Modern.az

“Əmanətlərin dollara çevrilməsi indi daha risklidir”

“Əmanətlərin dollara çevrilməsi indi daha risklidir”

13 Mart 2020, 10:43

“Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. V.Qasımlı banklardan kənarda nağd pulun (M0) 9,3 milyard manat olduğunu da vurğulayıb:

 

“Hazırda banklardan kənarda nağd pul 9,3 milyard manatdır. Hər ay Azərbaycan əhalisi adambaşına orta hesabla 300 manat, ümumilikdə, aylıq 3 milyard manat istehlak xərclərini həyata keçirir. Bu hesabla banklarda valyuta mübadiləsi etmək üçün manatla potensial yığım məhduddur. Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaqdır. Çünki əhalinin aylıq xərcləri nağd pul kütləsinin 1/3-i qədərdir. Yəni nağd manatın bir hissəsi cari istehlakı təmin etmək üçün əhaliyə lazımdır və həmin vəsaitin dollara çevrilməsinə zərurət yoxdur. Bu həftə ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən üç valyuta hərracında orta hesabla 700 milyon dollar vəsait banklara satılıb. Özü də hər növbəti hərracda özündən əvvəlkinə nisbətən daha az valyuta tələbi olub. Bu o deməkdir ki, gələn həftələrdə, xüsusən Novruz bayramı alış-verişlərinin də manatla olacağını nəzərə alsaq, manatın dollara çevrilməsi tezliyi səngiyəcək”. 

 

 

 V.Qasımılı əmanətlərin dollara çevrilməsinin itki ilə nəticələndiyini qeyd edib:

 

“Manatla əmanətlərin dollara çevrilməsi bir tərəfdən əmanət faizləri arasındakı fərq, digər tərəfdən isə konvertasiya xərclərinə görə orta hesabla 10 faizə qədər vəsait itkisi deməkdir. Rasional seçim nəzəriyyəsinə görə, manatla əmanətlərin dollara çevrilməsi indi daha risklidir və əhali buna könülsüzdür. Başqa tərəfdən, 2014-cü ildə manatla depozitlər 9 milyard dollardan artıq bir dəyərə malik olduğu halda, hazırda bu göstərici 5,1 milyard dollar ekvivalentindədir. Manatla depozitlərin dollarlaşma təzyiqi də hazırda 2014-cü illə müqayisədə dəfələrlə azalıb. Əvəzində sərbəst dönərli valyuta ilə depozitlər bu ilin yanvarında 10,6 milyard manata  çatmaqla, 2014-cü ildəki göstəricidən 2,6 dəfə çoxdur. Sərbəst dönərli valyutada depozitlərin artması valyuta bazarına təzyiqi azaldan bir haldır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır