Modern.az

“İnsanları tamaşadan çox onların səhhəti maraqlandırır” – Teatrlar isə bilet satır

“İnsanları tamaşadan çox onların səhhəti maraqlandırır” – Teatrlar isə bilet satır

3 Mart 2020, 16:11

Ötən gün Nazirlər Kabinetinin qərarı ilə koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldı.

 

Onu da qeyd edək ki, bir neçə gün sonra 4, 5, 6, 7 və 8 mart 2020-ci il tarixlərində Heydər Əliyev Sarayında keçiriləcək və böyük maraqla gözlənilən "Bu Şəhərdə"-nin “CanaVar” adlı konserti də təxirə salınıb.

 

Maraqlıdır, ölkə ərazisində bu kimi kütləvi tədbir kimi tamaşa və konsertlər də təxirə salına bilər? Ümumiyyətlə tamaşalar üçün satılan biletlərin sayında azalma var?

 

Modern.az bu suala cavab tapmaq üçün paytaxtda fəaliyyət göstərən teatrlara müraciət edib:

 

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin katibi Pərvin Nurəliyeva virus səbəbi ilə biletlərin satışının aşağı düşdüyünü deyib:

 

“Məktəblər bağlandığı üçün bilet satışında azalma müşahidə edilir. Amma teatr həmişəki kimi öz qaydasında tamaşaları izləyicilərinə təqdim edəcək. Hələ ki, tamaşalarımızın təxirə salınması ilə bağlı göstəriş verilməyib, əgər belə hal olsa, hamı kimi bizdə də karantin elan olunar”.

 

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı tamaşaların təxirə salınmasının gözlənilən olduğunu deyir:

 

“Tamaşaların təxirə salınması ilə bağlı hələ ki, hər hansısa söhbət getmir. Mart  üçün ilk tamaşmız ayın 6-sı olacaq. Əgər növbəti günlərdə təxirəsalınma məsələsi olsa, məmtbuata məlumat verəcəyik. Düzdür hələ ki, belə söhbət yoxdur, amma tamaşaların təxirə salınması məsələsi gözləniləndir”.

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mətbuat xidmətindən bildirilib ki, teatrda dezinfeksiya işləri görülür, lakin karantinlə bağlı göstəriş verilməyib:

 

“Mədəniyyət Nazirliyindən hələ ki, tamaşaların təxirə salınması ilə bağlı xəbər gəlməyib. Repertuarımıza uyğun olaraq tamaşaların ardıcılllığı davam edəcək. Gigiyena məsələlərinə qaldıqda isə uşaqlarla işlədiyimiz üçün biz həmişə təmizliyə önəm vermişik. Əgər kütləvi şəkildə karantin olsa, təbii ki, bunu biz də tətbiq edəcəyik. Bizdə tamaşalar adətən həftə sonları təşkil olunduğu üçün biletlərin satışında azalma müşahidə etməmişik. Lakin azalmanın olacağı labüddür. Çünki insanları tamaşadan çox onların səhhəti maraqlandırır. Təhsil müəssisələrinin də bağlandığı üçün yəqin ki, balaca tamaşaçılarımızı teatrda daha az görəcəyik”.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova biletlərin satışında azalmanın olmadığını deyib:

 

“Mədəniyyət Nazirliyi göstəriş vermədiyi üçün hələ ki, heç bir tamaşa təxirə salınmayıb. Tamaşalarımız həmişəki ki, öz qaydasında yayımlanacaq. Biletlərin satışına gəldikdə isə kəskin fərq yoxdur, yəni həmişəki qaydada biletlər satılır”.

 

Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə bildirib ki, nazirliyin tabeliyində olan qurum və müəssiələrin hər birinə lazımi dezinfeksiya işlərinin görülməsi ilə bağlı müvafiq tapşırıq verilib. Lakin teatrlarda kütləvi tədbirlərin keçirilmədiyi üçün tamaşaların təxirə salınmayacağını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi