Modern.az

Metrostansiyalarda ən çox bu üç yazıçının kitabı satılırmış... -SORĞU

Metrostansiyalarda ən çox bu üç yazıçının kitabı satılırmış... -SORĞU

14 Aprel 2012, 10:41


Son illər müasir Azərbaycan ədəbiyyatında  müxtəlif janrlarda əsərlər yazılır, dünya ədəbiyyatından seçmələr tərcümə olunur. Kütləvi şəkildə oxucuların ixtiyarına verilən bu əsərlər arasından detektiv janrı daha çox oxunur. Bu janra xəfiyyə ədəbiyyatı da deyirlər. Maraqlıdır, detektiv janrı niyə daha çox oxucu auditoriyası qazana bilib?

Detektiv janrı nədir? Detektiv janrı və ya xəfiyyə ədəbiyyatı - bədii ədəbiyyatın bir növüdür və faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından, xəfiyyələrin (dedektivlərin) macəralarından bəhs edir. Dedektiv ədəbiyyatda konflikt, əsasən də ədalətin qanunsuzluqla toqquşması üzərində qurulur.

Modern.az saytının əməkdaşı Bakı Metropoliteninin stansiyalarında ən çox satılan kitablarla maraqlanıb. Sorğunun nəticələri detektiv janrı ədəbiyyatın çox satıldığını deməyə əsas verir.

“Gənclik” metrostansiyasının hər  iki çıxışında ümumi 5 kitab satılan yer var. Satıcıların hamısı ilə danışıb fikirlərini öyrəndik. Amma cavablar demək olar ki, eyni oldu. Daha çox satılan kitablar Elxan Elatlı, Varis və Çingiz Abdullayevin kitablarıdır.
Satıcı Həsən Abdullayev bildirdi ki, Elxan Elatlının kitablarını daha çox alırlar. Həm də alan şəxs bir neçə gündən sonra “onun yeni kitabı varmı” deyə sual verir. Elxan Elatlının satışa gətirilən kitablarını elə bir neçə gün ərzində alırlar.
Digər bir satıcı Alim Hacıyev də eyni fikiri dedi və başqa janrda yazılan kitablar gətirəndə sata bilmədiyini söylədi. Dedi ki, alıcılar ən çox Elxan Elatlı və Varisin kitablarını tələb edir.
Maraqlıdır ki, satıcı Çingiz Abdullayevin Azərbaycan dilində olan kitablarını sata bilmədiklərini də söylədi. Amma yazıçının rus dilində olan kitabları həmişə satılır.
Bu kitab satılan stolun sahibi ən çox satılan kitablar haqda danışmaq istəmədi. Burada Elxan Elatlının romanlarının sıra ilə düzüldüyünü gördük. Elə bu da bir cavab idi. 

Metronun digər stansiyasına üz tutduq. Amma burada da cavablar eyni oldu. “28 may” metrostansiyasında 3 kitab satılan yerdə satıcılarla danışdıq. Ən çox satılan  Elaxan Elatlının, Varisin və Çingiz Abdullayevin kitablarıymış. Elxan Elatlının ən çox alnan  kitabı sonunci əsəri - “Ələkeçməz yaquar” romanıdır. Satıcı Mirzə Mirzəyev dedi ki, oxucular tez-tez yaxınlaşıb Elxan Elatlının yeni bir romanın olub-olmadığını soruşurlar. Bu 3 kitab satılan yerdən birində daha çox Çingiz Abdullayevin kitablarının satıldığını öyrəndik, amma digər ikisində isə Elxan Elatlının və Varisin kitablaının satıldığını dedilər.

“Sahil” metrostansiyasında da olduq. Hər iki çıxışdakı kitab köşklərindən ən çox satılan kitablarla maraqlandıq. Məlum oldu ki, bura da Elxan Elatlı və Çingiz Abdullayevin romanlarına tələbat çoxdur. Xəyal İbişov adlı satıcı dedi ki, Elxan Elatlı və Çingiz Abdulayevin kitablarının satışı demək olar ki, eyni səviyyədədir. Onlardan sonra da Varisin kitabları daha çox satılır.

“Nərimanov” stansiyasının hər iki çıxışında satılan kitablarla maraqlandıq. Burada da vəziyyət eyni olaraq qalır. Daha çox Elxan Elatlının kitablarını alırlar. Ramil Babayev adlı bir satıcı Çingiz Abdullayevin Azərbaycan dilində olan kitablarının zəif tərcümə olunmasından narazılıq etdi. Dedi ki, Çingiz Abdullayevin Azərbaycan dilində olan kitabını alan oxucu ikinci dəfə belə etmir.

“Elmlər Akademiyası”
metrostansiyasında 3 kitab satılan yerə baş çəkdik, ən çox satılan kitablarla maraqlandıq. Satıcılar ən çox dünya ədəbiyyatından olan kitabların satıldığını söylədilər. Eyni zamanda Elxan Elatlı və Varisin kitablarına da tələbatın olduğunu bildirdilər.

“Nizami” metrostansiyasındakı kitab mağazalarından da ən çox alınan kitabların Elxan Elatlı və Varisin romanları olduğunu vurğuladılar.

“20 Yanvar”, “İnşaatçılar”, “İçərişəhər”, “Neftçilər”, “Qara Qarayev”, “Xalqlar dostluğu”   stansiyalarında da vəziyyət eyni cür idi. Ən çox satılan kitablar Elxan Elatlının əsərləridiir.

12-ə yaxın metrostansiyanın keçidlərindəki kitab köşklərində apardığımız sorğu nəticəsində daha çox Elxan Elatlının kitablarının satıldığını öyrəndik.  Növbəti sorğu məkanımız şəhərimizin kitab dükanları olacaq. Bəlkə orada fərqli bir nəticələrlə rastlaşdıq...

Könül Səid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir