onların da qiyməti 150-200 manatadır” deyə, T. Kazımov bildirib.

Söhbət zamanı digər makler Tofiq Baxşıyevin özü belə yaxınlaşdı.O bildirdi ki, insanlar daha çox “Neftçilər” metrostansiyasının yaxınlarında ev istəyirlər. Çünki burada qiymətlər münasibdir. Amma şəhərdə qiymətər çox bahadır. Məsələn, şəhərin mərkəzində 200-300 manata kirayə verilən evlərin şəraiti heç də yaxşı deyil, amma “Neftçilər” tərəfdə  200-300 manata normal evlər tapmaq olur”.

Yaşı 70-dən yuxarı olan Rəşad Hacıyev də maklerliklə məşğuldur. “Qışda rayonlarda iş olmadığı üçün camaat Bakıya iş dalınca gəlir. Buna görə də evlərin qiyməti bir az baha olur. Yəni qiymətlət 50-70 manat bahalaşır. Amma yay aylarında qiymətlər bir az aşağı düşür. O evlərin də təmiri və şəraiti pis olur. Əşyasız və tamamilə boş evlər də olur ki, onun da qiyməti 200-220 manata olur. Bizdə evlər həddindən artıq çox bahadır, Rusiyada 250 dollara verilən kirayə ev bizdə 350-400 dollaradır”.

Evlərin alqı-satqısı ilə də maraqlandıq. Bəlli oldu ki, köhnə binalarda yəni 5 mərtəbəli və 9 mərtəbəli binalarda 1 otaqlı evlər 45-50 min, 2 otaqlı 50-60 min,  3 otaqlı evlər isə 60 mindən 100 min dollara qədərdir. Amma “novostroyka”larda (yeni tikilmiş binalarda) mənzilləri kvadrat metrlə satırlar. Elə evlər var ki, kavadrat metri 600 manat, eləsi də var ki, 1000 manatadır.

Həmsöhbətimiz makler Tofiq Baxşıyev bildirdi ki, bir ayda cəmi 1 ya 2 ev sata bilirlər. Kirayəyə mənzil isə 10 ev verə bilirlər.

Qeyd edək ki, maklerlər həm ev sahibindən, həm də ev kirayələyən şəxslərdən 50 manat pul alırlar. Bəzən isə qiymətdə razılaşırlar - 30 manata.


Sevinc İLTİFATQIZI
Foto Anar KƏLBİYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı