Modern.az

Bakıda ən çox hansı janrda kitablar oxunur? - SORĞU

Bakıda ən çox hansı janrda kitablar oxunur? - SORĞU

Ədəbi̇yyat

3 Mart 2020, 16:26

Viktor Hüqonun belə bir fikri var, “Kitabı müəllif,onun aqibətini isə cəmiyyət yaradır”.

Doğurdan da, kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rol oynayan əsas amillərdən biridir. Kitabların insanlara verdiyi töhfələr onun satış qiymətindən qat-qat üstündür. Bir çox insan “bir kitab oxudum və həyatım dəyişdi və ya mənə çox təsir etdi” - deyə bilirsə, elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir.

 

Maraqlıdır bəs, Azərbaycan oxucusu hansı janrda olan kitablara üstünlük verir ? Kitab mağazalarında hansı janrda olan kitablar satılır ? Yerli yoxsa, xarici yazarların kitablarına maraq daha yüksəkdir?

 

Məsələ ilə bağlı Modern.az a danışan “Libraff” mağazalar şəbəkəsinin PR meneceri Sərxan Rüstəmov biznes, şəxsi inkişaf və motivasiya tipli əsərlərin oxucalar tərəfindən daha böyük maraqla qarşılandığını bildirib:

 

“Əslində kitablara maraq oxuculara görə dəyişir. Bu oxucunun yaşına görə, statusuna görə fərqli olur. 25 yaşa qədər gənclər arasında əsasən daha çox sevgi romanları, dedektiv əsərlər üstünlük təşkil edir. Amma universitet, iş həyatında olan gənclər daha çox öz işləri, sahələri ilə bağlı kitabları sevirlər. Yaş həddi yüksək olan orta və yaşlı təbəqə daha çox klassiklərə, “best sellər” kitablara maraq göstərirlər. Əslində Azərbaycan üçün götürsək üstünlük dedektiv və sevgi janrında olan xarici yazarların romanlarınadır. Sırf  “Libraff” mağazalarında “ilk onluq” siyahıda ən azı 6-7 kitab xarici müəlliflərin əsərləri olur. Amma yerli müəlliflər arasında da yaxşı satılan, onluğa düşən müəlliflər olur. Yəni bu da müəllifə görə dəyişir”. 

 

 

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və “milli kitab” mükafatının təsisçisi Nigar Köçərli psixologiya və elmi janrlarda olan kitabların daha çox satıldığını deyir:

 

“Hələ ki, xarici yazaların kitablarına maraq göstərilir.Əslində isə bu belə olmamalıdır. Belə ki , hər bir ölkədə məhz bu ölkənin yerli yazıçılarına üstünlük verilməlidir.Təəssüflər olsun ki, ölkəmizdə daha çox xarici kitablar oxunur.  Bu kitablar arasında daha çox psixologiya və elmi janrlarda yazılan kitablar populyardır”.

 

Keçirdiyimiz sorğuya əsasən kitabsevərlərin oxuduğu janr və kitablar bir-birindən fərqləndi:

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc jurnalist Ulucay Akif son zamanlar psixoloji romanlara üstünlük verdiyini deyir:

jurnalistika sahəsinin içində olduğum və gün boyu sosial şəbəkələrdən çoxlu sayda müxtəlif mətnlər oxuduğum üçün  beynim həddindən artıq yüklənir. Oxuduğum bu mətnlər arasında lazımsız, faydasız mətnlər də olur ki, bu da oxumağa həvəsi azaldır. Ona görə də mütaliə üçün kitab seçəndə daha çox əhvalımı və yorğunluq dərəcəmi nəzərə alıram. Son vaxtlar fəlsəfi kitablardan qaçıram, psixologiya ilə bağlı kitablara, psixoloji romanlara üstünlük verirəm. Ən çox xoşuma gələn əsərlər isə novella və macəra janrında yazılmış əsərlərdir. Maraqlı hadisələrlə dolu və gözlənilməz sonluq ilə bitən əsərlərdir. Son oxuduğum əsərlərdən indi yadıma gələn də Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı ilə Edqar Kerretin hekayələridir.

 

Kitab oxumağı sevən jurnalistika fakültəsinin məzunu Rauf Ramin isə psixoloji dramları sevdiyini bildirib:

 

“Psixoloji dramlar həmişə mənə maraqlı gəlib. Yaxşı yazılmış psixoloji dramın süjet xətti istər-istəməz adamı oxumağa vadar eləyir. klassik ədəbiyyatın bəzi nümunələri çox əladır. Əsas səbəb də həmin dövrün elementlərini və təfəkkürünü əks etdirməsidir. Bioqrafik və avtobioqrafik əsərləri xüsusilə sevirəm, çünki real faktlara əsaslanırlar. Təbii ki, antiutopiyanı da unuda bilmirəm. Ələlxüsus da bu janrda olan əsər hansısa real faktları özündə ehtiva edirsə, daha da mükəmməlləşir. 1950-1990-cı illər aralığındakı postmodern ədəbiyyatı oxumaqdan həmişə zövq almışam. Sərbəstliyi və ifadə tərzi də mühüm burda amildir. Mənə görə ən vacib janr isə elmi ədəbiyyatdır, çünki yaxşı yazılmış elmi əsərin təsir gücü ilə həm özündə, həm də başqalarında çox şeyi dəyişmək mümkündü. Amma ümumi "Azərbaycan oxucusu" üzərindən dəyərləndirsəm, bizdə ən çox oxunan kitablar, heç şübhəsiz, detektiv və romantik ədəbiyyatdır. Yəqin ki, bu insanların daim nəyəsə təəccüblənmək və sevmək istədiyinə görədir. Təəssüf ki, mənim bu janrlarla aram yoxdu. ancaq heç oxumamaqdansa, bu da pis deyil”.                                                                   

 

Nərgiz ƏZİZ

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı