Modern.az

Televiziya mütəxəssisləri İTV-AzTV mübahisəsinə münasibət bildiriblər

Televiziya mütəxəssisləri İTV-AzTV mübahisəsinə münasibət bildiriblər

5 Yanvar 2010, 19:09

Modern.az-ın xəbər verdiyi kimi, İctimai Televiziya (İTV) ilə AzTV arasında ciddi narazılıq yaranıb. Narazılığa səbəb həftənin hər bazar günü səhər saat 8.00-dan 10.00-dək İctimai Televiziyada (İTV) yayımlanan “Ovqat” musiqili bədii-ədəbi verilişinin yanvarın 3-də elə eyni vaxtda, eyni formatda və eyni adda AzTV-nin efirində göstərilməsidir. AzTV-də yayımlanan “Ovqat”ı həmişə İTV-nin “Ovqatı”nda aparıcılıq edən və bu kanaldan işdən çıxan Səyyarə Səyyaf aparıb. İctimai Televiziya bəyan edib ki, AzTV bu addımı ilə müəllif hüquqlarını pozub. İTV bildirib ki, onun efirində populyarlıq və reytinq qazanan “Ovqat” verilişinin müəlliflik hüququ jurnalist Səyyarə Səyyafa deyil, televiziyaya məxsusdur.

Azərbaycanda televiziya sahəsü üzrə mütəxəssislər baş verən olaya münasibət bildiriblər.

Milli Teleradio Şurasının üzvü Qafar Cəbiyev:

“Söhbət müəllif hüququndan getdiyinə görə, bu, birbaşa Müəllif Hüquqları Agentliyinin araşdıracağı məsələdir. Bu məsələnin Milli Teleradio Şurasına (MTRŞ) heç bir aidiyyəti yoxdur. MTRŞ-nin televiziyaların yaradıcılıq fəaliyyətinə, onların proqram setkasına ümumiyyətlə müdaxilə etmək səlahiyyəti yoxdur. Yaradıcılıq fəaliyyəti yayımçıların daxili işidir. Burada kiminsə hüququ pozulursa və yaxud da layihəsi başqası tərəfindən mənimsənilirsə, artıq məsələ hüquqi müstəvidə həll olunmalıdır. “Ovqat” İctimai Televiziyanın ən reytinqli, cəmiyyət tərəvindən sevilən proqramlarındandır. Bu verilişin daimi tamaşaçılarından biri də mənəm. Təbii ki, bu sahəsdə baş verən prosesləri Teleradio Şurası olaraq izləyirik”.

 

Tanınmış telejurnalist Qulu Məhərrəmli: "

“Ovqat” proqramı İctimai Televiziyanın efirində məhşurlaşmış, özünə geniş tamaşaçı auditoriyası qazanmış baxımlı proqramlarından biridir. Azərbaycan Televiziyasının bu formatda proqram hazırlamasında bir qəbahət yoxdur. Sadəcə olaraq eyni ad, eyni format, üstəlik eyni aparıcının təqdimatında başqa bir kanalın verlişini hazırlamaq etik normalara uyğun deyil. Hesab edirəm ki, Dövlət televiziyasının qərar verən insanları biraz diqqətli olmalı idilər. Ən azından etik qaydaları gözləməli idilər. Bu yolverilməz və ümumiyyətlə qəbulolunmaz bir haldır. Ən azından bu kanallarda bir-birlərini tanıyan kifayət qədər insan var. Sözün açığı mən bunun mənasını dərk etməkdə çətinlik çəkirəm. Mən AzTV-dəkilərin yerində olsaydım belə bir addım atmağı özümə sığışdırmazdım. Mən bir faktı qeyd edim ki, həmin xanım “Xəzər” televiziyasına da müraciət etmişdi ki, eyni adda bu proqramı hazırlasın. Amma “Xəzər” televiziyası buna razılıq vermədi. AzTV düşünməli idi ki, buna yol vermək olar, ya yox. İctimai Televiziyanın “Ovqat” proqramı kimi brendlərindən biri mənimsənilirsə təbii ki, kəskin reaksiya verilməlidir. Amma mən bu məsələnin ətrafında o qədərdə səs-küy qaldırılmasının da tərafdarı deyiləm”.

 

Hüquqşünas Ələsgər Məmmədli:

“Yanvarın ilk günlərində televiziyanı açdığımda döğrusu cox təəccübləndim. Çünki, atrıq uzun illər İctimai Televiziyanın sevilən bir proqramının AzTV-də eyni aparıcının təqdimatında, eyni adda və eyni formatda  təqdim olunması kifayət qədər şaşırdıcı idi. Eyni zamanda, bir hüquq adamı kimi məsələyə yanaşdığımda bu, ciddi şəkildə müəllif hüquqlarının pozulması idi. Çünki, insanların digər mülkiyyətləri kimi əqli mülkiyyətləri də qorunur. Bu baxımdan həm “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda, həm də   Azərbaycanın ratifikasiya etdiyi “Bern Konvensiyası”nda müvafiq müddəalar var ki, müəllifin icazəsi olmadan onun yaratdığı bir veriliş və ya əsər başqası tərəfindən eyni adda eyni formatda mənimsənilə bilməz. Ona görədə hesab edirəm ki, Teleradio Şurası da bu məsələyə ciddi reaksiya verməlidir. Çünki, yayımçıların qanunvericilik çərçivəsində fəaliyyət göstərməsinə lisenziya verən qurum MTRŞ-dir. Eyni zamanda, bildiyim qədər “Ovqat” verilişi 2006-cı ildən İctimai Televiziyanın rəsmi şəkildə Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirdiyi mülkiyyətidir. Ona görə Müəllif Hüquqları Agentliyi dərhal  bu proqramın başqası tərəfindən mənimsənilməsinin qarşısını alan addım atmalıdır. Çünki, hüquqsuzluq olan yerdə anarxiya baş verər. Fərqi yoxdur hüquq pozuntusu kim tərəfindən, hansı məqsədlə olursa-olsun”.

 

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı:

“Bu birmənalı şəkildə İctimai Televiziyanın hüquqlarının pozulması deməkdir. Buna uyğun olaraq adekvat tədbir mütləq olmalıdır. Ola bilər ki, telekanallar arasında hüquqqi rzılaşma, tənzimləmə olsun. Əgər bu yoxdursa və İctimai Televiziya buna susursa, bu da yaxşı hal deyil. Çünki, bu, sonradan başka telekanallara da pis nümunə ola bilər. Ona görə də hesab edirəm ki, burada pozulmuş hüquq var və vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Yəni, İctimai Televiziya pozulan müəllif hüquqlarına görə ona dəyən zərəri tələb etməlidir. Ən azından haqq İctimai Televiziyanın tərəfindədir”.

Əflatun Amaşov:

“Əgər bir veriliş eyni formatda, eyni adda başqa bir kanalada verilirsə buna plagiyatlıq deyilir. Amma hesab edirəm ki, məsələni ətraflı öyrəndikdən sonra hansısa fikir söyləmək daha düzgün olardı”.

 

“Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu:

“Belə məsələlərdə müəllif hüquqları mütləq qorunmalıdır. Müəllif hüquqları əsasən hüquqi şəxslərə mənsubdur. Əgər bir təşkilat hansısa bir fiziki şəxsə müəyyən bir işi sifariş verirsə, burada müəllif hüququ hüquqi şəxsə mənsubdur, nəinki fiziki şəxsə. Təbii ki, burada qarşılıqlı razılaşma da ola bilər. Digər tərəfdən burada etik normalara hər kəs əməl etməlidir. Bir televiziyanın poraqramının olduğu kimi başqa bir televiziyada yayımlanmasına hüquq dilində piratçılıq deyilir. İstənilən halda bu hüquqi məsələdir və hüquq müstəvisində də həll olunmalıdır”. 

Hüquqşunas Aslan İsmayılov:

“AzTV-nin bu addımı qanunsuzdur. “Ovqat” proqramının müəlliflik hüququ İctimai Televiziyaya məxsus olduğu halda AzTV-nin eyni adda və eyni formatda belə bir verilişi efirə verməsi heç bir əndazəyə sığmır. Hesab edirəm ki, İctimai Televiziya AzTV-ni məhkəməyə verib öz müəlliflik hüququnu müdafiə etməlidir və dəymiş zərərə görə təzminat tələb etməlidir”.

Hüquqşunas Əlövsət Əliyev:

“Əgər İctimai Televiziya “Ovqat” verilişini Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiribsə, o zaman AzTV-nin bu addımı qanunsuzdur və məsələ məhkəmə yolu ilə həll olunmalıdır. İctimai Televiziya öz hüquqlarını bərpa etmək üçün müvafiq orqanlara müraciət etməlidir. Hər halda bu başqasına mənsub olan hüquqların mənimsənilməsidir. İctimai Televiziya sübut etsə ki, AzTV-də “Ovqat” verilişinin açılması nəticəsində onun tamaşaçılarının sayı neçə faizsə azalıb, bu zaman lazımı təzminatı da tələb edə bilər”.

  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub