Modern.az

Koçaryanın 4 hərbçimizi şəhid edən AVANTÜRASI

Koçaryanın 4 hərbçimizi şəhid edən AVANTÜRASI

4 Mart 2020, 13:27

12 il əvvəl Ermənistan atəşkəs haqqında Bişkek protokolunu kobudcasına pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdi.

Modern.az xatırladır ki, 2008-ci il martın 4-ü gecə saatlarında işğal altındakı keçmiş Ağdərə rayonunun Göyarx kəndi yaxınlığında ermənilərin kəşfiyyat-diversiya qrupu ordumuzun üzbəüz mövqelərini ələ keçirməyə cəhd göstərmişdi.

 

Martın 4-ü saat 15:00-a qədər davam edən intensiv döyüşlər zamanı 4 Azərbaycan hərbçisi: İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki), Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki), Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala) və Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı) şəhid olub.

Müdafiə Nazirliyi rəsmi məlumatında 12 erməni hərbçisinin məhv edildiyini, 15 nəfərin isə yaralandığını bildirmişdi.

 

Ermənistanın o zamankı prezidenti Robert Koçaryan isə insident zamanı 2 hərbçisinin yaralanmasını təsdiqləşmişdi.

“Hərbçilərimizdən 1-i əlindən güllə yarası alıb, digəri isə minaya düşərək ayağını itirib. Düşünürəm ki, biz insidenti unuda və təmas xəttində sakitliyi bərpa edə bilərik”-deyə o açıqlama vermişdi.

 

Hadisədən 3 gün öncə, 2008-ci il martın 1-də Yerevanda prezident seçkilərinin nəticəsinə etiraz edən kütləyə güc tətbiq olunmuşdu. Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifətçilərin polislə toqquşması zamanı 8 etirazçı, 2 hərbçi ölmüşdü. Artıq 2 müddət prezidentlik səlahiyyətlərini icra etmiş Robert Koçaryan hakimiyyəti “Qarabağ klan”ından olayı həmkarı Serj Sarkisyana ötürmək üçün bu zorakılığı tətbiq etmişdi.

İctimai qəzəbi daxili proseslərdən, hakimiyyətin qəsbindən yayındırmaq üçün Robert Koçaryan məhz təmas xəttində süni gərginlik yaratmağa üstünlük vermişdi. Bu süni təxribat, avantüra isə 4 hərbçimizin ölümü və 1994-cü ildən bəri nisbətən stabilləşən atəşkəs rejiminin kəskin pisləşməsinə yol açmışdı.  

 

Amma Robert Koçaryan bu cinayətlərinə görə məsuliyyətdən yaxa qurtara bilmədi. O artıq 1 il 8 aydır ki, 200-ci ilin 1 mart hadisələrinə görə həbsdə saxlanılır və yaxın vaxtlarda mühakimə olunacaq.

 

  

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi