Modern.az

Tibb Universitetinin Klinikasında gördüklərimiz, eşitdiklərimiz... – REPORTAJ

Tibb Universitetinin Klinikasında gördüklərimiz, eşitdiklərimiz... – REPORTAJ

Reportaj

13 Aprel 2012, 11:30

Direktor Surxay Musayev: “Məsuliyyətsiz insanlardan həkim olmaz”  

“On bir gündur ki, burada qalıram, hələ on gün də qalmaq fikrim var. Mən bu klinikaya gələndə zorla yeriyirdim, amma indi elə yaxşıyam ki... Əla qulluq edirlər, doğru sözümdür, sağ olsun yaxşı həkimləri... Bəs niyə kamera ilə yox, fotoaparatla çəkirsiz? Kamera ilə çəkin,  balalarımız da baxsınlar ki, ataları yaxşıdır. Onlar məndən çox uzaqdadırlar, həm də kamera ilə buranın şəraitini daha da yaxşı göstərə bilərsiz”.
Fərmayıl dayı elə dayanmadan təkid edirdi ki, görüntüləri kamera ilə çəkək.


Onunla Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasında  tanış olduq. Gəlişimizin məqsədi fərqli idi. Fərmayıl dayı canını güvənli əllərə etibar etmək üçün bura gəlmişdi, biz isə klinikanın fəaliyyəti barədə reportaj hazırlamağa...

Klinikada  tələbə, müəllim, həkim, xəstə izdihamı yaşanırdı. Görüşəcəyimiz müsahibin başının qarışıq olduğunu növbədə dayanan xəstələrədən sezmək olurdu. Buna baxmayaraq, klinikanın direktoru, əməkdar elm xadimi, professor Surxay Musayev  bizə vaxt ayırıb, suallarımızı  cavablandırmağa razılaşdı. Əvvəlcə tibb ocağının yaradılma tarixi haqqında məlumat verdi:

- Azərbaycanda ilk olaraq, ölkə prezidentinin xüsusi sərəncamı ilə yaradılmış, Tibb Universitetinin Tədris-Terapevtik Klinikası 2010-cu il  oktyabrın 1-dən fəaliyyət göstərir. Burada tədris, elm, müalicə, təlim-tərbiyə, hamısı bir mərkəzdə yerləşdiyi üçün universitet kilinikası adlanır.




Klinikanın 6-cı mərtəbəsində terapevtik şöbələr, 3-cü  mərtəbəsində pediatriya şöbələri, 1-ci mərtəbəsində nevroloji, reanimasiya şöbələri, konsultativ-diaqnostik poliklinika, radioloji diaqnostika yerləşir. Klinika  Yaponiya, Almaniya və Koreya istehsalı olan müasir avadanlıqlarla təchiz olunub,  “elektron kilinika” kimi fəaliyyət göstərir.


Burada 3 proqramı birləşdirən bir sistem quraşdırılıb, yəni xəstəxananı, laboratoriyanı və bütün şüa diaqnostika cihazlarını idarə etmək sistemi.





Bütün cihazlar rəqəmsaldır. Surxay həkim söhbət əsnasında digər universitetlərlə olan əlaqələrdən və xaricə təhsil üçün gedən tələbələrdən də danışdı:

- Türkiyənin 15-dən çox universitetinin 30-40-dan çox klinikası, eyni zamanda Təbriz və Ərdəbil universitetləri ilə də əlaqələrimiz var. Bizim klinikaya hər gün təxminən 3 mindən çox tələbə gəlir, əsasən 3, 4, 5, 6-cı kurslarda oxuyanlardır, burada terapiya, nevrologiya və uşaq xəstəlikləri üzrə dərslər keçilir. Hər biri 80 nəfərdən ibarət olan 9 mühazirə zalımız, 70-dən çox tədris otaımız var. Bütün otaqlarımız  monitorlaşdırılıb və hamısında noutbuklar var. Kompüterlərimiz WI-FI sistemi ilə internetə qoşulub.

Burada tələbələr üçün yaradılan şərait Surxay Musayevi çox qane edir, baş həkimin danışığından hiss olunurdu ki, bugünkü tələbələrin bilik səviyyəsi ürəyincədir.

 - Bu gün oxumağa can atan tələbələr çox olsa da, təbii tənbəllərimiz də var. Düşünürəm ki, məsuliyyətsiz insanlardan həkim olmaz, insanın sağlamlığına cavabdeh olan həkim ancaq yaxşı olmalıdır, ortabab həkim, pis həkim xəstəyə yaxın getməməlidir, insanın taleyi ilə oynamamalıdır. Həkimlik həm müqəddəs, həm ciddi, həm də məsuliyyətli peşədir.


Bugünkü gəncliyi öz dövrü  ilə müqayisə edən baş həkim tələbəllik illərində yaşadığı çətinliklərdən də danışdı:

- Biz oxuyan dövrdə Anatomiya kitabı ayrı-ayrı vərəqlərədən ibarət idi. On vərəqi götürürdum, konspektləşdirirdim, axşam zəngləşirdik, mən onu qaytarırdım tələbə yoldaşıma, ondan novbəti 10 səhifəni alırdım. Beləliklə, 50 səhifə beş tələbənin əlində fırlanırdı, çətinliklər var idi. İndiki gənclikdə isə internet var, tələbə dünyaya çıxır. Dünyanın  harasında  ən yaxşı  Anatomiya kitabı varsa, onu da  əldə edir. Müasir zamanda dili, kompüteri bilmək çox lazımdır. Hər il keçirilən beynəlxalq konfranslarda, konqreslərdə, tələbələrimiz birinci yeri  tutaraq,  diplomlarla geri qayıdırlar.

Klinikada tələbələrə nəzəri biliklər öyrədilməklə yanaşı, praktik bilgilər də tətbiq olunur. Tibb ocağında Universitetin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə ABŞ-dan  gətirilən robot mulyajlar da var.



“Bu robotları kompüterə qoşursan, bir proqram verirsən, məsələn,  bronxial-astma. Həmin robot o vəziyyətə düşür, başlayır, göz bəbəkləri genəlməyə, sinəsi xırıldamağa, ürək vurğularının sayı artır. Tələbələr yığılırlar “xəstə”nin başına. Tələbə də çalışır ki, “xəstə”ni qaytarsın əvvəlki vəziyyətinə, əgər dərman seçimi, taktikası doğrudursa, xəstə  robotun vəziyyəti stabilləşir. Əgər tələbə bunu düzgün etmirsə, “xəstə” getdikcə boğulur və bəzən də ölüm hadisəsi baş verir. Bu tələbə üçün bir praktikadır”-deyə Surxay Musayev bildirir.

Klinikada tədris üçün 16 kafedra yerləşir, 300-dən artıq yüksək ixtisaslı həkim var. 30 tibb elmləri doktoru, professor, 200-ə yaxın elmlər namizədi, 9 əməkdar elm xadimi, 20-ə yaxın əməkdar həkim xəstələrin müalicəsi ilə məşğul olur. Yataq yeri 400 nəfərdən ibarət olan kilinikaya hər gun 200-250 xəstə müraciət edir.




“Xəstələrin stasionar şəraitdə yatmağı, yeməyi  dərmanı,  hamısını dövlət təmin edir, ancaq diaqnostika qismən ödənişlidir. Böyük Vətən Müharibəsi istirakçıları, Qarabağ əlilləri, şəhid  ailələləri, Tibb Universitetinin əməkdaşları və ailələri, tələbələr, həkimlər güzəştli şərtlərlə qəbul edilirlər”.

Surxay həkim televiziyalarda təbliğ olunan ara həkimləri, hər hansı bir “duayla” xəstənin sağaldılmasının mümkün olmağını təbliğ edən verilişlərə münasibət bildirdirərək qeyd etdi ki, insanlar ara həkimlərinə inanmasınlar, “dualarla” sağala bilən xəstəlik yoxdur.
Televiziyada reklam olunan dərmalara gəlincə isə onlardan istifadənin yolverilməz olduğunu da dedi.

“Dərmanları həkim yazmalıdır və bu yolla yazılan dərmanlar  qəbul oluna bilər, o cümlədən uşaq qidalarını da təbliğ etmək olmaz, pediatrlar ana südünü məsləhət görməlidirlər”.

Günümüzdə xəstəliklərin artmasını ekoloji şəraitin mənfi təsirləri ilə əlaqələndirən baş həkim daha sonra dedi:
“Bu gun onkoloji xəstəliklər artır. Bu xəstəliyin artmasında çox səbələr var, urək-qan damar sisteminin xəstəlikləri, beyinə qan sizmalar artır. Hər il 58-60 milyon insan dünyasını dəyişir, bunların da təxminən 35 milyonu həyat tərzi xəstəliklərindən  əziyyət çəkənlər, ekoloji  təsirlərə məruz qalanlardır”.

”Gələcəkdə genetik laboratoriyalar açmağı planlaşdırırıq” deyən direktor xüsusilə vurğuladı:
- Bu gün Azərbaycanda genetik, irsən ötürülən xəstəliklər çoxdur. Burada qohum nikahları çox böyuk rol oynayır. Bu il ərzində biz bu laboratoriyanı açacağıq...

Baş həkimlə söhbəti yekunlaşdırıb klinikanı gəzdik... Çox müasir tibb ocağıdır. Ümid edək ki, gələcəkdə bu cür klinikaların sayı artacaq və bu,  ümumilikdə səhiyyəmizin inkişafına təkan verəcək. Tibbi xidmətin həm keyfiyyəti yüksələcək, həm də insanların cibinə uyğun müayinə-müalicə təklif olunacaq...

Nihadə Eyyubova
Fotomüxbir Elçin  Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır