Modern.az

Qapının ağzındakı adam

Qapının ağzındakı adam

Ədəbi̇yyat

9 Mart 2020, 13:28

Osman Fərmanoğlu

(Fraqmentlər)

İşıqforda üç işıq yanır: qırmızı işıq-- dayan, sarı işıq-- hazırlaş, yaşıl işıq—gedə bilərsən. 1978- ci ildə “Azərbaycan” jurnalının rəngi sarı idi. Elə bil xəbərdarlıq edirdi ki, yolunda qırmızı işıq yananlar hazırlaşın... Və çap olunmaq arzusu ilə alışıb yananlar bu sarı rəngli jurnalın pərvanəsinə çevrildilər.
Onlardan biri də mən idim... Şeirlərimi götürüb getdim hamının getdiyi yerə. Məni şair Qabil qarşıladı.

--Nə istəyirsən?—deyə acıqla soruşdu.

--Şeir gətirmişəm,--bu acığın qarşısında ümidsiz dilləndim.

Şeirlərimə bir başdan-ayağa, bir ayaqdan –başa baxıb:

--Bir aydan sonra gələrsən,--söylədi.

Bilənlər, bəxtin gətirməyib kaş şeirlərini Fikrət Qocaya verəydin, dedilər.

Bir ay keçdi... Cavabı öyrənməyə Avdı Qoşqarla getmişdim. Qabil müəllim adımı soruşdu və
--Bəyənilmədi,- söylədi.

Pərt halda çölə çıxdım, şeirlərə baxdım, misraların, bəndlərin sonunda karandaşla müxtəlif işarələr qoymuşdu. Əksəri nida işarəsi idi. Avdı işarələrə baxıb zarafat da elədi. Aşağı düşüb, bağın tinindəki köşkdən yazıpozan aldım, işarələri pozub, yenidən redaksiyaya qayıtdım. Şeirləri bu dəfə Fikrət Qocaya verdim.

-- Bir həftədən sonra əlaqə saxla,- dedi.

Heç bir həftə də çəkmədi və tələbə yoldaşlarımdan kimsə Fikrət Qoca dedi ki, bir məni görsün,- söylədi.

Redaksiyaya gəldim,Fikrət müəllim şeirlərimdən birini—“Bir dəli ağlamaq keçir könlümdən” şeirimi özümə qaytardı, kitabında verərsən,--dedi.

Altı şeirimi götürdü, yaxın nömrələrin birində gedəcəyinə məni əmin etdi, təcili bir şəklini və kiçik tərcümeyi—halını gətir, söylədi.

Qapının ağzından səs gəldi:

--Onlar lazım deyil, daha şəkil verilməyəcək...

Sözü deyən ortaboylu, cavan bir oğlan idi... Fikrət müəllim:

--Əkrəm Əylislidir, --dedi,--redaktorumuz...

Gözümə şəkilmi görünürdü...Heç Əkrəm müəllimə də fikir vermədim.

İki aydan sonra şeirlərim jurnalın yeddinci nömrəsində dərc edildi, deyilənə görə “Akvarium balıqları” şeirim senzuradan keçməmişdi, bu misralara görə:

İnsan kimi yaşamağa
Haqqı ola-ola,
Akvarium balığına dönənləri
Düşünürəm, qardaş!

Və Əkrəm Əylislini ilk dəfə belə gördüm. Düzdür onunla Sadığın timsalında çoxdan tanış idim. Kəndlərimiz balaca olsa da, hər kənddə bir kitabxana vardı. Kitabxanadan aldığım kitablardan biri də 1970 -ci ildə çıxan “Adamlar və ağaclar”kitabı idi. Kitabda üç povest var idi. Sadığın nəğməkar bibisinə qoşulub, Sadıqla bərabər çölü dolaşır, adamlarla, ağaclarla söhbət edirdim, amma tənha narın nağılı məni çəkmirdi, bizim kəndimizdə nar bitmirdi... Müküşün becərdiyi sarı xiyarları göz önündə canlandırırdım, Sadıqla bir yatır, bir oyanırdım.

xxx

Bir haşiyə çıxım... 1977- ci ilin yanvarı idi. Dərnək rəhbərimiz Tofiq Qəhrəmanov (Tanrı ona rəhmət eləsin) dedi ki, Zahid Xəlil onu görməyini istəyir. Sən demə, Zahid müəllim “Gənc Müəllim” qəzetinin redaksiyasına gəlmiş, bizim şeirlərimizlə tanış olmuşdur. Yanına getdim. Məni redaksiyaya gətirdi və redaksiyadaca “Uğurlu yol” yazdı... Şeirlərimdən birini seçdi və bunu “Azərbaycan” jurnalında Musa Yaquba ver, -dedi.Şeiri Musa müəllimə verdim, çalışaram yaxın nömrələrin birində getsin,--söylədi.
Sən saydığını say... Musa Yaqub İsmayıllıya “Zəhmətkeş”qəzetinə redaktor göndərildi, şeirin dərc olunma işığı söndü...

xxx

O vaxtdan “Azərbaycan” jurnalında bir neçə dəfə şeirlərim getdi. Rəhmətlik Mürşüd Məmmədov jurnalda gedən məqaləsində mənim də şeirimdən danışmış, təqdir etmiş, şeirimdən nümunə vermişdi.1984-cü ildə redaksiyaya verdiyim şeirləri özümə qaytardılar. Əkrəm müəllimin dərkənarı ilə... “Bu ki maraqlı oğlan idi, buna nə oldu”?

Bu illərdə Əkrəm müəllimin yaradıcılıq fəaliyyəti də diqqəti cəlb edirdi. “Kür qırağının meşələri”ni yazmışdı, “Söyüdlərin sarı işığı”nı yazmışdı. Bizim uşaqların, xüsusən də,qızların bu povesti necə acgözlüklə oxuduqlarının şahidi olmuşam. “İşığını əsirgəmə” povesti başdan –ayağa işıq idi. Zülmət səltənətini tam işıqlandıra bilməsə də...

Anar Yazıçılar İttifaqına sədr seçiləndə özünə bir neçə katib götürdü. Onlardan biri Əkrəm Əylisli idi.
Bir qədər şuluq adam olan Əylisli Bakıya ilk gəlişində küçələr boyu düzülən “başı qırxıq” kolları sevmədiyi kimi, katiblik kreslosuna da alışa bilmədi. Bir də vəzifəcə özündən böyüklərə yaltaqlananların hərəkətləri onu usandırmağa başladı...

Əkrəm müəllim Süleyman Rüstəm haqqında danışarkən, Süleyman müəllim 37-dən cüvəllağılığı üzündən salamat çıxıb, -demişdi. Özü şuluq olsa da, cüvəllağılığı qəbul edə bilmədi...

xxx

Yaltaqlar Əkrəm Əylislinin ətrafında düşmən hasarı çəkdilər. Get-gedə hasarın daşlarını artırdılar.
Əkrəm Əylislinin əlindən tutub yıxılmağa qoymadıqları, onu uçruma itələdilər... Uf da demədən.
2004-cü ildə qəzetlərdə səhifə aparan dostlardan biri məndən bir qəzet səhifəsi yazı istədi.

-- M. İsmayıldan yazsam olarmı?

--Yox.

--Əkrəm Əylislidən yazsam ?

--Nə danışırsan? Verməzlər...

Sərvaz Hüseynoğlu:

--Məmməd İsmayıldan yaz mən verərəm.

Yazdım, “Sarı sim” qəzetində könül xoşluğu ilə çap elədi “Əsriyin əsirlikdə olan oğlu “ (Ə.Əylisli) haqqında olan yazını...

Əkrəm deputat da oldu... Susa bilmədi. Sonra da seçilmədi. Hamı itaətkar olanı xoşlayır.

xxx

Azərbaycan türkcəsinin gözəlliyini duymaq üçün Əkrəm müəllimii oxumaq kifayətdir. Sözün bütün çalarlarından onun qədər ustalıqla istifadə eləyən ikinci yazıçı tapmaq çətindir. Əkrəm müəllim yazılarının birində “sağıcı” sözünə etiraz edir, doğru da eləyir. Heyvan sağına gəlirsə, onu sağan da “sağınçı” olmalıdır, əkin əkən “əkinçi” olduğu kimi.

xxx

Əkrəm müəllimin bir əsəri var: “Şeytan mələyi”, 1989-cu ildə yazılıb, səhnələşdirilib. Özü, pyesdə ən çox özümə gülmüşəm,--deyir, amma gülüş hədəfi çox böyükdür, yun parça toz yığan kimi, bu hədəflər də düşmənçilik toxumu yayırlar. Hər addımda tələ quranların cəmiyyətində yaşamaq necə çətndir, Tanrım.
Hamının səndən nəsə umduğu bir vaxtda Səfəralı demiş: “Gətir görək şəhərdən dayına nə gətirmişsən?”

xxx

Son illərdə “Xalq diplomatiyası” məsələsini ortaya atdılar və bizimkilər o tərəfə, ermənilər bu tərəfə gəlməli oldular. Polad Bülbüloğlu dədə-baba yurduna getdi... Misir Mərdanov dədəsinin xaraba qalmış evini görəndə ağladı... Kim dedi, kim demədi, gah Mirzə Cəlili, gah Yusif Səmədoğlunu, Rafiq Tağını yuxuda görən Əkrəm müəllim də “Xalq diplomatiyası”nda payı olsun deyə,
“Daş yuxular” görməyə başladı. Amma elə ağır yatdı ki, oyananda təzyiqlər qarşısında özünün xərcləndiyini, düşmən elan olunduğunu gördü... Daş yuxuda daş-qalaq olundu... İşığını əsirgəmə deyən kişinin işığını kəsdilər. Bir filmdə deyildiyi kimi, “Siz deyin, onu bağışlamaq olmazmı?” Yoxsa, evində elə qapının ağzında qalsın?

Mart, 2020.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir