Modern.az

Prezidentin mətbəx iradı rezonans doğurdu - RƏYLƏR

Prezidentin mətbəx iradı rezonans doğurdu - RƏYLƏR

18 Aprel 2012, 11:01

İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı zamanı televiziya kanallarının yayımladığı verilişlərə toxunaraq bəzi tənqidlər səsləndirib. Prezident deyib ki, televiziya kanallarımızın hamısı indi mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim etdirlər və bu xaricdən gələn bir meyildir. Prezident onu da qeyd edib ki,  televiziya verilişlərində göstərilən reseptlər və yeməklərin bişirilmə qaydalarının insanların sağlamlığına mənfi təsir göstərməməsinin tərəfdarıdır.

İlham Əliyev sözlərinə əlavə edib ki, belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir.

”Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər”-deyə Prezident bildirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli Prezidentin fikirləri ilə razılaşdığını deyir: “ Bir müddət öncə mən bu barədə danışmışdım. Çox düzgün səsləndirilən iraddır. Bu gün yemək sağlamlığı yoxdur. İnsanların  90 faiz ətlərdən asılıdır. Televiziyalarda da sağlam ərzaq, sağlam qida təbliğ olunmalıdır. Bu verilişlər əhalinin sağlamlığına xidmət etməlidir”.

Müstəqil media eksperti Zeynal Məmmədli də televiziyalarda yayımlanan yemək verilişlərinin bu gün sağlam qidanı təbliğ etməməsi ilə bağlı iradla razıdır: “Ümumiyyətlə televiziyalar insan sağlamlığına ciddi diqqət yetirməlidir. O qədər yemək verilişindən danışırlar, amma bu qidalar içərisində hansı sağlam qidadır, buna məhəl qoymurlar. Qidanın dadlı olması ilə faydalı olması  arasında ucurum yaranmamalıdır. Tək onunu dadlı olması vacib deyil, həmçinin onun faydalı olması da mütləqdir. Eyni zamanda bu iradın  hansı televiziyalara aid edilməsi də vacibdir. Niyə bu İctimai Televiziyaya aid edilmir. Faydalı informasiya vermək əvəzinə, eyni verilişləri təkrar edirlər”.

Müstəqil media eksperti Qulu Məhərrəmli isə belə hesab edir ki, bu gün mətbəx verilişlərinin keyfiyyəti ilə bağlı disskusiya açmaq o qədər də akyual deyil. Onun sözlərinə görə, bu verilişlərin kommersiya, əyləncə tərəfi var və baxımlı verilişlər sırasındadır :
“Aktual olan bütövlükdə televiziyanın özünün süjetidir. Televiziya öz süfrəsində tamaşaçıya hansı verilişləri təklif edir? Niyə bu gün daha çox mətbəx verilişləri verilir? Çünki ümumiyyətlə bu gün televiziyalarımızın veriliş süfrəsi kasaddır. Televiziyalar cəmiyyəti ifadə edə bilmir. Maraqlı disskusiyalar, araşdırmalar, müəllif proqramları yoxdur. Ona görə də əlavə veriliş kimi bundan istifadə edirlər. Bu gün bütövləkdə televiziyaların veriliş kasadlığından danışmalıyıq. Hesab edirəm ki, bir veriliş ki prezident tərəfindən  tənqid edilir, bu, artıq televiziyaların böhranının açıq şəkildə göstərir”.

Məsələ ilə bağlı televiziyalardan münasibət öyrənmək mümkün olmadı.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir