Modern.az

Koronavirus Azərbaycanda ən çox bu sahəyə ziyan vurub

Koronavirus Azərbaycanda ən çox bu sahəyə ziyan vurub

13 Mart 2020, 13:14

Martın 11-də pandemiya elan edilən koronavirus dünya iqtisadiyyatına da ziyan vurmaqda davam edir.

Artıq 127 ölkədə aşkarlanan virusun bu qədər sürətlə yayılması ölkələrin iqtisadi perspektivlərinə və maliyyə bazarlarının fəaliyyətinə ciddi zərbədir.

 

Bəs Azərbaycanda koronavirusun vurduğu real ziyan nə qədərdir? Ölkədə virusun daha çox yayılması hansı sahələrdə zərərlə müşahidə oluna bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov mövcud iqtisadi ziyanın təhsil sahəsində olduğunu deyib:

“Koronavirusun tibbi-nöqteyi nəzərdən yayılmasını proqnozlaşdırmaq çətindir. Çünki hələlik bizdə elə də geniş yayılmayıb. Amma İtaliya hətta restoranları bağlayıb. Orada vəziyyət çox pisdir. Bizdə isə yalnız təhsil müəssisələri bağlanıb. Bunun özü artıq iqtisadi geriləmədir. Təhsil müəssisələri bağlanıbsa, ən azı dərs deməyən müəllimlərə maaş verilir. Biz müəllimlərə deyə bilmərik ki, dərs yoxdur, sizə pul vermirik”.

 

Natiq Cəfərli isə məhsulların idxal və ixracında azalmanı ciddi iqtisadi problem hesab edir:

“Real olaraq görünən ziyanlardan biri sərhədlərin bağlanması məsələsidir ki, mal və məhsulların mübadiləsinin zəifləməsinə səbəb olub. İstər İrandan, istər Çindən və digər ölkələrdən gələn məhsulların həcmi və çeşidinin azalması gözlənilir və bu da bazarda müəyyən dərəcədə gərginliyə səbəb ola, qiymət artımına və inflyasiyanın sürətlənməsinə təkan verə bilər”.

 

N.Cəfərli ziyanın turizm sahəsində daha çox müşahidə olunacağını bildirib:

“Həm koronovirus, həm də digər siyasi-iqtisadi səbəblərdən neftin qiymətinin düşməsi Azərbaycana, təbii ki, ciddi iqtisadi fəsadlar törədir. Amma ən çox ziyan, əlbəttə ki, turizmə dəyəcək. Novruz bayramı öncəsi turizm obyektləri həmişə hazırlıq görürdülər. Bu dövrdə İrandan təxminən 20-25 min qonaq gəlirdi. İndi, demək olar ki, sıfıra enib. Həm İranla sərhədlər bağlıdır, həm aviareyslər təxirə salınıb. Özü də söhbət təkcə İrandan getmir. Ümumiyyətlə, dünyada insanların səfər etməyə həvəsi ölüb. İnsanlar səfər etmək istəmir və səfər etmək istəmədiyindən, təbii ki, Azərbaycana da gəlməyəcəklər”.

 

Ekspert onu da vurğulayıb ki, turizmə dəyən ziyanın qarşısını almaq üçün bu sahəyə dəstək olunmalıdır:

“Hökumət turizmlə, turizm şirkətləri ilə bağlı müəyyən təşviqedici addımlar atmalıdır. Rəsmi olaraq 23 min Azərbaycan vətəndaşı bu sahədə çalışır. Turizm şirkətlərinə müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Ən azından ilin sonuna qədər vergilərdən azad olunması ilə bağlı qərar olsa, bu onların ayaqda qalmasına yardımçı ola bilər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir