Modern.az

Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib

Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib

27 Fevral 2020, 20:45

Bu gün Yaponiyanın Azərbaycandakı səfirliyində Əlahəzrət İmperator Naruhitonun doğum günü münasibətilə rəsmi qəbul keçirilib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, ziyafətdə Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, müxtəlif ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Ziyafətdə çıxış edən səfir Katori Teruyuki bildirib ki, ötən il Azərbaycan Yaponiya münasibətlərinin inkişafı üçün yaddaqalan olub: “Mən xoşbəxtəm ki, bu tarixi günü sizinlə birlikdə qeyd edirəm. 2019-cu ilin mayında vəliəhd şahzadə taxt-tacı yapon imperatorundan təhvil aldı. Yaponiya yeni eranı alqışladı. İmperatorun doğum günü fevralın 23-dir. Bugünkü ziyafət isə imperatorun doğum gününü qeyd etmək üçün təşkil olunub”.

O qeyd edib ki, Yaponiya bu yay Olimpiya oyunlarına ev sahibliyi edəcək: “Ümid edirəm ki, Azərbaycandan da çoxlu sayda idmançı Yaponiyaya səfər edəcək. Yaponiyaya səfər edən azərbaycanlılar yapon mədəniyyəti və təbiəti ilə tanış ola biləcək”.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də ziyafətdə çıxış edib. M.Babayev bildirib ki, Yaponiya və Azərbaycan arasında hər zaman dostluq və tərəfdaşlıq əlaqələri mövcud olub:

“Hazırda ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsinə zəmin yaradıb”.

O vurğulayıb ki, Azərbaycan və Yaponiya hər zaman beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verib: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllində Azərbaycanın mövqeyinə Yaponiyanın dəstəyi yüksək əhəmiyyət kəsb edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi