Modern.az

Rəsulzadənin məzarından eşidilən İNİLTİ

Rəsulzadənin məzarından eşidilən İNİLTİ

6 Mart 2020, 09:36

Bu gün böyük azərbaycanlı, Azərbaycan  Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

 

O, yeniyetmə yaşlarından ta ömrünün sonuna qədər yalnız bir amal uğrunda vuruşub – Azərbaycan və azərbaycançılıq!!!

 

Elə dünyasını dəyişəndə də  (1955-ci il, 6 mart) 3 dəfə “Azərbaycan” deyərək, gözlərini əbədi yumub. Lakin onun Azərbaycan sevgisi bununla da bitməyib. Rəsulzadənin Azərbaycan sevgisini özündə əks etdirən bir mistik hadisəni xatırlamaq yerinə düşərdi:

 

- 1955-ci il, 6 mart tarixi, gecə saat, saat 11-ə 10 dəqiqə qalır...

 

Bu zaman ayrılıq və xəstəliyin əldən saldığı zəif bir vücud sahibi üç dəfə “Azərbaycan! Azərbaycan! Azərbaycan!” deyərək dünyasını dəyişir.

 

Hər aldığı nəfəsi belə, Azərbaycanın adına bağlayan bir dahi həmin gecə üç dəfə  "Azərbaycan" deyərək dünyadan köçür.

 

Bu gün həmin tarixdən 65  il ötür. 1955 –ci ilin 6 mart tarixində üç dəfə söylənilən “Azərbaycan” kəlməsi 65  ildir ki, yol gəlir. Və yol gedə-gedə də özünün müdhiş funksiyasını yerinə yetirir.

 

Ömrünün son illərində də Rəsulzadə üzücü xəstəliyə baxmayaraq öz müqəddəs vətəndaşlıq  missiyasını layiqincə yerinə yetirməkdədir...  Baxmayaraq ki, bu missiya ondan hər şeyi almışdı. Anası Maral xanım acından, xanımı  Ümbülbanu isə ürəyi partlayaraq ölmüşdü. Oğlu Rəsul 21 yaşında ikən güllələnmiş, qızı Lətifə soyuqdan donaraq ölmüş, digər qızı isə itkin düşmüşdü. Bu dəhşətlərin hamısı məhz, bu ali missiyanın naminə edilirdi ki,  Rəsulzadə də ömrünün sonuna qədər ona sadiq qalmaqla əsl dahi mərtəbəsinə yiyələnmişdi.

 

Ömrünün son illərində “Azadlıq” radiosunda etdiyi tarixi çıxış.

 

Ötən əsrin 50-ci illəri… Artıq qoca Məhəmməd Əmin tək döyüşməkdən yorulub. Polyak xanımı Vanda və çiyin dostlarından başqa heç kimi düşündürmür. Hətta öləndə belə onun məzar başına getməyə qorxurlar. Ankaranın Əsri qəbristanlığındakı bu məzar belə kimlər üçünsə ləkəli idi. Amma Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublunun danışdığı bir əhvalat bu məzarın belə,nə qədər Azərbaycan fədaisi olmasına əyani sübutdur:

 

"Ankaradan çıxan günü Əsri məzarıstanlığına - Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı.

 

- Kecən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi:

 Qəribə heyrət icində qocadan soruşdum:

 

- Siz kecən il yanvarın neçəsində olmuşdunuz burada?

 

Qoca dedi:

 

- Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şikayətli bir inilti səsi eşidilirdi.

Qoca bu sozləri deyib çıxıb getdi. Mən isə acı bir həqiqətin ağrısına bürünərək Ankaranın Əsri məzarıstanlığında, onun qəbri yanında donub qalmışdım. Və dərdli-dərdli düşünürdüm: Demək ayın 20-si günü o qanlı yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə rahatlıq tapmamısan. İgid oğullarımız düşmən gulləsinə nahaqdan hədəf tutulanda dozə bilməyib soyuq məzarda inildəmisən. Qeyrətli cavanlarımız al qan içində çırpınanda, analar ağu deyib fəryad qoparanda dayana bilməmisən, ağlayıb şikayətlənmisən”.

 

 P.S. Bu gün Rəsulzadənin anım  günüdür. Və… Rəsulzadənin məzarının bu axşam sirli, parlaq və fəxarət dolu işıqla əhatələnəcəyinə şəxsən mənim heç bir şübhəm yoxdur…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi