Modern.az

Varlının sevdiyi, kasıbın qorxduğu yer - REPORTAJ

Varlının sevdiyi, kasıbın qorxduğu yer - REPORTAJ

13 Aprel 2012, 09:15

Ölkədə sürətlə artan böyük alış-veriş məkanlarına supermarketlərə münasibət birmənalı deyil
Son illər ölkədə insanların alış-veriş “menyüsü”nə yeni bir ad əlavə olunub - Supermarketlər.. Bakının və ölkənin iri şəhərlərində vüsət götürmüş supermarket şəbəkələri getdikcə populyarlaşır və əhalinin məişət həyatında öz yerini tutmaqdadır.    

Ənənəvi alış-veriş məkanları - bazarlar, yarmarkalar, kiçik dükanlar və küçə ticarəti get-gedə bu yeni “nəhəng”in qarşısında geri çəkilməkdədir. Yeni şəbəkə özü ilə bərabər ölkəyə yeni bir alış-veriş sistemi və kültürü də gətirir. Tər-təmiz, par-par yanan piştaxtalardakı bir südün 10 növünü, pendirin müxtəlif formasını bəlkə də yalnız supermarketlərdə görmək olar. Lakin bu çeşid bolluğunu görən hər kəsdə belə bir sual yaranır. Rəngbərəng və parlaq işıqları olan bu geniş mağazalar həqiqətənmi sivil ölkələrdə olduğu kimi, bizə də müasir ticari  mədəniyyəti gətirir? Belə şəbəkələrdə əhalinin bütün təbəqələri alver edə bilirmi?

Modern.az bununla bağlı hazırladığı yazda yeni sistemin bəzi cəhətlərini araşdırıb.

Elitar təbəqənin pul xərclədiyi məkan

“Gənclik” metrostansiyasının yaxınlığında yerləşən və böyük ticarət məkanlarından sayılan  “Bazar Store” böyüklüyü, mal çeşidlərinin çoxluğu ilə adamı lap çaşdırır. “Bazar Store”un administratorunun bizimlə söhbətindən bəli oldu ki, gün ərzində təxminən 1200 nəfərə yaxın müştəri buradan alver edir.
“Alıcılar hansı təbəqələr olur?”…
Deyəsən bu sualımız onun üçün bir qədər gözlənilməz oldu. “Biz onların hansı təbəqdən olduğunu dəqiq deyə bilmərik. Elə adam var ki, bir manatlıq bazarlıq edir, eləsi də var ki, 50 manatlıq. Bura deputat da, müğənni də gəlir. Bizim əsas işimiz keyfiyyəti, xidməti, yüksək səviyyədə təşkil etməkdən ibarətdir”-deyə administrator bildirir.

Hər bir ərzaq növünün çoxlu sayda çeşidləri olduğu və xüsusi gigeynik qaydalara əməl edildiyi supermarketdə, həmçinin qeyri-ərzaq malları – zinət əşyaları, kitablar satılır, axtarsın az qala “quş südü” də tapa bilərsən.

Amma qiymətlər və onların “yandırıb-yandırmadığını” sadə insanlar özlər daha yaxşı deyə bilərlər. Həmyerlimiz Əsmər Türkiyədə yaşayır. Azərbaycana qonaq gələn Əsmərlə elə supermarketin içində söhbət edirik. Əsmər deyir ki, onun üçün mağazadakı qiymətlər normaldır. “Bu market Türkiyədə olanlarla müqayisə olunacaq səviyyədədir. Ona görə də bura gəlməyi məqsədəuyğun bilirəm”.

Digər müsahibim Zemfira xanımla isə başqa bir supermarketdə “dəbdəbəli adı olan “Kontinental”da söhbətləşdik. Zemfira xanım yaxınlıqda yaşayır. Bu marketə gəlməsinin səbəbəbini həm evinə yaxın olması, həm qiymətlərin kiçik mağazalarla müqayisədə ucuz olması, bir də əlbəttə ki, rahatlığın, sərbəstliyin olması ilə izah etdi.

Alıcılardan fərqli olaraq “Azərsun Holdinq”in supermarketdə müştərilər arasında sorğu keçirən nümayəndəsi supermarketlərdə nadir hallarda alver etdiyini dedi. Adını çəkmək istəməyən nümayəndənin sözlərinə görə, belə böyük ticarət şəbəkələrində qiymətlər kiçik mağazalarla müqayisədə bir az yüksək olur. “Belə yerlərdə daha çox elit təbəqənin adamları pul xərcləyir”.   

“Supermarketə girməyə utanıram...”

Şəhər sakini Gülər xanım isə ticarət şəbəklərindən gen gəzənlərdəndir. “Supermarketlər ucuz olsaydı yarmarkaya niyə gedirdim? Biz də insanıq. İstəyirik ki, supermarketlərdən alver edənlər kimi rahat , ağır “sumka” sürümədən bazarlıq edək. Hərdən qızım zarafatla deyir ki, ana ordan “qorodskoylar” bazarlıq edir. Bizə elə bu yarmarkalar qalacaq”.
Pessimist mövqedir.      

Gülər xanım kimi supermarketlərə  getməyə ürək eləməyənlərdən biri də 45 yaşlı Sədaqət xanımdır. O deyir, ki heç vaxt bu marketlərə getməyib. “Sözün düzü utanmışam… Gedərəm nəsə alaram, üstündə qiymətini bilmərəm. Sonra da pulunu ödəyə bilməyib pərt olaram. Bu biri mağazalarda isə isə qiymətini soruşmaq olur. Yaxud deyə bilirsən ki, cibimdə olan 1 manatlıq düyü çəkin mənə… Balaca dükanlarda alver edəndə ürəyim rahat olur…”.

Nadir isə deyir ki, supermarketlər sistemi boş şeydir. “Qiymətləri qoyurlar dəvə belinə. Guya ki, kefiyyət var. Həyətimizdə satılan südlə hansı supermarket südü rəqabət apara bilər. Getməmişəm, getmərəm də”.  

“Bazar Store” marketinin satınalma şefi Əlövsət bəy isə bununla razı deyil. Onun sözlərinə görə, bütün malların qiyməti anketlə nəzərdən keçilir. Nəsə narazılıq olarsa, təcili tədbir görürürlər.

Mütəxəssis rəyi: “Spermarketlər hər cəhətdən kiçik mağazalardan üstündür”

Tacirlər  və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov da supermarketlərin hər cəhətdən kiçik mağazalardan üstün olduğu fikrindədir.  
”“Supermarket” dediyimiz mağazalarda ticarət qayda-qanunlarına daha çox əməl olunur. Təmizdirlər, vaxtlı-vaxtında tibbi müayinədən keçirlər, malların çeşidi, malların saxlanması qaydalarına riayət edirlər. O mağazaların qiymət siyasəti də balaca mağazaların qiymət siyasətindən üstündür. Yəni onlarda mal çeşidi çox olduğu üçün, malları böyük miqdarda gətirdiklərinə görə qiymət də o biri kiçik mağazalardan aşağıdır”-deyə o qeyd edir.  

S. Rəhmanovun sözlərinə görə, kiçik mağazalar adətən malı topdansatış bazalarından alırlar. “Mal “optovoy” adlanan 2-4 cü əldən keçdikcə malın üstünə qiymət gəlir. Böyük mağazalar isə  özləri  mal gətririrlər. Supermarket birdən-birə 10 ton şəkər tozu gətirir. Axı kiçik mağazanın buna gücü çatmaz. O dükançı gedib bir-iki kisə gətirəndə qiyməti böyük mağazadan baha olacaq. Bu mənada alıcıların imkanı, rahatlığı üçün əlbəttə böyük mağazaların olması vacibdir”.

Üstəlik bu marketlərdə istehlakçıların hüquqlarının pozulması kiçik mağazalara nisbətdə çox azdır”.

Sevgim Rəhmanovun proqnozlarının nikbinliyini qiymətləndirmək isə alıcıların öhdəsinə buraxırıq. Tacirlər Birliyinin rəhbəri hesab edir ki, yaxın gələcəkdə supermarketlər kiçik mağazaları, küçə ticarətini rəqabətdə üstələyəcək.

Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi